Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:42

Neft Fondu böyük zərər edib


ARDNF
ARDNF

2022-ci ilin əvvəllərindən özəlliklə geosiyasi hadisələr iqtisadi proseslərə də təsirsiz ötüşməyib. Xüsusilə maliyyə bazarları bu təsirlərə ən çox məruz qalan sahələrdən biridir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin ilk yarısı ilə bağlı açıqladığı göstəricilərdən məlum olur ki, bu təsirlər Fonddan da yan ötməyib.

Dövlət Neft Fondunun investisiya portfelinin təxminən 80 faizi səhm və istiqrazlardan ibarətdir. Fondun açıqladığı rəqəmlərə görə, maliyyə bazarlarında baş verən dalğalanmalar nəticəsində Fondun bu tip aktivlərinin bazar dəyəri 3 milyard 434 milyon manat, yəni təxminən 2 milyard dollar azalıb.

Valyutalar da ucuzlaşır

Fondun investisiya etdiyi qiymətli kağızlarla yanaşı, sahib olduğu valyutaların da dəyərində ucuzlaşma baş verib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı olaraq daha 1 milyard 793 milyon manat (1 milyard 54 milyard dollar) itki də qeydə alınıb. Beləcə, qiymətli kağızların və valyutaların dəyər itirməsi nəticəsində Fondun investisiya portfelindəki dəyər itkisi 5 milyard 227 milyon manata, yəni, 3 milyard 75 milyon dollara bərabər olub.

Fondun ilin ilk rübü ilə bağlı açıqladığı hesabata görə, Neft Fondunun 45.2 milyard dollarlıq investisiya portfelinin 70 faizi dollarda, 19.5 faizi avroda, 4.8 faizi funt-sterlinqdə, 1.3 faizi Çin yuanında, 1.1 faizi yapon yenində, 0.6 faizi Avstraliya dollarında, 0.4 faizi türk lirəsində, 0.3 faizi isə rus rublunda saxlanır. Bu baxımdan, xüsusilə Fondun investisiya portfelində ikinci ən yüksək paya sahib avronu qeyd etmək lazımdır. Çünki bu valyuta ilin əvvəlindən ucuzlaşmaqdadır. Bu baxımdan, avronun zəifləməsinin də Neft Fondunun investisiya portfelindəki itkiyə təsir etdiyini deyə bilərik.

Qızıl portfeli

Fondun investisiyaları həm də qızıl formasında saxlanılır. 2022-ci il ərzində Fondun qızıl portfeli də dəyər itirib. Fondun sahib olduğu qızılların dəyəri birinci rübün sonunda 6 milyard 287 milyard dollar olduğu halda, ikinci rübün yekununda 5 milyard 944 milyard dollara enib. Yəni, Fondun qızıl qiymətlərinin enməsindən itkisi 343 milyon dollar olub.

Fondun açıqladığı göstəricilərə görə, hazırda qurumun aktivlərinin 6.5 faizi daşınmaz əmlak formasında saxlanılır. 2022-ci ilin 1 iyul tarixinə Fondun sahib olduğu daşınmaz əmlakların dəyəri 2 milyard 945 milyon dollara yüksəlib. Bu o deməkdir ki, son üç ay ərzində Fondun daşınmaz əmlaklarının dəyəri 94 milyon dollar artıb.

Fond azalmanın müvəqqəti olduğunu bildirib

Neft Fondu investisiya portfelindəki itkilərin müvəqqəti olduğunu bildirib. Fondun açıqlamasında bildirilir ki, qlobal iqtisadi artımda olduqca ciddi yavaşlama, inkişaf etmiş ölkələrdə son 40 ilin ən yüksək qiymət artımının qeydə alınması, geosiyasi böhranın daha da dərinləşməsi, habelə pandemiyasonrası təchizat zəncirindəki qırılmaların hələ də davam etməsi qlobal maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub. Bu vəziyyətdə qiymətli kağızlar bazarında mühüm indekslər geriləyib, səhmlər ucuzlaşıb, əksər valyutalar ABŞ dollarına nəzərən dəyərdən düşüb.

Qeyd edilən dəyişikliklər, böyük investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi, ARDNF-in də investisiya portfelində dəyər itkisinə səbəb olub.

İnvestisiya portfeli azalsa da, aktivlər artıb

Dövlət Neft Fondunun açıqladığı rəqəmlərdə diqqətçəkən daha bir məqam Fondun investisiya portfelinin azalmasına baxmayaraq, ümumi aktivlərinin dəyərinin artmasıdır. İlk 6 ay ərzində Fondun aktivlərinin dəyəri 0.63 faiz və ya 282 milyon dollar artıb. Hazırda Neft Fondunun aktivlərinin toplam dəyəri 45 milyard 307 milyon dollara bərabərdir. Aktivlərin artmasına ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlərin kəskin artması, əvəzində büdcə xərclərinin azalması səbəb olub. 2022-ci ilin ilk yarım ilində Fondun neft və qaz sazişlərindən gəlirləri 10 milyard 370 milyard manat olub. Fond həmin müddət ərzində dövlət büdcəsinə 4 milyard 648 milyon manat transfer gerçəkləşdirib.

XS
SM
MD
LG