Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:42

Həbsdə vəfat edən icra başçısının 600 minlik əmlakı ikinci dəfə müsadirə olundu


Nizaməddin Quliyev
Nizaməddin Quliyev

Ağstafanın həbsdə vəfat edən keçmiş icra başçısı Nizaməddin Quliyevin özünə və yaxınlarına məxsus təxminən 600 min manatlıq əmlak yenidən müsadirə olunub. Bu barədə mayın 5-də Gəncə Apellyasiya Məhkəməsində Salman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.

Məsələ burasındadır ki, həmin əmlaklar bundan öncə bir dəfə müsadirə olunmuş, elə Gəncə Apellyasiya Məhkəməsi müsadirə qərarını ləğv etmişdi. İndi isə eyni məhkəmə həmin əmlaklarla bağlı fərqli qərar çıxarır.

Nizaməddin Quliyev 2019-cu ilin dekabrında həbs olunandan sonra sözügedən əmlakların üzərinə həbs qoyulub. 2021-ci ilin avqustunda Gəncə Ağır Cinayətlər Məhkəməsində ona 9 il azadlıqdan məhrumetmə cəzası kəsilməklə yanaşı, həm də üzərində həbs olan əmlakların müsadirəsinə qərar verilmişdi.

Bu hökmdən təxminən bir ay sonra Quliyev həbsdə koronavirusa yoluxaraq vəfat etmişdi. Lakin onun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirildi. O zaman sabiq icra başçısının ölümündən sonra onun şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsi əmlakların müsadirəsi haqda qərarı ləğv edib onların üzərindən həbsi götürmüşdü.

Prokurorluq qərardan protest verib

Prokurorluq da bu qərardan narazı qalıb Ali Məhkəməyə kassasiya protesti vermişdi. Bundan sonra Ali Məhkəmə qərar vermişdi ki, apellyasiya instansiyası əmlaklar məsələsinə yenidən baxsın. Beləliklə, Gəncə Apellyasiya Məhkəməsi həmin məsələyə yenidən baxıb və bu dəfə 600 min manatlıq əmlakların müsadirəsinə qərar verilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının icra başçılarına qarşı keçirdiyi əməliyyatlar 2019-cu ilin dekabrında Ağstafa rayon İcra Hakimiyyətində mərhum Nizaməddin Quliyevdən başlamışdı. O vaxtdan bu yana Ağstafa ilə yanaşı, Yevlax, Neftçala, Biləsuvar, İmişli, Şəmkir, Kürdəmir, Cəlilabad rayonlarının da icra başçılarına qarşı əməliyyatlar keçirilib və onlar həbs olunub. Külli miqdarda mənimsəmə, rüşvət alma və başqa əməllərdə suçlanan sabiq məmurların bəziləri özlərini qismən təqsirli bilsə də, bir hissəsi, ümumiyyətlə, ittihamları qəbul etməyib.

Mərhum Quliyev həbs olunarkən onun övladlarından biri Nərimanov rayon Məhkəməsinin hakimi, digəri isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi idi.

XS
SM
MD
LG