Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:32

Formula 1-ə görə qənbər yollar hər il asfaltlanacaq


Nigar Arpadarai (www.bakucitycircuit.com)
Nigar Arpadarai (www.bakucitycircuit.com)

►Yarışlar 5 il keçiriləcək, hər şey yaxşı olarsa, müqavilə yenidən 5 illiyə uzadılacaq

İyunda Bakıda keçiriləcək Formula 1 yarışlarına hazırlıq, yolların təmiri, İçərişəhərin qənbər daşlı yolları indi müzakirə mövzusuna çevrilib.

AzadlıqRadiosunun suallarına yarışın təşkilatçısı,Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai cavab verir.

Gözlə

No media source currently available

0:00 0:06:12 0:00

– Bakıda keçiriləcək Formula 1 yarışlarına hazırlıqlar hansı səviyyədədir?

– Hazırlıqlarımız normal gedir və iki istiqamətdə aparılır. Bu, həm Bakıda tikinti və təbliğat, həm də xaricdə təbliğat məsələləridir. Bakıda tikinti normal gedir. 6 kilometrlik tras ərazisində, – buna Bakı şəhər Halqası deyirik, – artıq asfaltın bir neçə qatı salınıb. Asfalt qatı Avtomobil Federasiyasının standartlarına uyğun olaraq salınmalıdır. Aprelin sonundan son asfalt qatı salınacaq. Bununla da yollar tam hazır vəziyyətə gətiriləcək. Tikinti ilə bağlı digər işlərimiz də var. Bunlar təhlükəsizlik baryerlərinin və tribunaların qurulmasıdır. Bütün bunlar artıq yarışa az qalanda, mayın sonundan etibarən qurulacaq. Bu müddət ərzində artıq şəhərin küçələri Formula 1 yarışına hazır vəziyyətə gətiriləcək. Təbliğat işlərimiz də normal gedir. Bir neçə dəfə xaricdən jurnalist qrupları gəlib-gedib. Xarici ölkələrdə də təbiğatla bağlı müəyyən aksiyalarımız olub. Bu idman yarışının 50 ildən çox tarixi olduğundan Formula 1-in dünyada fanatları çoxdur.

– Bakıda ilk dəfə Formula 1 keçiriləcək. İlk dəfə və daha 9 il keçirilməsi planlaşdırlır, elədirmi?

– Formula 1 rəhbərliyi ilə 10 illik müqavilə imzalanıb. Kontraktın şərtləri fərqlidir. Yəni, 5 il ərzində mütləq keçirlməlidir. 5 il ərzində hər il keçiriləcək. Hər şey yaxşı olarsa, 5 illiyə uzadılacaq. Ümumilikdə, 10 illik müqavilədir. Formula 1 yarışları bir illik tədbir deyil. Bu yarış dünyadakı bütün ölkələrdə illər boyu keçirilir. Məsələn, Monakoda artıq 30 ildən çoxdur, Sinqapurda 8, Abu-Dabidə 7 ildir keçirilir. Olimpiya Oyunlarından, futbol üzrə dünya çempionatları kimi böyük idman tədbirlərindən fərqli olaraq, Formula 1 hər il təşkil olunur. Məhz buna görə də Formula 1 kifayət qədər unikal tədbirdir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Yolların təmirindən danışdınız. Bu yarışlara görə İçərişəhərin tarixi qənbər daşlı yolları da asfaltlanıb. İndi çoxları yüksək sürətli bu yarışın tarixi yolları sıradan çıxaracağından narahatdır.

– Qənbər daşlı ərazilər, əlbəttə, çox önəmlidir, tariximizdir. Ona görə onlara çox böyük qayğıyla yanaşılır. Hətta o hissələr xüsusi texnologiya ilə təmir olunur. O daşların üzərinə xüsusi örtük qatı salınır. İlk baxışda quma bənzəyir. Qum kimi xüsusi örtük qatıdır. Ondan sonra üzərinə asfalt salınır. Əslində, bu, çox asan bir şeydir. Yarış bitən kimi yığışdırılmalıdır. Təmir olunan bütün digər küçələr isə Bakı sakinlərinin istifadəsində olacaq. Önəmlisi də budur ki, həmin küçələr bir dəfə təmir olunacaq. Hər il təmir eləmək planda yoxdur.

– Bəs, qənbər daşlı yolların asfaltlanıb sökülməsi hər il təkrarlanacaq?

– Bəli, hər il təkrar olunacaq. Lakin hesablamalarımıza və tikinti işləri ilə məşğul olan şöbəmizin məlumatına görə, bu, asan bir şeydir. Problemli bir iş deyil. Həm də çox az vaxt tələb edir. Çünki adi bir qum qatıdır, üstündən də asfalt qatı salınır. Həmin yollara heç bir yerə ziyan vurulmayacaq. Çünki şəhərin qorunması məsələləri ilə bağlı bir qurum deyil, bir çox qurum işləyir. Təhlükəsizlik baryerləri olacaq, bütün lazımı tədbirlər görüləcək ki, Qoşa Qala Qapısı, İçərişəhər istiqamətlərinə heç bir zərər dəyməsin. Bir müddət öncə Fernando Alonso Avropa Qran Prisinin rəsmi səfirlərindən biri kimi Bakıda oldu. O da Bakıda həmin ərazini də gəzdi. Ona da bu haqda sual verildi. O da dedi ki, belə bir şey olmayacaq.

