Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:34

Nardaranın Şahbazovlar ailəsinin bir üzvünə də hökm oxundu


Nardaran məhkəməsi qarşısında
Nardaran məhkəməsi qarşısında

Nardaran hadisələrindən sonra dörd üzvü həbs olunan Şahbazovlar ailəsinin daha bir üzvünə mayın 23-də Sabunçu Rayon Məhkəməsində hökm oxunub. Hökmə əsasən, Fail Şahbazova 1 il 9 ay həbs cəzası verilib.

Hökmdən öncə Fail Şahbazovun vəkili Fariz Namazlı çıxış edib. Müdafiəçi deyib ki, Fail Şahbazovun ona verilmiş qanunsuz silah saxlama ittihamına heç bir aidiyyəti yoxdur. Vəkilin sözlərinə görə, o, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən məhkəmədə baş verənlər haqda məlumatları, həmçinin 26 noyabr 2015-ci ildə Nardaranda polis əməliyyatı zamanı öldürülən 4 sakinin qəbrinin dağıdılması şəkillərini paylaşdığına görə həbs olunub. Vəkil F. Şahbazovun həbs olunduqdan sonra işgəncəyə məruz qalması, dişlərinin sındırılması, soyuq yerdə paltarsız saxlandığına görə böyrəklərinin sıradan çıxmasından da danışıb.

Buna da bax:​ 'Nardaran işi-3': 'Şəxsiyyət vəsiqəmdəki imzaya baxıb, oxşadıb çəkdilər'

“QARDAŞLARDAN BİRİ HƏBSƏ GİRSİN”

Fariz Namazlı müdafiə çıxışında Şahbazovlar ailəsinin digər üzvlərinin həbsinə də toxunub:

“Fail Şahbazov Nardaran kənd sakinidir, 4 qardaşdırlar. Ataları Atabala Şahbazov Nardaranda 2015-ci il noyabrın 26-da keçirilən polis əməliyyatından bir neçə gün sonra həbs olunub və Cinayət Məcəlləsinin 228.1(qanunsuz silah saxlama) maddəsi ilə məsuliyyətə cəlb edilib. Fail Şahbazovun qardaşı Əli Şahbazov atasının həbs səbəbini öyrənmək üçün polis şöbəsinə gedib. Orada ona atasının əvəzinə qardaşlardan birinin həbsə girməsi təklif edilib. Əli Şahbazov evin sonbeşiyi olduğundan buna razılaşıb. O, 2 dekabr 2015-ci ildə həbs edilsə də, atasını buraxmayıblar. Əli Şahbazova isə Cinayət Məcəlləsinin terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama, kütləvi iğtişaş yaratma maddələri ilə ittihamlar verilib. Hazırda Əli Şahbazov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Atasına isə 2 il 9 ay həbs cəzası verilib. Fail Şahbazovun daha bir qardaşı Natiq isə mayın 8-də həbs olunub. Ona da qanunsuz silah saxlama ittihamı verilib, hazırda istintaqı gedir”.

Buna da bax:​ İlahiyyatçını 'karsa' məhkəmə iclasından sonra salıblar

“İFADƏLƏR İŞGƏNCƏ ALTINDA İMZALANIB”

Fariz Namazlı deyir ki, Fail Şahbazova qarşı ittihamın saxta olması iş materiallarından da görünür. Müdafiəçinin sözlərinə görə, cinayət işi başlandıqdan sonra Fail Şahbazovdan alınmış, silah-sursatın ona məxsusluğu haqda etiraf xarakterli ifadələr işgəncə altında imzalanıb. Hüquq-mühafizə orqanları və məhkəmələrin bu ailəyə qarşı ifrat qərəzli olduğunu vurğulayan vəkil çıxışının sonunda hakimdən bəraət hökmü çıxarılmasını istəyib: “Məhkəmənin ədalətli qərar verməsinə inanmaq istəyirəm...”

Ardından Fail Şahbazova son söz demək təklif olunub. Lakin o, bütün həqiqətləri ifadəsində söylədiyini bildirərək, danışmaq istəməyib.

Hakim bir neçə dəqiqəlik müşavirədən sonra Fail Şahbazovun 1 il 9 ay azadlıqdan məhrum edilməsinə dair hökmü elan edib.

Buna da bax:​ Vəkil: 'Hakim mikrofonu bağladı…' [yenilənib]

İttihama görə, Fail Şahbazovun silah gizlətməsi haqda məlumat daxil olub. Nardaran qəsəbəsində bağlar ərazisində keçirilən baxış nəticəsində palma ağacının altında qara sellofanda bükülü vəziyyətdə 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd "F-1" qumbarası aşkar olunub.

Amma Fail Şahbazov ittihamı rədd edir, həmin silahlara heç bir aidiyyəti olmadığını bildirir.

Fariz Namazlı AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Buna da bax:​ Nardaranda ata və 3 oğlun həbsdə olduğu bir ailə var

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Buna da bax:​ Polis Nardaranda yenə silah tapdığını deyir

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG