Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:17

Novruz gəlir, xərc gəlir


İrandan gələn ərik qurusu yerli növdən ucuzdur
İrandan gələn ərik qurusu yerli növdən ucuzdur

Novruz bayramına (20-21 mart) sayılı günlər qalır, martın 14-də isə İlaxır çərşənbə də bir çox ailələrdə təmtəraqla qeyd edilir. Bayram ərəfəsində paytaxt Bakıda qurulan yarmarkalara bazarlığa gələnlərin sayında artım gözə dəyir. "Gənclik" metrostansiyası yaxınlığındakı yarmarkada piştaxtaların önündə artıq növbələr yaranıb. Satıcılar məhsullarını tərifləyir, alıcılar isə qiymətləri salmağa çalışır.

Çərəzlərin satıldığı piştaxtaya yaxınlaşan Arzu Əliyeva əvvəlcə pulqabısına baxıb, sonra qiymətlərə nəzər yetirdi və köks ötürərək "gərək hərəsindən 200-300 qram alım, artığına pul yetməz", - deyə dilucu gileylənir.

"Biləsuvarlıyam, həm İlaxır çərşənbəni, həm də martın 20-ni təmtəraqlı keçirməliyik adətə görə. Amma indiyə adətmi qalar? Əvvəl hər iki gündə bayram balığı (İlaxır çərşənbədə bişirilən kütüm balığını nəzərdə tutur – red.) bişirərdiksə, indi bir balıq alırıq və ancaq son çərşənbədə bişiririk. Qiymətlər od tutub yanır, beş nəfərlik ailəyə çatsın deyə, balığa 30 manat verdim. Alma, naringi, portağal, armud aldım, hərəsindən 1 kiloqram, elə 15 manatım bu meyvələrə getdi. Fındıq, qoz aldım. Ləpəyə gücüm çatmır, bahadır. Qabıqlısını aldım ki, sındıraram 10 dənə şəkərbura üçün içlik edərəm. İndi də çərəzlərə baxıram. Fıstığın, püstənin, badamın dadını unutmuşuq artıq, bahadır, almırıq. 300 qram ləpə qoz, fındıq alacam ki, uşaqların başını aldadım. Dörd uşağı tək böyüdürəm, cəmi 500 manat maaş alıram, bayram süfrəm də kasıbyana olacaq", – Əliyeva söyləyir.

O, yarmarkada 150 manat xərclədiyini deyərək əlavə edir ki "düyü, yağ, paytaxt salatı üçün gərəkən məhsulları və konfeti almamışam, belə görürəm, hələ bu qədər də marketdə xərcləyəcəm".

Pensiya artmır, qiymət artır, süfrədəki naz-nemət azalır

Qiymətlərin son 10 ildə 100 faiz artdığını deyənlər də var idi. Təqaüdçü olduğunu deyən Əmrah Şamoyev də gah yerli məhsulların bahalağından, gah da keyfiyyətin aşağı olmasından şikayətləndi.

"Təqaüd artmır, qiymət artır. Adi günləri birtəhər keçinmək olur. Bayram vaxtı isə çətin olur. Nəvə-nəticə gəlir bizə, onlar üçün şirniyyat süfrəsi açmaq lazımdır. 10 il qabaq üç-dörd kiloqram qoz, fındıq alırdım, indi cəmi bir kiloqram almışam, o da ən ucuzundan. Özümüz fındığı, qozu Qaxda olanda 2 manata alırdıq, burada ən dadsız qozun bir kilosu 7-8 manatadır. Paxlava, şəkərbura bişirtdirmək istədim, arvadın gözləri zəifdir, özü bişirən deyil. 30 ədəd şəkərburaya 40 manat, eyni sayda paxlavaya isə 50 manat istədilər. Belə şey olar?! Qoğalın birini 1 manatdan bişirirlər, adicə səməni də keçən il 1 manat idi, indi ən ucuzu 2 manatadır. Bayaq arvadla hesabladıq, ümumi xərcimiz çıxacaq 600 manat, hələ ətsiz. Əti oğlum alacaq, onu da alsaq, gərək biz gələn pensiyaya kimi uşaq əlinə baxaq", – o, AzadlıqRadiosunun əməkdaşı ilə söhbətləşir.

İrandan gətirildiyi deyilən məhsullar yerli mallardan minimum 50 qəpik, maksimum 7 manat aşağı təklif edilir.
İrandan gətirildiyi deyilən məhsullar yerli mallardan minimum 50 qəpik, maksimum 7 manat aşağı təklif edilir.

