Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:45

Şagirdlərə yay tətilində məscidə getmək yasaqlandı


İllüstrasiya
İllüstrasiya

►Əks halda onların valideynləri məsuliyyətə cəlb olunacaqlar.

BBC-nin özbək xidməti xəbər verir ki, islamsızlaşdırma siyasətini həyata keçirən Özbəkistan hökuməti məktəblilərə yay tətili müddərində məscidə getməyi qadağan edib. Üstəlik uşaqlara məscidə getməyi təkcə dünyəvi hökumət deyil, həm də din xadimləri qadağan edib.

Hətta məscidlərdə bununla bağlı elanlar da yapışdırılıb.

Mayın əvvəlində Əndican vilayətində məktəblilərin valideynləri yerli tədris şöbəsindən "təminat məktubu" aldılar. Məktubda yay tətili müddətində məktəblilərə qadağan edilmiş fəaliyyət növlərinin siyahısı əksini tapmışdı.

Sənədin surətini dərc etmiş Azadlıq Radiosunun özbək xidməti bildirir ki, ölkənin digər regionlarında da valideynlərə analoji məktublar göndərilib.

Məktubda deyilir ki, valideynlər bütün yay ərzində uşaqlarının ədəb-ərkan qaydalarına riayət etməsinə, özlərini ləyaqətli aparmasına, dini cərəyanlara qoşulmamasına və məscidə namaz qılmağa getməməsinə nəzarət etməlidirlər. Sonuncu iki bəndin altından xətt çəkilib.

Siyahıda bundan başqa dilənçilik, benzin satışı, bazarda və avtomobilyuma yerlərində işləmək də var. Şagirdlər axşam saat 6-dan sonra valideynlərin nəzarəti olmadan evdən çıxa, "İnternet, Game Club və Playstation" kimi yerlərə gedə bilməyəcəklər.

Valideynlərdən tələb olunur ki, Təhsil Nazirliyinin bu məktubunun altına imza atsınlar.

Məktubda deyilir ki, göstərilən bəndlərə əməl olunmazsa, valideynlər "mövcud qanunvericilik normalarına əsasən" cəzalandırılacaqlar.

Məscidlərin özləri də uşaqların kütləvi namazlarda iştirakına qarşı tədbir görməyə başlayıb. Elə həmin Əndican vilayətində məscidlərdə uşaqların girişini qadağan edən elanlar yapışdırılıb. Üstəlik bunu əsaslandırmaq üçün hədis də göstərilib. Hədisdə deyilir ki, uşaqlar və "ağıldan zəif" insanlar məsciddən uzaq tutulmalıdır.

Ancaq bəzi özbək din alimlərinə görə, sözügedən hədis "səhih" hədislərdən deyil və qadağa üçün əsas ola bilməz.

"Şəriətdə belə bir qadağa yoxdur. Bilmirəm onun müəllifləri sabah öz sözlərinə görə necə cavab verəcəklər... Ancaq bu hədisi etibarsız da hesab etmək olmaz. O, ziyarətçilərin namaz qılmasına mane olan körpələrə aiddir," deyə adının çəkilməsini istəməyən bir alim deyib.

Sosial şəbəkələrdə bu elanların fotolarını yayan şahidlər həm də bildiriblər ki, məscidə 15 - 18 yaşlı ziyarətçilər buraxılmır. Bu yaşda insanlar İslama görə artıq uşaq sayılmırlar.

____________________________________________________________

Bunlara da bax:
İslam Partiyasının lideri edam edilib
Azərbaycanda milyonlarla insanın kasıblaşacağı gözlənir

____________________________________________________________

Bu, Özbəkistan hökumətinin məktəblilərin məscidə getməsinin qarşısını almaq üçün gördüyü ilk tədbir deyil. Bu mövzu vaxtaşırı özbək KİV-lərində işıqlandırılır. Ekspertlər bu siyasəti regionda artmaqda olan dini radikalizmlə əlaqələndirirlər.

Rusiyadan vətənə qayıtmış işçi miqrantların smartfon, planşet və kompüterləri içərisində "ziyanlı informasiyanın olub-olmamasını müəyyən etmək üçün yoxlanılır. Dövlət kanalları radikal qrupların tərkibində Əfqanıstan və Yaxın Şərqdə vuruşan silahlıların ailələri barədə emosional süjetlər və tokşoular göstərir. Hətta bəzən qohumlar bundan zərər görür: oğulları Suriyaya getmiş bir ailəni qonşuları köçürməyə çalışırmış.

Daşkəndin verdiyi son rəsmi məlumata görə, Suriyada "İslam dövləti"nin tərkibində 200-ədək Özbəkistan vətəndaşı vuruşur.

Ancaq Mərkəzi Asiya üzrə ekspertlər bildirirlər ki, Yaxın Şərqdə müxtəlif qruplaşmaların üzvü olan 500-ə qədər Özbəkistan vətəndaşı döyüşür.

Əndican isə Özbəkistanın ən dindar yerlərindən sayılır. Bir neçə il əvvəl orada hökumət qüvvələri etirazçılara atəş açmışdı. Yüzlərlə insanın öldüyü deyilirdi.

Buna da bax: Ermənistan Hüseynəli xanın tikdirdiyi "Göy məscid"i İrana verir

XS
SM
MD
LG