Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:31

Neft qiymətləri: Sevinənlər tələsməyiblər ki?..


Səudiyyə Ərəbistanı bəyan edib ki, neft qiymətlərinin 40 dollardan yüksək olmasına yol verməyəcək

Neft qiymətləri son iki ayda 50 faiz qalxıb, lakin bir sıra bazar analitiklərinin proqnozlarına görə bu qalxım artıq “maksimuma” çatmış ola bilər.

ABŞ ekspertləri qiymət qalxımının müvəqqəti olduğuna inanırlar, çünki bazarın ifrat xam neftlə doldurulması davam edir və üstəlik Texas neftinin istehsalı bir qədər canlanıb.

Təhlilçi Nick Cunningham oilprice.com saytında yazır ki, son iki rüb ərzində ABŞ neftinin istehsalı günə yarım milyon barrel azalıb, halbuki hasilat 2015-ci ilin aprelində gündə rekord 9, 7 milyon barrelə çatmışdı. Ən son məlumatlarda ABŞ şist nefti istehsalının təkrar 8, 8 milyon barrelə çatdığı bildirilib.

Ekspertlər bunu da qeyd edirlər ki, İraq və Nigeriya kimi ölkələrin hasilatında yaranmış fasilələr də neft qiymətlərinin qalxmasında rol oynayıb.

Bundan başqa bir sıra geosiyasi narahatlıqlar da neft qiymətlərini “titrətməkdə” davam edir.

Lakin neft qiymətlərinin üzüyuxarı meyllənməsində əsas faktorun, neft ixrac edən ölkələrin aprelin 17-nə təyin edilmiş görüşü olduğu deyilir.

Əsassız inam

Cunningham yazır ki, əslində neft qiymətləri bu görüşə olan “əsassız inamın” üzərində yüksəlməyə başlayıb.

İran neft hasilatını tədricən artırır
İran neft hasilatını tədricən artırır

Ekspertin fikrincə, neft tacirləri neft qiymətlərinin həqiqətən də yüksəlişə başladığına dair müəyyən əsaslar görsələr də, bunun tamamilə əksini gözləmək üçün daha çox əsaslar mövcuddur.

Son məlumatlara görə, ABŞ-da anbarlanan neft həcmləri rekord səviyyədə olaraq qalır və bu həcmlər azalmağa başlamadan neft qiymətlərinin 40 dollar civarında qalması çətin olacaq.

Bu arada İran gözlənildiyindən az olsa da, hasilatı hər halda yüksəldir və bu da neft qiymətləri üzərinə təzyiqi artıran faktorlardan sayılır.

Nick Cunningham yazır ki, neft qiymətlərinin 40 dollara çatmasında əsas rolu media xəbərləri və şayiələr oynayıb.

Daha bir eniş

Lakin neft qiymətlərinin 2014-cü ildən bəri düşməsində əsas rolu oynayan bir neçə faktor dəyişməz olaraq qalır (ən böyük alıcı olan Çinin tələbatı artmayıb) və məhz buna görə də bir sıra ekspertlər qiymət yüksəlişinin ardınca daha bir eniş gözləyirlər.

Neft qiymətlərinin son canlanmasına həddən artıq bel bağlamaq, istənilən region meneceri və ya Körfəz investoru üçün səhv olardı

Onlar deyirlər ki, aprelin 17-də OPEC üzvlərinin razılığa gələ bilmədiyi bəlli olan kimi neft qiymətlərinin 30-35 dollara qayıdacağı gözləniləndir.

Bəzi müşahidəçilər bu qənaətdədirlər ki, əslində martın 20-ə təyin edilmiş neft hasilatçıları iclasının təxirə salınması da, bu şayiə və ümidləri “diri saxlamaq” məqsədi güdür.

Anaklitiklər bunu da qeyd edirlər ki, təkcə şayiələrin üzərində neftin qiymətini uzun müddətdə artırmaq mümkün deyil, beləki qiymətlərin 40 dollardan yuxarıda qalması Amerika neftini dərhal və təkrar bazara gətirəcək.

Xəbər verilir ki, məsələn, Şimali Dakotanın bir sıra ərazilərində neft qiymətləri üçün “qırmızı xətt” artıq bir barrelə 20-25 dollardır.

Baha nefti səudlar istəmir

Görünür məhz buna görədir ki, Səudiyyə Ərəbistanı bu həftə elan edib ki, neft qiymətlərinin 40 dollardan yüksək olmasına yol verməyəcək.

Belə olduqda, təbii bir sual doğur: Elə isə neft ixracatçısı olan 16 ölkənin aprelin 17-də bir araya gəlməsindən məqsəd nədir?

Analitiklər bu nəticəyə gəliblər ki, Səudiyyə ABŞ neftini bazardan kənar saxlamaq üçün 30 dollardan az, 40 dollardan çox olmayan qiyməti “sabitləşdirməyə” çalışır.

Dubayda çıxan ingilisdilli Gulf News qəzeti isə yayzır ki, “neft qiymətlərinin son canlanmasına həddən artıq bel bağlamaq, istənilən region meneceri və ya Körfəz investoru üçün səhv olardı”.

Gulf News bunu da qeyd edir ki, neftin son qiymət tərpənişindən ruhlananlar qarşıdan gələn OPEC görüşünün mümkün nəticələrini xeyli şişirdirlər.

XS
SM
MD
LG