Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:56

Özbəklərin Türkmənistandan böyük axını niyə baş verir?


Türkmənistan-Özbəkistan sərhədində Daşoğuz-Şavat keçidi
Türkmənistan-Özbəkistan sərhədində Daşoğuz-Şavat keçidi

Özbəkistan Türkmənistanla sərhəddəki Farap-Alat keçid məntəqəsini müvəqqəti olaraq bağlayıb.

AzadlıqRadiosunun Özbək xidməti - Ozodlik yazır ki, son aylarda bu sərhəd postunun Türkmənistan tərəfindən Özbəkistan tərəfinə insanların keçidi artıb.

Özbəkistan rəsmiləri sərhəd keçidinin bağlanmasını kəskin tənəffüs yolları infeksiyalarının yayılması ilə əlaqələndirirlər.

Bununla belə iki ölkə arasında Şavat-Daşoğuz sərhəd keçid məntəqəsi açıqdır. Bu sərhəd postu Türkmənistanın Daşoğuz vilayəti ilə Özbəkistanın Xarəzm vilayəti arasında yerləşir.

Xəbər verilir ki, son aylarda Türkmənistanın Lebap vilayətindən Özbəkistana etnik özbəklərin miqrasiyası kəskin artıb.

Buxara vilayətinin Alat rayonunda yaşayan bloger Feruz Çoriyev deyir ki, Türkmənistandan gələnlərin sayı Özbəkistan əcnəbilərin ölkəyə gəliş və qeydiyyatının qaydalarını sadələşdirdikdən sonra artıb:

“Bir çox türkmənistanlılar sərhədi turist vizası ilə keçirlər. Mən boş vaxtlarımda taksi kimi işləyirəm. Bir neçə gün bundan əvvəl Farap-Alat postundan iki gənci gətirirdim. Həkim idilər. Bir az söhbət etdik. Məlum oldu ki, onlarda qaz və elektrik üçün kommunal xərclər Özbəkistanda olduğundan ucuzdur. Amma ərzaq mallarının, unun qiyməti qalxıb. Onların maaşları bizimkindən azdır. Türkmənlər bizə iş üçün gəlirlər. Son vaxtlar ordan gələnlərin sayı artıb”.

Köçkünlərin hekayətləri

Ozodlik radiosu bildirir ki, Türkmənistanlan olan üç nəfərlə söhbət edə bilib. Xarəzmli Norjon radioya bunları deyib:

“Mən daşoğuzluya ərə getmişəm. Özüm Şavatdanam. O vaxt hələ ölkələrimiz arasında sərhədlər açıq idi. Ərim özbəkdir, Daşkənddə oxuyub. Mən Urgencdə pedoqoji institutu bitirmişəm. Türkmənistanda işsiz qalmışam. Daşoğuzda bütün özbək məktəblərini bağlayıblar. Ərim də işini itirib. Mən Özbəkistan vətəndaşlığımı saxlamışam. Ərimin də Özbəkistana köçə bilməsi üçün bütün sənədləri hazırlamışıq”.

Müşahidəçilər deyirlər ki, Özbəkistanda Türkmənistandan gələn mövsümi işçilər də çoxalıb.

Bloger Anvar Sabirov Ozodlik radiosuna bunları deyib:

“Onlar Xarəzmə 90 günlük viza ilə gəlir, tikintilərdə işləyir, sonra evlərinə qayıdırlar. Onlar burda ayı 50 dollara işləməyə razıdırlar. Bugün Daşoğuzdan olan fəhlələri Xarəzmin bütün tikintilərində görə bilərsiniz”.

“Türkmən təşəbbüsü” adlı insan haqları qrupunun rəhbəri, “Xronika Turkmenistana” saytının baş redaktoru Farid Tuxbatullin deyir ki, özbəklərin ölkədən köç etməsinə təkcə yoxsulluq deyil, həm də onlara qarşı etnik diskriminasiya səbəb olur:

“Hazırda özbəklərin Türkmənistanın Lebap və Daşoğuz vilayətlərindən böyük köçü var. Bunu kütləvi köç də adlandırmaq olar. Onların əksəriyyəti əvvəlcə 90 günlük viza ilə Özbəkistana gəlir. Xarəzm və ya Buxaradakı qohumlarının yanında müvəqqəti qalır və müvəqqəti qeydiyyatdan keçir. Sonra müvafiq sənədləri toplayaraq ailələrini də Özbəkistana gətirirlər. Onlar Türkmənistandakı evlərini satır, həmişəlik Özbəkistanda qalırlar”.

