Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:32

Çıxışı silinən nazir müavini...


Oqtay Kərimov
Oqtay Kərimov

İyulun ikinci həftəsinin media üçün yaddaqalan, amma mediada qalmayan hadisəsi daxili işlər naziri müavininin iyulun 10-da MSK-dakı açıqlamaları oldu.

Oqtay Kərimov 1 sentyabr növbədənkənar parlament seçkiləri ilə bağlı deyib ki, seçki dönəmində internet məkanının və sosial şəbəkələrin davamlı monitorinqi aparılacaq: "Seçkilərin normal keçməsinə mane olmaq niyyəti daşıyan pozucu qüvvələr vaxtında müəyyən edilib barələrində tədbir görüləcək".

Bu fikirlər elə həmin gün axşamdan başlayaraq əksər xəbər saytlarından, o cümlədən İctimai Televiziyanın YouTube səhifəsindən çıxarılıb.

Hökumətyönlü vebsaytlar ya xəbəri yerli-dibli silib, ya da nazir müavininin dediyinə yüngülvari korrektə edərək "pozucu" sözünü çıxarıblar.

Görəsən, nazir müavini polisin belə bir niyyətini bilərəkdənmi dilə gətirib? "Pozucu qüvvələr" deyəndə kimlər nəzərdə tutulur?

Seçki pozuntuları və onları xəbərləyənlər

İndiyədək Azərbaycanda heç bir seçki azad və ədalətli sayılmayıb, məntəqələrdə çoxsaylı pozuntular qeydə alınıb. Elə AzadlıqRadiosunun əməkdaşları da seçki pozuntularını sənədləşdiriblər. Pozuntular, əsasən, topa bülletenlərin qutuya atılması, "karusel"lər (eyni şəxslərin müxtəlif məntəqələrdə səs verməsi), inzibati resurslardan istifadə etmə formasında özünü göstərir. Azsaylı müstəqil müşahidəçilərə təzyiq halları da baş verir.

Seçki pozuntuları ilə bağlı səsvermə günü sosial şəbəkələrdə də siqnallar yayılır. Beynəlxalq insan haqları qurumlarının həm internet, həm də digər təməl azadlıqlara görə qeyri-azad saydığı Azərbaycanda yüksəkçinli polis məmurunun bu bəyanatı seçki öncəsi siyasi fəal qüvvələr arasında xof yaratmaq niyyəti güdürmü?

O.Kərimov seçki günü polisin gücləndirilmiş rejimdə işləyəcəyini də vurğulayıb. Deyib ki, bülletenlər, səsvermə protokolları DSK-lara və MSK-ya polis naryadlarının müşayiəti ilə aparılacaq.

Xəbəri silib şərhini verirlər

Bəzi müxalifət qüvvələrinin birləşdiyi Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkədə nazir müavininin dediklərini "Bəs deyirdilər Azərbaycanda internet azaddır. Buyurun, bu da sizin üçün seçki!" kimi dəyərləndirib. Hüquq müdafiəçisi Rüfət Səfərov düşünür ki, O.Kərimov təkcə DİN-in iradəsini deyil, bütövlükdə hökumətin siyasi mövqeyini ifadə edib: "Təsdiqləyib ki, əslində Azərbaycanda seçkiləri MSK deyil, DİN keçirir".

Maraqlıdır ki, nazir müavininin qalmaqallı ifadələrini silən media orqanları sonradan onu cilalayan açıqlamalar yayırlar. Hakimiyyətin mövqeyini dəstəkləyənlər yerli mediaya polisin elə həmişə seçkilərdə gücləndirilmiş iş rejimində çalışdığını deyirlər.

DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə iyulun 11-də deyib ki, vətəndaşların seçkidə öz iradəsini azad və sərbəst ifadə etməsi üçün yüksək təhlükəsizlik şəraiti yaradılacaq. Dediyinə görə, "seçki ilə əlaqədar heç bir xüsusi hazırlıq işi aparılmır, eyni zamanda, səlahiyyətdən kənar məsələlərə polisin müdaxiləsi birmənalı istisnadır".

MSK sədri Məzahir Pənahov da bu həftə mübahisəli bəyanatla yadda qaldı. Onun fikrincə, demokratik seçki keçirmək baxımından "Azərbaycan dünyaya nümunədir".

Bəs seçkini müşahidə edən beynəlxalq qurumlar nə deyirlər? ATƏT DTİHB Azərbaycanda fundamental azadlıqlara məhdudiyyətlərin əsl demokratik seçki standartlarına zidd olduğunu bildirir.

XS
SM
MD
LG