Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Azərbaycan neftə göz dikib, neft isə azalır: Hökumət nə etməli...


Bakı yaxınlığında Xəzər dənizində neft buruqları
Bakı yaxınlığında Xəzər dənizində neft buruqları

Azərbaycanın neft gəlirləri azalmaqdadır. Bu il ölkənin neft satışından toplam 5 milyard dollar qazanacağı proqnozlaşdırılır. Ötən il bu göstərici 6 milyarddan bir qədər çox olub.

Yaxın illərdə neft gəlirinin bir az da azalacağı gözlənilir. Bu, hasilatın düşməsi ilə izah edilir.

Son illər hökumət rəsmiləri Azərbaycanda neftdənkənar ixracdakı yüksək artımlardan tez-tez danışırlar. Amma rəqəmlər fərqli mənzərə yaradır. Dövlət Gömrük Komitəsinin 2024-cü ilin ilk dörd ayı ilə bağlı açıqladığı göstəricilərdən bəlli olur ki, son bir ildə Azərbaycanın qeyri-neft ixracı 239 milyon dollar və ya 22 faiz azalıb.

Belə olan halda hökumət nə etməli?

Məzahir Əfəndiyev
Məzahir Əfəndiyev

"Azərbaycan iqtisadiyyatı "ağardıldıqca"..."

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a bildirib ki, prosesin büdcəyə də təsiri var: "Neft hasilatı azalır və bu, büdcəyə təsir edir. Keçən il dövlət büdcəsi hazırlanan zaman gördük ki, neftdən gələn gəlir 2 milyard manata yaxın azalır".

O vurğulayıb ki, Azərbaycanda son 10 ildə prioritet hesab olunan istiqamətlərdən biri də qeyri-neft sahəsinin inkişaf etdirilməsidir: "Bu sahədə də Azərbaycanda nəzərəçarpacaq inkişaf müşahidə olunur. Neftdən nəzərdə tutulmuş gəlirlər, - hansı ki, dövlət büdcəsinin möhkəmlənməsinə xidmət göstərirdi - qeyri-neft sektorundan gələn gəlirlər ilə kompensasiya olunur".

M.Əfəndiyevin sözlərinə görə, kompensasiya ilə yanaşı, dövlətin iqtisadi siyasətinin fəlsəfəsi ondan ibarətdir ki, dövlət büdcəsində neft asılılığı, Neft Fondundan büdcəyə transfertlər mümkün qədər azaldılsın: "İldən-ilə də buna nail olmaq mümkündür. Bu istiqamətdə hökumət fəaliyyətini daha da şahələndirəcək. Bu gün Azərbaycanda sənaye məhsullarının istehsalında, ixracında artım müşahidə olunur. Azərbaycan iqtisadiyyatı "ağardıldıqca", islahatlar dərinləşdikcə vergi daxilolmaları şəffaflaşır. Bu da nəticə etibarilə iqtisadiyyatın daha da böyüməsinə şərait yaradır".

Natiq Cəfərli
Natiq Cəfərli

"İdarəetmə problemi..."

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna deyir ki, Azərbaycanda son 15-20 ildə qeyri-neft sektorunun ixracdakı payı faiz nisbətində artmayıb: "15 il bundan əvvəl də 10 faiz civarında idi, indi də 10 faiz civarındadır. Bu da onu göstərir ki, Azərbaycanda qeyri-neft sektorunun istehsalında və ixracatında yüksək artım templəri müşahidə olunmur".

Onun sözlərinə görə, aqrar sektorda daim azalmalar-artmalar müşahidə olunur: "Yəni, qeyri-neft sektorunu sabit inkişaf etdirəcək trendi biz yaxalaya bilməmişik. Bunun da əsas səbəblərdən biri istehsalın az, məhsuldarlığın aşağı olmasıdır. Bazar nöqteyi-nəzərindən biz bu sahədə həmişə Rusiyadan asılı olmuşuq. Rusiya bazarı isə problemlidir. Azərbaycanla Rusiya arasında müəyyən məsələlərdə fikir ayrılığı olan kimi Azərbaycan məhsullarının Rusiya bazarına çıxışına əngəllər olur".

N.Cəfərli hesab edir ki, Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialını artırmaq üçün ölkə başqa bazarlara da çıxmalıdır: "İndi isə başqa bazar yoxdur deyə, daxili istehsal üçün şərait da yoxdur".

Ekspertin vurğulamasına görə, qeyri-neft sektorunun inkişafına mane olan digər problem isə idarəetmədir: "Bizdə istehsal daha çox dövlət investisiya hesabınadır, özəl sektorun iştirakını biz görmürük, çünki özəl sektor investisiyalar baxımından özünü qorunmuş hiss etmir".

XS
SM
MD
LG