İran məhsulları daha ucuz satılır

İrandan gələn ərik qurusunun yerli növdən ucuz olmasına təəccüblənən Şamoyev satıcıya "ay oğul, bəyəm öz ölkəmizin əriyi qara qızıldandır ki, bahadır", - deyə sual etdi. Yanında dayanan həyat yoldaşı da "quru yollar bağlıdır, amma yenə də İran məhsulu ucuzdur, imkan versinlər, gedək Təbrizdən alaq da elə", - söhbətə qoşuldu.

Satıcı isə qiymət fərqinin həmişə belə olduğunu söyləyir, üstəlik, iddia edir ki, İranda yaxşı satılmayan məhsul buraya gətirilir: "Bizim ərik qurusu 12 manatdır kiloqramı, onlarınkı 7 manata. Camaat 7 manatlıq ərikdən alsa da, səhəri gün gəlib narazılıq edir. İzah edə bilmirik ki, ucuz ətin şorbası olmaz. Quru yollar bağlanandan gətirənlərin sayı azalıb. Ərdəbil, Astara, Təbrizdən gələn mallar həm azalır, həm keyfiyyəti itir. Amma yenə də rəqabət üçün lazımdır, yoxsa bizim malların qədri bilinmir", – satıcı bildirir.

Yarmarkalarda İrandan gətirildiyi deyilən məhsullar yerli mallardan minimum 50 qəpik, maksimum 7 manat aşağı təklif edilirdi. Mağazalarda isə yerli məhsullar xarici məhsullardan daha aşağı qiymətə satılırdı.

Qiymətdən razı olanlar da var

Bayram bazarlığına gələnlər arasında gənclər, ortayaşlılar da var idi. Qiymətlərdən razı olanlar isə, əsasən, gənc ailələr idi. Yarmarkaların iri supermarketlər ilə müqayisədə daha ucuz olduğunu deyən alıcılar qeyd edir ki, üç nəfərlik ailənin bazarlığına 300 manat xərcləri çıxıb.

"Qiymətlər normaldır, hətta deyərdim ki, meyvələr ucuzlaşıb. Biz Yeni ildə daha baha alırdıq, indi ucuzdur. Bir az qiymət artımı ət, balıqda var idi. Onlar da bayramqabağı olduğundan normaldır. Məncə, hər kəsin bayram keçirməsinə şərait var, əsas odur, ayağını yorğanına görə uzadasan", –bəzi alıcılar bildirir.

Ancaq bazarda həmsöhbət olduğumuz paytaxt sakinlərinin böyük əksəriyyəti qiymətlərin yüksək olmasından narazı idi. Elə Dövlət Statistika Komitəsi də bildirir ki, 2023-cü ilin yanvarında inflyasiya ötən ilin eyni ayı ilə müqayisədə 13.6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17.5 faiz təşkil edib.

Novruzda ailələrin daha çox aldığı məhsullar minimum 15 faiz bahalaşıb.
Novruzda ailələrin daha çox aldığı məhsullar minimum 15 faiz bahalaşıb.

İri supermarketlərdə bayram endirimlərinə start verildiyi yazılsa da, qiymətlər yarmarkalardan daha baha gözə dəyirdi. Təkcə düyünün qiyməti ötən il ilə müqayisədə mağazalarda iki dəfəyə kimi artıb.

"8-ci kilometr" bazarında satılan məhsulların qiyməti isə market, yarmarka və Bakının digər bazarları ilə müqayisədə daha ucuzdur. Bu səbəbdən də buraya bayram bazarlığına gələn insanların sayı daha çoxdur. Bunu həm satıcılar təsdiq edirdi, həm də alıcı bolluğu diqqət çəkirdi.

Alıcıların sayındakı fərq

Artıq uzun müddətdir ki, bayram yarmarkasında öz məhsullarını satışa çıxaran Məhəmməd Əli AzadlıqRadiosuna danışır ki, alıcılar əvvəlki ildən azdır: "Keçən il günlük xeyrim 50 manata kimi olurdusa, indi 20 manatı çətinliklə xeyir kimi götürə bilirəm. Alıcılar da ötən illərdə bir günə 20 nəfər gələrdisə, indi 10 nəfər olur, ya olmur".

İlk dəfə yarmarkaya atasına kömək üçün gələn, səməni satan yeniyetmə isə günün hələ birinci yarısında yaxşı gəlir əldə etdiyinə sevinirdi.