Etnik azlıqlara qarşı diskriminasiya

Bloger bildirir ki, özbəklərin Türkmənistandan axını son 6 ayda xüsusilə artıb:

“Onların uşaqları üçün özbək məktəbləri yoxdur. Özbəkistan telekanalları bloklanır. Özbəklərin sıx yaşadıqları ərazilərə türkmənlər köçürülür. Onları yüksək vəzifələrə təyin edirlər. İşə ilk növbədə türkmənləri götürürlər. Özbəkləri məktəblərdə, iş yerlərində milli türkmən geyimləri geyinməyə məcbur edirlər...”

Türkmənistanda rəsmi statistikaya görə 6.7 milyon əhali yaşayır. Bunun 8-10 faizi özbəklərdir.

Artıq on ildir ki, Türkmənistanda özbək dilində təhsil dayandırılıb.

Son illərdə Türkmənistandakı özbəkdilli medialar da bağlanır.

2023-cü ilin 9 ayı ərzində Özbəkistana 168.7 min nəfər miqrasiya edib.

Bununla belə Özbəkistana köçən özbəklərin ən böyük faizi Rusiyadan gələnlərin payına (39 faiz) düşür. Miqrantların yalnız 1.6 faizi Türkmənistan vətəndaşlarıdır.

Köçkünlərin ən çox artımı Buxara, Səmərqənd, Navoi və Xarəzm vilayətlərində qeydə alınıb. İki ölkə arasında sərhədin uzunluğu 1650 kilometrdir. Bu sərhəd üzərində dörd keçid məntəqəsi var.

Türkmən yazıçısı və jurnalisti Xudoyberdı Xallının sözlərinə görə iki ölkənin sərhədi boyunca yaşayan minlərlə insanın qohumluq bağları var.

Yazıçının sözlərinə görə Türkmənistan etnik azlıqların təhsil aldıqları məktəbləri bağlayır:

“Əvvəlcə ölkədən etnik qazaxlar çıxıb gedirdilər. İndi isə özbəklər də buranı tərk edirlər. Türkmənistanda hələ sovet dövründə ailə qurmuş özbəklər var. Qazaxlar çıxıb gedəndə heyvandarlıq tənəzzülə uğradı, indi isə özbəklərin gedişi ilə pambıqçılıq və kənd təsərrüfatı da iflas nöqtəsinə çatıb”.

Qadağanlar ölkəsi

Turkmen.News saytının jurnalisti Ruslan Myatiyev Ozodlik radiosuna bunları deyib:

“Əgər Türkmənistan sərhədlərini açsa, mən əminəm ki, ölkə əhalisinin böyük bir qismi çıxıb gedər. İndi ölkəni yaşı hətta 50-i ötənlər də tərk edirlər. Kim 30 dollarlıq penisya ilə yaşaya bilər? Bu yaxınlaradək türkmənlərin qaçdığı əsas ölkə Türkiyə idi. Amma indi türkmənlər hara gəldi çıxıb gedirlər. Bir çoxları Amerikaya, Dubaya, Cənubi Koreyaya, hətta Meksikaya çıxıb gedrilər”.

Türkmənistan dünyanın ən qapalı ölkələrindən biridir. Burada bir çox qəribə qadağanlar mövcuddur. Qadağanların çoxu səsə salınmadan xəlvət qoyulur və bu barədə heç bir məlumat verilmir.

Bu ölkədə qadınlara nəinki avtomobil sürmək, hətta maşının qabaq oturacağında əyləşmək də qadağan olunub.

Bu ölkədə qadınlara kosmetikadan istifadə etmək, plastik cərrahiyyə, manikür, saçın boyanması, sıx paltar, o cümlədən cins şalvar geyinmək qadağan edilib.

XS
SM
MD
LG