Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:38

'Bir vedrə' qızılı oğurlamaqda suçlanan azadlığa buraxıldı


Qızıl
Qızıl

Bir il əvvələ qədər nəqliyyat nazirinin müşaviri olan Çingiz Baxşıyevin 800 min manatlıq qızıl-brilyantının oğurlanması ilə bağlı məhkəmə yekunlaşıb. Sabiq nazir müşavirinin var-dövlətini ələ keçirməkdə suçlanan qohumu Rövşən Əhmədova bəraət verilərək, məhkəmə zalından azadlığa buraxılıb. Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu haqda hökm çıxarılıb.

İttihama görə, Ç.Baxşıyev üç ayrı bağlamada (qatıq vedrəsi, çay qabı) olan qızıl-brilyantı saxlamağa Rövşən Əhmədova verib. Amma geri qaytarılanda zinət əşyalarının bir hissəsi əskik olub.

***Buna da bax-Heydər Əliyevin yubileyinə görə buraxılmış qızıl pulları kim oğurlayıb?

Baxşıyevlə Əhmədovun anaları xalaqızıdır. R.Əhmədov uzun illər nazirlikdə onun yanında çalışmaqla yanaşı, həm də şəxsi işlərini görüb. Ona görə daim Baxşıyevgilin evinə gedib-gəlib.

«PUL PROBLEMLƏRİ YARANMIŞDI»

R.Əhmədov deyir ki, o, bundan əvvəl də Baxşıyevin 20-30 milyonlarla avrosunu, funt-sterlinqini saxlayıb. Əgər oğurlayan olsaydı, elə onları mənimsəyərdi. Yaxud da hazırda Baxşıyevin həyat yoldaşının mülkiyyətində olan Salyandakı klinika əvvəl onun adına olub. İstəsəydi, klinikanın Dostuxanım Baxşıyevanın adına keçirməzdi.

Qızıllara gəlincə, R.Əhmədov bildirib ki, 2016-cı ilin fevralında qızının toyu olacaqdı, evə gəl-gedi nəzərə alaraq, onları aparıb sahibinə qaytarmaq istəyib. Fevralın 2-də Ç.Baxşıyevgilin evinə çatanda sabiq nazir müşaviri deyib ki, aparıb bağlamaları qızı Fatmagilə versin. O da aparıb, amma Fatma evdə olmadığından bağlamaları Baxşıyevin kürəkəni Ayaza verib. Üstündən təxminən iki aya qədər vaxt keçəndən sonra - martın 29-da Ç.Baxşıyev onu çağırıb ki, qızılların bir hissəsi yoxdur:

***Buna da bax-'Qatıq vedrəsinə, çaydana yığıb üç bağlama qızıl-brilyantı...'

«Dedikləri kimi, bağlamalar yüngül idisə, bunu iki aydan sonra niyə deyirdilər? Çingiz Baxşıyev getsin qızından, kürəkənindən soruşsun ki, qızıllar hanı? O dövrdə ailələrində söz-söhbət vardı. Baxşıyevin oğlu Avstriyada yaşayır. Ziya Məmmədovun oğlu orada böyük kredit götürmüşdü. Qaytarmırdı, bunlar pis vəziyyətdə qalmışdı. Bunların özlərinin də orada paltar mağazaları vardı. Bütün bunlarla əlaqədar pul problemləri yaranmışdı. İndi mənim üstümə atırlar».

Hökmdən əvvəl prokuror çıxış edərək, Rövşən Əhmədova verilmiş mənimsəmə ittihamının sübuta yetirildiyini bildirib və ona 10 il həbs cəzası istəyib.

«ÖZ AİLƏSİNİN PROBLEMİDİR»

R.Əhmədovun vəkili Adəm Məmmədov isə ona bəraət verilməsini istəyib. Bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs heç kimin əmlakını mənimsəməyib. Vəkilin sözlərinə görə, baş verənlər Ç.Baxşıyevin öz ailəsi daxilində olan problemdir: «Çingiz Baxşıyev bu məsələni öz ailəsi daxilində həll etsəydi, daha yaxşı olardı. Rövşən Əhmədova verilən ittiham absurddur. Rövşən Əhmədovun cinayət törətməsi sübuta yetməyib. Müvəkkilimin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirəm».

Təqsirləndirilən şəxsin digər vəkili Ülkər Yusifova da müdafiə çıxışında Əhmədova bəraət verilməsini istəyib: «Bu cinayət işində müəmmalı məqamlar çoxdur. Zərərçəkmiş Baxşıyev qızılların siyahısını doğru-düzgün təqdim etməyib. Çingiz Baxşıyev istintaqda qızıllarla bağlı dəfələrlə ziddiyyətli ifadələr verib. Rövşən Əhmədova ittiham Çingiz Baxşıyevin ehtimalları əsasında verilib. Məhkəmə hökm çıxararkən ehtimallara əsaslana bilməz».

Ardınca R.Əhmədov məhkəmədə son sözünü deyib. Onun son sözü qısa olub: «Mənim heç bir günahım yoxdur. Mən qızılların hamısını Çingiz Baxşıyevin öz göstərişilə qızıgilə aparıb, orada kürəkəninə vermişəm».

R.Əhmədov məhkəmədə ifadə verərkən demişdi ki, o, Ç.Baxşıyevin İrandan ət ticarəti adı altında narkotik gətirilməsi əməliyyatında iştirakdan boyun qaçırdığına görə indi onu şərləyirlər.

Ç.Baxşıyev isə narkotik suçlamasının yalan olduğunu bildirir. Deyir ki, R.Əhmədov özünə haqq qazandırmaq üçün bunları uyduraraq ona böhtan atır.

XS
SM
MD
LG