Yarmarkada müştəri azlığından ən çox şikayətlənən isə balıq və ət məhsulu satanlar idi. "Mal ətinin kiloqramı 14 manatdır. Quzu əti isə ondan bir az aşağıdır. Yarmarka dörd gündən çoxdur ki, açılıb və bu müddətdə cəmisi üç kiloqram ət sata bilmişəm. İnsanların ət almağa pulları yoxdur. Ən yaxşı heyvanın ətini satışa çıxarmışam, amma yenə də alıcı korluğu var. Qorxuram ki, rayondan gətirdiyim əti sata bilməyəcəm...", – bir satıcı gileylənir.

Bazarda yalnız bir stenddə balıq satan var idi. Dəniz sazanı, həmçinin, xanı və belamur balığı 9 manata satılır. İri forel balığı 17, levrək balığı 25 manat, sivriquyruq 42, somon balığı (qızılbalıq) isə 40 manatdır. Bir çox bölgələrin bayram balığı hesab etdiyi kütümün isə kiloqramı 17 manatdan başlayırdı.

Səməni keçən il 1 manat idi, indi ən ucuzu 2 manatadır.
Səməni keçən il 1 manat idi, indi ən ucuzu 2 manatadır.

Qiymətlər azı 15 faiz artıb

Novruz bayramını qeyd edən ailələrin daha çox aldığı məhsullar ötən illə müqayisədə minimum 15 faiz bahalaşıb. Belə ki, bölgəsinə görə fərq etsə də, qabıqlı fındıq 6-10, fındıq ləpəsi 13 manat 50 qəpik-30 manat arası dəyişir. Ötən il Xaçmaz fındığı 6 manat 50 qəpiyə satılırdısa, bu il həmin məhsul üçün sakinlər 8 manatından keçməli olur. Qabıqlı qoz 7 manatdan, qoz ləpəsi isə 13 manatdan başlayır. Piştaxtalarda ən az alınan ləpələr isə badam, püstə idi. Badamın bir kiloqramı 25 manatdan, püstə isə 30 manatdan satılırdı. Zaqatala şabalıdı 11, Qəbələ şabalıdı 10 manatadır. Şabalıdın qiyməti də ötən illərlə müqayisədə sabitdir. Ərik qurusu isə 12-20 manat arası dəyişir. Ağ kişmiş 8, qara kişmiş 11 manatdır. Bu məhsulların qiyməti bu il dəyişməyib, amma bayrama iki-üç gün qalmış bahalaşması istisna edilmir.

Bayramda meyvələrə də tələbat yüksəkdir. Bu səbəbdən yarmarkada ən çox meyvə satıcılarına rast gəlinir. Keçən il yarmarkada 60 qəpiyə də alma almaq mümkün idisə, bu il ən ucuz alma 1 manatdan başlayırdı. Armud 3-7, heyva 1-2, portağal, naringi 3-5, kivi isə 3 manata alıcılara təklif edilirdi.

Sadə səmənilər 1 manat 50 qəpikdən başlayırdı, bəzəyinə görə 30 manata kimi qiymətlər dəyişirdi. Bayram şamları 1 manat 20 qəpikdən, yumurta bəzəmək üçün aksesuarlar isə 80 qəpikdən satışa çıxarılmışdı. Uşaqlı ailələr fiqurlu şamlara üstünlük verir ki, bunların da qiyməti minimum 3, maksimum 6 manatdır.

Yarmarkada düyünü 4, mal əti 14, qoyun ətini 10 manata almaq olar. Kənd toyuğu 5-6, hinduşka əti 13, qaz və ördək 9 manatadır. Kartof 90 qəpik, soğan 1 manat, kələm 85 qəpik, kök 80 qəpiyədir. Pomidor 2 manatdan 4 manat 50 qəpiyə, xiyar 2 manatdan - 5 manat 30 qəpiyə kimi dəyişir. Kənd yumurtası 25 qəpik, kərə yağının ən ucuzu isə 15 manatdır.

Konfetlərin kiloqramı 2 manatdan başlayır. 1 şəkərburanın qiyməti 1.50 qəpik, bir bağlamada beş dənə olmaqla paxlavanın qiyməti isə 6 manatdan hesablanır. Şorqoğalı və badambura kimi şirniyyatların isə ədədi 1 manatdan hesablanır. Paxlava, şəkərbura kimi Novruz nemətlərini evdə hazırlayanlar nisbətən daha aşağı qiymət təklif edir. Lakin bunun əksi olaraq məşhur şirniyyat mağazalarında sadə mağazalar ilə müqayisədə qiymətlər ən azı 20 faiz bahadır. Bu şirniyyatları evdə bişirmək istəyənlər isə ən azı 20 manatlarından keçməli olurlar.