– Niyə Formula 1 yarışı üçün Bakının mərkəzi seçildi?

- Formula 1 dünyada kifayət qədər tanınan və sevilən bir idman növüdür. Statistikaya baxanda, görürük ki, dünyada Formula 1 yarışlarını 500 milyona yaxın insan izləyir. Bəzən bundan da çox. Bu, Bakını göstərməyə çox böyük şansdır. Azərbaycan haqqında hansısa bir videoçarxın dünya kanallarında yayılması Azərbaycana milyonlar hesabına başa gəlir. Lakin Formula 1-in sayəsində bütün insanlar Bakını görəcəklər. Bu, bizə təbliğat baxımından inanılmaz bir şansdır, ölkəmizdə keçirilən ən böyük tədbirlərdən biridir. Dövlətimizin rəhbərliyi düşünüb ki, Bakını göstərmək, turistləri Bakıya cəlb etməkdən ötrü atılan addımdır. Digər tərəfdən, bu yarış kifayət qədər unikal görünəcək. Yarış zamanı üç cür Bakı görünəcək. Bizim tras elə qurulub ki, həm bulvarətrafı zona, həm İçərişəhər, Qoşa Qala, həm də yeni Alov qüllələri və s. tikililər görünəcək. Əminəm ki, bu Formula 1 fanatları, ümumiyyətlə, dünya tamaşaçılarına çox gözəl, maraqlı bir şou olacaq. Buna görə Bakının mərkəzi seçilib. Digər tərəfdən, ayrıca avtodromun tikilməsi kifayət qədər baha başa gələn bir şeydir.

– Əziz Əliyev (keçmiş Zevin) küçəsindən döngənin təhlükəli olması, qəza halının mümkünlüyü, həm də qala divarlarının zərər görəcəyi ehtimalı da səslənir.

– Formula 1 yarışları ilə bağlı illər ərzində o qədər təhlükəsizlik tədbirləri görülüb ki, son yarışlarsa qəzalar, demək olar ki, baş vermir. Çünki pilotlar kifayət qədər təcrübəlidirlər. Yarışdan öncə çox təlimlər keçirlər. Həmin ərazini həmin trekə uyğunlaşdıran stumlyatorlarda hərəkət edirlər. Ona görə əminik ki, elə bir şey olmamalıdır. Digər tərəfdən, bütün təhlükəsizlik tədbirləri görüləcək. Təhlükəsizlik baryerləri olacaq. Qoşa Qala divarı boş qalmayacaq. Onun qarşısında xüsusi bir zona olacaq. Qəza olsa belə, Qoşa Qalaya dəyməyəcək. Xüsusi baryerlərə, xüsusi təhlükəsizlik qurğularına dəyəcək. Ona görə, heç bir halda, Qoşa Qala divarlarına zərər gəlməyəcək. Bunun üçün aidiyyatı qurumlarla işləyirik.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Bəs, Bakıdakı tıxac problemi necə həll olunacaq?

– Bu məsələyə diqqətlə yanaşırıq. Nəqliyyatın İdarəetmə Mərkəzi ilə işləyirik. Yollar bağlananda onlar əhaliyə hansı yolun bağlanması, hansından istifadə olunması haqqında təcili məlumat verirlər. Yarış zamanı da əhaliyə xüsusi məlumatlar veriləcək. Alternativ yolların xəritəsi də mediada işıqlandırılacaq. Yarış cəmi 3 gün keçiriləcək. O da həftəsonuna düşür. Ümid edirəm, narahatlıqlar minimuma endiriləcək.

– Yolların təmiri ilə bağlı Gənclər və idman naziri büdcədən 12 milyon manat sərf olunacağını bildirmişdi. Bəs yarışlara ümumilikdə nə qədər xərc çəkiləcək?

– Büdcəylə bağlı, təəssüf ki, mən heç nə deyə bilmərəm. Çünki bizim işimiz yarışın keçirilməsidir.

– Bakıda keçirilmiş Həm Avroviziya Mahnı Müsabiqəsi, həm də Avropa Oyunlarına dünya ulduzları dəvət olunmuşdu. Bu dəfə kimlərin gəlişi gözlənilir?

– Bununla bağlı planlar var. Ancaq hələ danışıqlar mərhələsindəyik. Ona görə indilik kimlərin iştirak edəcəyi haqqında məlumat verə bilməyəcəyəm. Ancaq yaxın vaxtlarda, ən geci, 2-3 həftə ərzində konsert proqramlarıyla bağlı kimlərin gələcəyini elan edə biləcəyik. Ulduz pilotlara gəldikdə isə bütün məşhur pilotlar- Lewis Hamilton, Fernando Alonso, Nico Rosberg kimi ulduzların hamısı Bakıda olacaq.

XS
SM
MD
LG