Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:34

Nazarbayev təmizə çıxmaq üçün qalmaqallı miniseriala 5 milyon dollar ödəyib


Nursultan Nazarbayev "Qazax: Altun adamın tarixçəsi" filmində
Nursultan Nazarbayev "Qazax: Altun adamın tarixçəsi" filmində

Müstəqil araşdırma nəticəsində Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəzarətində olan fondun 2021-ci ildə avtoritar liderin imicini təmizə çıxarmaq məqsədilə çəkilən sənədli filmə, azı, 5 milyon dollar xərclədiyi üzə çıxıb.

"Qazaq: History Of The Golden Man" (Qazax: Altun adamın tarixçəsi) adlı sənədli filmin prodüseri kremlyönlü rejissor İqor Lopatonokdur. Film ünlü, ancaq ziddiyyətli amerikalı kinorejissor Oliver Stounun (Oliver Stone) Nazarbayev ilə uzun müsahibəsi əsasında hazırlanıb. Stoun daha öncə Rusiya prezidenti Vladimir Putin, Kuba lideri Fidel Kastro və Venesuela lideri Huqo Çavez haqqında da sənədli filmlər çəkib.

Nazarbayev 30 il boyunca Qazaxıstanı dəmir yumruqla yönəldib. Filmdə o öz uşaqlığından, siyasi karyerasından, Sovet İttifaqının dağılmasından və Qazaxıstanın müstəqil dövlət kimi formalaşmasından söz açır.

Kino biliciləri filmi tənqid ediblər

AzadlıqRadiosu qazax xidmətinin hazırladığı materialda deyilir ki, sənədli filmi bir çox kino bilicisi tənqidə tutub. Onlardan biri filmi Nazarbayevin şəxsiyyətinə pərəstiş kultunun bir hissəsi olan "haqioqrafik mədhiyyə" adlandırıb ("haqioqrafik" deyərkən, orta əsrlərdə məşhur olan, din böyüklərinin, özünü dinə həsr edən insanların həyatının anladıldığı ədəbi əsərlərdən söhbət gedir. Sonradan bu ad eynihədəfli ekran əsərlərinə də aid edilib -red.).

Sözügedən sənədli film 2021-ci ildə həm 8 bölümlü miniserial, həm də tammetrajlı film biçimində buraxılıb. Bu ekran əsəri üzərində iş 2019-cu ildə başlanıb. O zaman Nazarbayev prezidentlikdən getsə də, hələ Qazaxıstanın həyatında böyük siyasi gücü vardı.

Araşdırmaçı jurnalistlərin qlobal şəbəkəsi olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) və Qazaxıstanda fəaliyyət göstərən vlast.kz media qurumunun martın 5-də dərc edilən hesabatında filmin hazırlanmasında Nazarbayevin şəxsən iştirak etdiyi bildirilir. Hesabatın başlığı belədir: "Nazarbayevdən Lukaşenkoyadək: Hollivud diktatorların xidmətində".

"Nazarbayev vaxtaşırı filmə düzəliş edir, öz imicini yaxşılaşdırmağa çalışırdı", - çəkiliş qrupunun bir üzvü OCCRP-yə belə söyləyib.

Hesabat üzərində işləyən araşdırmaçılar filmin son versiyasından Nazarbayevin razı qaldığını deyirlər.

Araşdırma nəticələrinə görə…

2010-cu ildə - Nazarbayev hakimiyyətdə ikən, qurulan və qızı Dariğa Nazarbayevanın rəhbərlik etdiyi Nazarbayev Fondu Lopatonok və Stouna, ən azı, 5 milyon dollar ödəyib.

Lopatonok ilə Stoun daha öncə bu layihədə Qazaxıstan hökumətinin hər hansı iştirakı olduğunu danmışdılar.

İstər Nazarbayev, istərsə qızı araşdırmaçı jurnalistlərin açıqlama vermək barədə xahişini cavabsız qoyublar.

Lopatonok OCCRP və "Vlast"a müsahibə verməyə razılaşsa da, ötən ay götürülən videomüsahibə zamanı jurnalistlər onun filmlərinin necə maliyyələşdirilməsinə dair suallar verəndə çox qəzəblənib.

"Biz sizi şəxsən izləyəcəyik. Biz sizi tanıyırıq. Biz sizin mənbələrinizi təqib edəcəyik. Biz sizi, sizin nüfuzunuzu məhv edəcəyik", - Lopatonok jurnalistləri bu sözlərlə hədələyib.

Lopatonok 2021-ci ildə AzadlıqRadiosu müxbirinin Nazarbayev haqda çəkilən sənədli filmin maliyyə qaynağı haqda sualına cavab verməkdən boyun qaçıraraq bu radio "xarici agent" olduğundan şərh verməyəcəyini demişdi.

Rusiyanın "xarici agent" qanunu xaricdən maliyyə dəstəyi alan hökumət tənqidçilərini damğalamaq və cəzalandırmaq üçün istifadə edilən alətdir.

Oliver Stoun (solda) və İqor Lopatonok (sağda) Nursultan Nazarbayev haqqında filmə həsr olunmuş mətbuat konfransında
Oliver Stoun (solda) və İqor Lopatonok (sağda) Nursultan Nazarbayev haqqında filmə həsr olunmuş mətbuat konfransında

Sələflə xələf arasında çəkişmə?

Nazarbayev haqda sənədli film Qazaxıstanın dövlət televiziyasında yalnız bir dəfə - 2021-ci ilin dekabrında göstərilib.

