Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:27

Özbək qızı anasına qaytarmadılar


Rukhshona Utkirova
Rukhshona Utkirova

Altıyaşlı Rukhshona-nı anası, Özbəkistanın Buxara vilayətindən olan Firuza Utkirova-ya qaytarmayıblar. Bu qərarı noyabrın 22-də Moskva vilayətinin Klin şəhərində yetkinlik yaşına çatmamış şəxslərin işi üzrə komissiya verib. Qərara görə, Utkirova övladını ağacla döyürmüş, onun böyük oğlu isə uşağı «tərbiyə etmək» üçün dəmir qəfəsə salırmış. Ancaq ana və onun müdafiəçiləri bu ittihamı tamamilə rədd edirlər.

«Uşağın emosional vəziyyətinin bu günədək qeyri-sabit olmasını, onun ailəyə qayıtmaqdan qətiyyətlə imtina etməsini, uşaqla anasının münasibətlərinin gərgin olmasını, yetkinlik yaşına çatmamış şəxsə bədən xəsarətləri yetirilməsi faktı üzrə yoxlamanın sona çatmadığını nəzərə alaraq, «Soqlasiye» ...mərkəzi ...Utkirova Rukhshona Bakhtiyor qızının anası Utkirova Firuza Akram qızına verilməsini erkən sayır», – deyə komissiyanın üzvü bildirib.

«MÜNASİBƏTLƏRİMİZ NECƏ GƏRGİN OLA BİLƏR?»

40 yaşlı Firuza Utkirova isə deyir ki, yetkinlik yaşına çatmamış şəxslər üçün «Soqlasiye» mərkəzinin rəhbərliyi onun qızını mərkəzdə saxlamaqdan ötrü əlindən gələni edir. Onun sözlərinə görə, polis əməkdaşları və «Soqlasiye» mərkəzinin protokolu şahidlərsiz tərtib olunub və onu vəkil də görməyib. O əlavə edib ki, polis əməkdaşları altıyaşlı Rukhshona-ya guya bədən xəsarəti yetirildiyini desələr də, Klin Şəhər Prokurorluğu bu faktla bağlı cinayət işi açmaqdan imtina edib.

«Onlar deyirlər ki, qızım hələ iki-üç həftə də mərkəzdə qalacaq. Hazırda şokdayam. Mərkəzin əməkdaşları iddia edirlər ki, qızımla münasibətlərim gərgindir. Son 20 gündə qızımla bircə dəfə, üçcə dəqiqəlik görüşə bilmişəmsə, münasibətlərimiz necə gərgin ola bilər?!», - deyə Utkirova gileylənir.

Komissiyanın iclası bitəndən sonra Firuza Utkirova-ya qızı ilə görüşmək imkanı verilsə də, onu uşaqla tək qalmağa qoymayıblar.

«Yanımızda daim psixoloq dayanırdı. Qızımdan evə getmək istəyib-istəmədiyini soruşanda, o mənə dedi: «Belə suallar verməyin!». O, hər sözümə nəzarət edir, qızımla rusca danışmağımı tələb edirdi», – Firuza Utkirova deyir.

Onun sözlərinə görə, son zamanlar qızı çox dəyişib. «Hiss olunur ki, qorxur və depressiyadadır», – o deyir.

«ƏSL MƏHKƏMƏDİR»

Komissiyanın iclasına qatılmış vəkil Botirzhon Shermatov deyir ki, komissiya sadəcə polis əməkdaşları və «Soqlasiye» mərkəzinin irəli sürdüyü ittihamları dinləyib.

«Qızın anasına isə məsələyə heç aidiyyəti olmayan suallar verirdilər. İclası tezcə bitirdilər. Bir məsələ də diqqətdən kənar qalmamalıdır – uşağın bədənində xəsarət izləri aşkarlanıbsa, niyə komissiya ekspertizanı yalnız 19 gün keçəndən sonra təyin edir? Bu qədər vaxt keçəndən sonra onlar Rukhshona-nın bədənində nə aşkar etmək istəyirlər? İclas zamanı Firuza Utkirova-ya Komissiyaya polis və qəyyumluq orqanı tərəfindən verilmiş hər hansı sənəd göstərilməyib. Bu, komissiya deyil, əsl məhkəmədir», - Botirzhon Shermatov deyir.

Vəkil hesab edir ki, Özbəkistanın Moskvadakı səfirliyinin əməkdaşları altıyaşlı Rukhshona-nın işinə cəlb olunmalı, prokurorluqsa qəyyumluq orqanının əməllərini araşdırmalıdır.

Komissiyanın altıyaşlı Rukhshona-nın işi üzrə növbəti iclası dekabrın 4-nə təyin olunub.

Daha öncə AzadlıqRadiosunun özbək xidməti noyabrın 3-də Rukhshona-nın küçədə böyüklərin müşayiəti olmadan gəzdiyinə görə polis tərəfindən aparıldığı barədə yazmışdı.

Rukhshona Utkirova artıq 20 gündür ki, yetkinlik yaşına çatmamış şəxslər üçün «Soqlasiye» mərkəzində saxlanılır. Qızın anası dövlətin uşağı onun əlindən alacağından ehtiyatlanır.

XS
SM
MD
LG