Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:56

​​​​​​​ABŞ Ukraynanın Krıma mümkün zərbələrini dəstəkləyir


ABŞ dövlət katibinin müavini Viktoriya Nuland
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland

ABŞ dövlət katibinin müavini bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın ilhaq edilmiş Krım yarımadasında Rusiya hərbi obyektlərinə zərbələr endirməsini dəstəkləyir.

Viktoriya Nuland fevralın 16-da Carnegie Mərkəzi ilə videobağlantıda deyib:

"Rusiya Krımda çoxlu hərbi qurğular yaradıb. Bunlar Ukraynanın zərbələr endirməsi üçün qanuni hədəflərdir və biz bunu dəstəkləyirik. Krım ən azı hərbsizləşdirilməyənədək Ukrayna təhlükəsizlikdə olmayacaq”.

Bununla yanaşı xanım Nuland bildirib ki, Krım məsələsinə yaxınlaşanadək Ukrayna hərbçiləri itirilmiş torpaqların əhəmiyyətli hissəsini geri almalı olacaqlar.

O əlavə edib ki, Ukrayna hərbiyyəsi hazırda məhz bununla məşğuldur.

Aparıcının “Vaşinqtonda Kremlin çəkdiyi hansısa qırmızı xətlərin keçilməsindən narahatdırlarmı” sualına cavab olaraq Nuland deyib ki, ABŞ Krımı heç vaxt Rusiya ərazisi hesab etməyib və Ukraynanın tanınmış beynəlxalq sərhədləri daxilindəki bütün əraziləri onun özünə məxsusdur.

Dövlət Departamentində keçirilən brifinqdə dövlət katibinin müavini vurğulayıb ki, Ukrayna işğal olunmuş torpaqlarını geri qaytarmaq uğrunda mübarizə aparır və ABŞ növbəti əks-hücum da daxil Kiyevi bu məsələdə tamamilə dəstəkləyir.

Moskvanın reaksiyası

Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova Nulandın bəyanatlarını şərh edərkən deyib ki, Moskva bir daha ABŞ-ın Ukrayna münaqişəsinə müdaxilə etməsini bildirməli olur:

"İndi isə Amerikanın müharibə çalağanları bir az da irəli gediblər. Onlar Kiyev rejimini müharibəni daha da qızışdırmağa sövq edirlər. Onlar Ukraynaya böyük həcmlərdə silah-sursat verir, onu kəşfiyyat məlumatları ilə təchiz edir, döyüş əməliyyatlarının planlaşdırılmasında birbaşa iştirak edirlər”.

Zaxarovanın sözlərinə görə ABŞ rəsmiləri Rusiyanın məğlub olmasını “dəlicəsinə” arzulayırlar.

Ukrayna əsgərləri Polşada "Leopard" tanklarının təlimini keçir
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Politico portalının yazdığına görə Ukraynanın ilhaq edilmiş Krımı hərbi yolla azad etməsinin Rusiya prezidenti Vladimir Putin üçün “qırmızı xətt” olması və Ukraynaya daha güclü zərbələrin endirilməsinə səbəb olacağına dair mülahizəni ilk dəfə dövlət katibi Entoni Blinken ekspertlərlə videobağlantı rejimində keçirdiyi brifinqdə səsləndirib.

Blinken eyni zamanda bunu da bildirib ki, Krıma hücum edib-etməmək barədə qərarı yalnız Ukraynanın özü qəbul edə bilər.

Bundan əvvəl ABŞ mediaları Pentaqon rəsmilərinə istinadla yazırdılar ki, ABŞ-da Ukraynanın Krımı tez bir zamanda geri ala biləcəyinə şübhə ilə yanaşırlar.

ABŞ Silahlı Qüvvələri baş qərargah rəisləri birləşmiş Komitəsinin sədri, general Mark Milli bundan əvvəl demişdi ki, Ukraynanın bütün ərazilərini hərbi yolla geri alması “çox çətin” olacaq, hərçənd bunun qeyri-mümkün olduğunu da demək olmaz.

Nüvə çətiri

Rusiya hakimiyyətinin bəzi təmsilçiləri bəyan edirdilər ki, Ukraynanın Krıma hücumu təqdirində Moskva çox sərt tədbirlərə əl ata bilər. Onlar bu zaman nüvə silahından istifadə olunacağına işarə edirdilər.

Ukrayna və dünyanın demək olar bütün ölkələri Krımın 2014-cü ildə Rusiya tərəfindən ilhaqını tanımayıblar.

Rusiya ötən ilin fevralında Ukraynaya hərbi müdaxilə etməzdən əvvəl Kiyev Krımı dinc yollarla geri qaytarmağa çalışdığını bildirirdi.

Krımdakı Sevastopol portunda Rusiyanın Qara dəniz donanması bazalanıb və həm Qərb, həm də Rusiya diplomatları Krımı Ukrayna müharibəsinin potensial partlayış nöqtəsi hesab edirlər.

Kreml bildirib ki, Moskvanın öz ərazisi hesab etdiyi Ukrayna torpaqları da Rusiyanın nüvə çətiri altındadır.

Ən yeni tarix və ya “ölüm-dirim” vuruşu

Vladimir Putin Ukraynadakı “xüsusi hərbi əməliyyatı” “təcavüzkar və lovğa Qərblə Rusiyanın ölüm-dirim vuruşu” adlandırıb və deyib ki, Moskva özünü və Rusiya xalqını müdafiə etmək üçün bütün vasitələrə əl atacaq.

Birləşmiş Ştatlar Rusiyanın məhvini istədiyinə dair iddiaları rədd edir, amma prezident Co Bayden xəbərdarlıq etmişdi ki, Ukrayna münaqişəsi Rusiya və NATO-nu birbaşa toqquşmaya cəlb etməklə III Dünya Müharibəsinin başlanmasına səbəb ola bilər.

Krım Rusiya imperiyasının tərkibinə 18-ci əsrdə imperatriça Yekaterinanın şahlığı dövründə qatılıb.

Yarımada 1921-ci ildə Sovet İttifaqının tərkibində qalıb. Lakin İosif Stalindən sonra hakimiyyətə gələn Nikita Xruşşov Krımı Rusiyanın tərkibindən çıxararaq Ukraynaya tabe etdirib.

1994-cü ildə imzalanmış Buxarest Memorandumu ilə Rusiya Krım da daxil Ukraynanın ərazi bütövlüyünü tanıyıb və ona qarşı hər hansı təcavüzə əl atmamaq barədə öhdəlik götürüb.

XS
SM
MD
LG