Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:49

Özbəkistan İslamın səsini qısır?


Daşkənd məscidlərindən birində
Daşkənd məscidlərindən birində

Sentyabrın 10-da Özbəkistanın yüksək vəzifəli məmurları və hökumətyönlü ictimai qurum nümayəndələri “dini radikallaşma” problemini müzakirə etmək üçün qəfildən nazirlər kabinetinə toplaşıblar.

Görüş əvvəldən elan edilməyib və onun keçirildiyinə dair yalnız sentyabrın 14-də məlumat verilib.

Baş Nazir Abdulla Aripov və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Abdusalim Azizov bildiriblər ki, Özbəkistan “dini radikallaşma”nın yeni dalğası ilə üzləşib.

Həftəsonuna salınan bu iclasa qatılan qaynaqlar AzadlıqRadiosunun özbək xidmətinə anonimlik şərtilə bildiriblər ki, görüşdə ölkədə çoxarvadlılığın artması və dövlət rəsmiləri də daxil, vətəndaşların iş saatlarında namaz qılmasıyla bağlı həyəcan təbili çalınıb. Həmin qaynağın sözlərinə görə, Aripov deyib ki, məmurlar “ya dini, ya da dövlət işini seçməlidirlər”.

Prezident Şavkat Mirziyoyev 2016-cı ildə hakimiyyətə gələndən bəri, istər ölkə içində, istərsə də xaricdə dini ibadətə qoyulan sərt qadağanları yumşaltması ilə tanınırdı. Özbəkistanda əhalinin 90 faizi müsəlmandır (Bu il iyulun 1-nə olan məlumata görə Özbəkistanın 36 milyon 372 min 300 nəfər əhalisi var – red.).

İndi baş verənlərsə hökumətin İslam Karimov dövründəki siyasətə qayıtmaq istəyindən xəbər verir. Karimov hökuməti minlərlə dindarı ekstremist adı ilə həbsxanaya atıb, işgəncəyə məruz qoyurdu.

Sözügedən görüşdən öncəki cümə - sentyabrın 9-da Özbəkistanın ən yüksək rütbəli din xadimi dini geyim tərzini və saqqal saxlamağı “ifrat” adlandıraraq, dindarları bunlardan çəkinməyə çağırıb.

“Elə fikir formalaşıb ki, sanki İslam bəlli geyim və bəlli zahiri görkəm istəyir”, - sözlərini dilə gətirən mufti Nuriddin Xoliqnazarov qadınların gözlərindən başqa üzü tam qapadan niqabına işarə edib:

“Peyğəmbərimizin bizə qoyduğu qayda var. İslamın bir biçimi yoxdur. Bu mümkün deyil. İslam bir millətin dini deyil, bir iqlimin dini deyil”.

Azan səsinin də azaldıldığı bildirilir

Bir ay öncə AzadlıqRadiosu Özbək xidmətinin əməkdaşları azan səsinin azaldıldığını müşahidə ediblər. Müxbirlərdən biri Daşkəndin bir rayonunda bu müşahidəni təsdiqləyib.

Ancaq müftiliyin nümayəndəsi AzadlıqRadiosunun sorğusuna cavabında bunun həqiqətə uyğun olmadığını söyləyib. Dini işlər üzrə dövlət komitəsi isə sorğunu cavablandırmayıb.

Prezident Mirziyoyev elə bu yaxınlarda 2017-ci ilin sonlarından bəri azanın səsucaldanla verilməsini yeni Özbəkistanın rəmzlərindən biri adlandırmışdı. Azanın yenidən səsucaldanla verilməsindən başqa uşaqların namaza getməsinə və yeni məscidlərin açılmasına qoyulan qeyri-rəsmi, amma ciddi əməl edilən qadağa aradan qaldırılmış, eləcə də ekstremist dini baxışlara malik olduğu iddia olunan və izlənilən vətəndaşların uzun “qara siyahısı” qısaldılmışdı.

Bu yay - yenidən prezident seçilməsindən öncə, dini mühafizəkar Əndican əyalətinə gələn Mirziyoyev demişdi ki, artıq özbəklər “küçədə sərbəst və qorxusuz gəzə bilirlər”. O bu sözlərlə Karimov dövrünün repressiyalarına işarə etmiş və əlavə etmişdi:

“Mən azan səsini dinlərkən, bu günlərə gəlib çıxdığımıza görə ağlamaq istəyirəm. Bu, sonuncu dəfə nə vaxt olmuşdu?”.

Hökumətdə çalışan mənbə bildirib ki…

Ancaq son illərdə ölkədə müsəlmanlar özlərini Mirziyoyevin dediyi qədər güvənli saymırlar. Dindarların saxlanıb sorğu-suala çəkilmə halları çoxalıb. İnsanların saqqalının zorla qırxılması hallarına dair də çox sayda xəbərlər var.

Hökumətdə çalışan mənbə bildirib ki, Özbəkistan rəsmiləri artıq BMT-nin dini azadlıqlar üzrə özəl məruzəçisi, yaxud ABŞ Beynəlxlaq Dini Azadlıq Komissiyası ilə sürəkli əlaqə saxlamırlar. Onun sözlərinə görə, son illərdə ayrıca məruzəçinin ölkəyə səfərləri azı üç dəfə təxirə salınıb.

Bişkekdə yaşayan, Orta Asiya və İslam sahəsində mütəxəssis İlham Umaraxunov AzadlıqRadiosuna deyib ki, indi “dini azadlıqlar baxımından, beynəlxalq ictimaiyyətin görmək istədiyi və Özbəkistan hökumətinin etməyə hazır olduğu şeylər arasında böyük uçurum var”.

“Özbəkistanda … dinə hələ də azadlıqdan çox təhlükəsizlik prizmasından baxılır”, - yenə onun sözləridir.

Onun sözlərinə görə, hökumət ən çox insanların dünyəvi institutları tam yadırğayıb, dini “ekosistemlərə” üz tutacağından qorxur:

“Bir yanda dini azadlıq məsələsi var, o biri yanda bir qrupun sürətlə böyüməsi ehtimalı var. Həmin qrup öz qaydalarını başqalarına diqtə edə, və potensial olaraq münaqişə doğura bilər. Onlar bundan qorxurlar”.

Sentyabrın 5-də deputatlar parlamentin aşağı palatasında dünyəvi qaydaların pozulmasına görə cərimələr nəzərdə tutan qanun qəbul ediblər. Qanun dini qaydalarla bağlanan, ancaq dövlət qeydiyyatından keçirilməyən nikahları və insanları cəmiyyət arasında “tanınmaz” edən geyim tərzini – niqabı hədəfə alıb.

Parlamentin aşağı palatasının mətbuat xidməti qanunun “qızğın müzakirə və uzun polemikadan sonra” qəbul edildiyini bildirib, amma məsələnin başqa detallarını açıqlamayıb. Sonra qanun müzakirə üçün Senata göndərilib. Rejimin İslamla bağlı paranoyası tam əsassız deyil.

Müstəqilliyin ilk illərində sürətlə ortaya çıxan dini qruplar Özbəkistanda sekyularizmə meydan oxumaq iddiasında olub. Bu qruplardan biri olan Özbəkistan İslam Hərəkatı hələ də fəaliyyətdədir. İyirmi il öncə hökumət bu qrupu Daşkənddə avtomobilləri partlatmaqda ittiham edib.

İslam Hərəkatının artıq Daşkəndi təhdid edəcək gücü olmasa da, o nominal olaraq Özbəkistan rejimini devirmək ideyasına sadiqdir.

XS
SM
MD
LG