Ardınca – yanvarda neftlə zəngin Qazaxıstanda ölkə boyunca qanlı iğtişaş baş qaldırdı. On minlərlə insan keçmiş prezident Nazarbayev və onun mirası kimi gördükləri sosial ədalətsizlik və iqtisadi bərabərsizliyə, korrupsiya və şəxsiyyətə pərəstişə etiraz etmək üçün küçələrə axışdı.

Həmin nümayişlər zorakı hal aldığı zaman hökumət qurumları, azı, 238 nəfərin öldürüldüyünü bildirib. Həyatını itirən etirazçıların çoxunu dövlət güvənlik xidmətləri öldürüb. Yanacağın bahalaşmasına qarşı dinc nümayiş kimi başladılan etirazlar insanların iqtisadi tələbləri ilə bağlı idi.

Ancaq bir çox Qazaxıstan vətəndaşı bu zorakılığın baş verməsində Nazarbayevin yaxın çevrəsi ilə onun özünün hakimiyyətə gətirdiyi xələfi - Kasım-Jomart Tokayev arasındakı güc mübarizəsinin əsas rol oynadığına inanır.

Bu etirazların ardınca Tokayevin hökuməti Nazarbayev, onun ailəsi və yaxın adamlarını siyasət və biznesdən kənarlaşdırdı. Nazarbayevin bir neçə qohumu hazırda həbsxanadadır.

"Sülalə hakimiyyəti" dövründə Azərbaycanın "uğurları"

Araşdırma Lopatonokun o zamandan bəri başqa avtoritar liderlər haqda da belə filmlər çəkməyə çalışdığını üzə çıxarıb. Onların arasında Azərbaycan prezidenti İlham Əliyev və Belarus lideri Aleksandr Lukaşenko da var.

"[Qazaxıstanda çəkilən] film Lopatonoka digər diktatorlara yaxınlaşma qaydasını öyrətmiş ola bilər: diktatorlar, yaxud onlara yaxın adamlar maliyyəni təmin edir, o da ulduzla [Oliver Stounla] müsahibə də daxil, istehsal dəyəri yüksək olan mədhiyyə hazırlayır", - hesabat müəlliflərinin sözləridir.

Araşdırmaçıların əldə etdiyi sənədlər göstərir ki, Əliyev ailəsinin "sülalə hakimiyyəti" dövründə Azərbaycanın "uğurları" da Stounun müsahibəsi üçün təklif edilən mövzular arasında olub.

2003-cü ildə hakimiyyəti atasından təhvil alan oğul Əliyev opponentlərini sıxması, vətəndaş azadlıqlarını ciddi ölçüdə məhdudlaşdırması və öz ailəsini zənginləşdirmək üçün siyasi hakimiyyəti istismar etməsi ilə tanınır. Onun həyat yoldaşı Azərbaycanın vitse-prezidentidir.

Oliver Stoun (sağda) Moskvada Kremldə "Ukrayna gerçəkləri" sənədli filmi üçün Rusiya prezidenti Vladimir Putindən müsahibə alır.
Oliver Stoun (sağda) Moskvada Kremldə "Ukrayna gerçəkləri" sənədli filmi üçün Rusiya prezidenti Vladimir Putindən müsahibə alır.

Lopatonok Əliyevə müraciətində planlaşdırılan filmin prezident və Azərbaycanın nüfuzuna "unikal" müsbət təsir göstərəcəyini yazıb. O əlavə edib ki, Əliyev haqda film 15 milyon dollara başa gələcək. Əliyevin bu təkliflərə cavab verib-vermədiyi bilinmir.

Ancaq Lopatonok Lukaşenko haqda sənədli filmin çəkilişlərinə artıq başlayıb. Çəkilişlər Belarusun müxtəlif yerlərində, o cümlədən Lukaşenkonun böyüdüyü evdə aparılıb. Bu məkanların hər birində Lukaşenkodan müsahibə alınmalıdır. Ancaq Rusiyanın Ukraynaya müdaxiləsindən sonra film üzərində işə ara verilib.

Lopatonokun 56 yaşı var. O, Ukraynanın şərqində doğulub. 2008-ci ildə ABŞ-a köçüb və orada Hollivudda az tanınan "Grading Dimension Picture" adlı şirkət qurub. Lopatonok ABŞ vətəndaşlığı əldə edəndən bəri tez-tez qatı kremlyönlü mövqe bildirib.

Lopatonokun Stounla ilk dəfə necə tanış olması bilinmir

Ancaq onlar Ukrayna haqda iki film üzərində birgə çalışıblar: 2016-cı ildə "Ukraine On Fire" (Ukrayna od içində) və 2019-cu ildə "Revealing Ukraine" (Ukrayna gerçəkləri) filmi çəkilib.

Bu sənədli filmlərdə 2014-cü ildə rusiyayönlü prezident Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən Avromaydan inqilabına moskvayanlı baxış dilə gətirilir.

Dörd dəfə "Oskar" mükafatına layiq görülmüş 77 yaşlı Stoun da yetərincə ziddiyyətli rejissordur. Onun 2017-ci ildə çəkdiyi "The Putin Interviews" (Putin müsahibələri) adlı işi "The New York Times" "yaltaq" və Rusiya liderinə qarşı "utancverici dərəcədə səxavətli" film adlandırıb.

Venesuelanın ziddiyyətli lideri Çavez ilə Stounun dostluğu və onu dəstəkləməsi də tənqid olunur.

XS
SM
MD
LG