Dörd nəfərdən ibarət Azərbaycan ailəsinin normal bayram süfrəsi açması üçün 400 manat lazımdır.
Dörd nəfərdən ibarət Azərbaycan ailəsinin normal bayram süfrəsi açması üçün 400 manat lazımdır.

Bayram süfrəsi...

Standart dörd-beş nəfərlik ailəyə növbəti günə qalmaq şərti ilə hazırlanan "Paytaxt" salatı ailələrə 25 manata başa gələcək. Dörd-beş nəfərlik bir ailə üçün plovun hazırlanmasına isə təxminən 37-54 manat vəsait lazımdır.

Beləliklə, dörd nəfərdən ibarət Azərbaycan ailəsinin normal bayram süfrəsi açması üçün təqribən 400 manata ehtiyacı var. Əgər alınan məhsul sayı minimuma salınsa, bir günlük bayram süfrəsi üçün ailə ən azı 200 manat xərcləməli olacaq. İlaxır çərşənbəni xüsusi qeyd edən ailələr isə 1000 manatlarından keçməli olurlar. Bu da ötən illə müqayisədə 20 faiz daha artıq xərcə bərabərdir.

Ekspertlər bəzi məhsullar üzrə ərzaq inflyasiyasının daha yüksək - 50 faizə kimi artım olduğunu deyirlər. Ərzaq inflyasiyasının 25-30 faiz, gəlirlərin isə cəmi 7-8 faiz artması isə insanların alıcılıq qabiliyyətinin azalmasının, faktiki yoxsulluğun artmasına işarədir.

Bahalaşmanın səbəbləri

İqtisadçı Asif İbrahimov qiymət artımının həm də xarici səbəbləri olduğunu da qeyd edir. Onun sözlərinə görə, son illər istər koronavirus pandemiyası, istərsə də Rusiya-Ukrayna savaşı məhsulların bahalaşmasına təsir göstərib.

"Əvvəla, Azərbaycan mal, toyuq əti daxil olmaqla, bir çox məhsulu xarici ölkələrdən gətirirdi. Rusiya-Ukrayna müharibəsindən sonra logistika çətinliyi və elə həmin ölkələrdə olan qiymət artımı səbəbindən ölkəmizdə də bahalaşma nəzərə çarpdı. Yerli istehsala rəğmən, bazarda xarici məhsullar üstünlük təşkil edir ki, qiymət artımı olması da bu hadisələr fonunda gözlənilən idi. Eyni zamanda, yem məhsullarının qiyməti də artıb və bu da ətin bahalaşmasına təkan verdi. Həmçinin, ölkə daxilində artan xərclər yerli məhsulların bahalaşması ilə nəticələndi", – İbrahimov bildirir və qiymət artımını tənzimləmək üçün istehsalı artırmağı vacib sayır.

Gəlirlər isə...

Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Minimum pensiya məbləği isə 280 manatdır. 2019-cu ildə ölkədə yoxsulluq səviyyəsi 4.8 faiz idisə, bir il sonra bu göstərici 50 faiz artaraq 6.2 faizə yüksəldi. Ötən il yoxsulluq nisbətən azalaraq 5.9 faizə ensə də, pandemiyaöncəsi dövrlə müqayisədə yenə yüksəkdir. Hökumətin fikrincə, Azərbaycanda təxminən 600 min nəfər yoxsul var. Amma müstəqil ekspertlər bu saya birmənalı yanaşmırlar. Yoxsulluğun ölçülməsi ilə bağlı səsləndirilən əsas tənqid yoxsulluq həddi kimi müəyyən edilən məbləğin real minimum tələbləri ödəməməsidir. Bu baxımdan, ekspertlər düşünürlər ki, yoxsulluq həddi daha real rəqəmlərlə ifadə edilsəydi, Azərbaycanda yoxsulluq göstəricisi daha yüksək olardı. Beynəlxalq təşkilatların açıqladığı rəqəmlər də Azərbaycanda yoxsulluq səviyyəsinin daha yüksək olduğunu üzə çıxarır.

XS
SM
MD
LG