Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:36

Pentaqon Qara dənizdə daha sıx müdafiə əməkdaşlığına çağırır


ABŞ müdafiə naziri Lloyd Ostin Buxarestdə Rumıniya prezidenti Klaus İohannislə görüşüb
ABŞ müdafiə naziri Lloyd Ostin Buxarestdə Rumıniya prezidenti Klaus İohannislə görüşüb

Rusiya Qara dənizdə ABŞ və NATO müttəfiqlərinin hərbi gəmilərinin olmasını əsəbiliklə müşahidə edir

ABŞ-ın müdafiə naziri Lloyd Ostin oktyabrın 20-də Rumıniyaya səfəri zamanı Qara dəniz müttəfiqlərini bu hövzədə daha sıx müdafiə əməkdaşlığına çağırıb.

Pentaqonun rəhbəri Rumıniyadan əvvəl Gürcüstan və Ukraynaya səfər etmişdi.

Rusiya Qara dənizdə ABŞ və NATO müttəfiqlərinin hərbi gəmilərinin olmasını əsəbiliklə müşahidə edir.

Buxarestdə prezident Klaus İohannis və müdafiə naziri Nikolae Çuka ilə görüşü zamanı Ostin bildirib ki, Rusiyanın bu regionu “hərbiləşdirməsi” ilə bağlı sahil ölkələrinin birgə hərəkətinə ehtiyac var:

“Qara dənizdə təhlükəsizlik və stabillik ABŞ-ın milli marağındadır və bu regionun NATO-nun şərq cinahının təhlükəsizliyi üçün kritik əhəmiyyəti var. Region Rusiya təcavüzü ilə üz-üzədir və biz Ukraynanın şərqində davam edən hərəkətlərdən, Gürcüstan ərazilərinin işğal olunmasından, Qara dənizin hərbiləşdirilməsindən, habelə havada və dənizdə təxribatçı hərəkətlərdən bunun şahidi oluruq”.

Ostinin Buxarestə, Kiyevə və Tbilisiyə səfərlərindən məqsəd NATO üzvlüyünə can atan Gürcüstan və Ukrayna da daxil müttəfiqlər arasında etimadın və hərbi əməkdaşlığın gücləndirilməsi idi.

Ostin oktyabrın 20-də habelə Rumıniyanın şərqindəki “Mihail Kogalniceanu” hərbi hava bazasına baş çəkib və oradakı ABŞ qüvvələri ilə görüş keçirib.

Pentaqon bildirir ki, Ostinin səfərindən məqsəd Rusiya təcavüzü ilə üzləşən müttəfiqlərinə ABŞ-ın onların suverenliyinə sadiqliyini nümayiş etdirmək idi.

Ostin qarşıdan gələn günlərdə Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin iclasına qatılacaq.

XS
SM
MD
LG