Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:33

Prezidentlik vəzifəsi daha sonra Özbəkistan prezidentinin böyük qızına keçə bilər


Saida Mirziyoyeva
Saida Mirziyoyeva

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ötən il ölkə konstitusiyasını dəyişdirərək özünün hakimiyyətdə daha 14 il qala bilməsinə şərait yaradıb.

Tənqidçilər xəbərdarlıq edirlər ki, avtoritar Mirziyoyev on illərlə prezidentliyi ailəsinin əlində saxlamağı planlaşdıra bilər. Onun 39 yaşlı qızı Saida Mirziyoyevanı mümkün varisi kimi hazırladığı düşünülür.

Prezidentin üç övladından ən böyüyü olan S.Mirziyoyeva 2019-cu ilin aprelindən hökumətdə çalışmağa başlayıb. Həmin zamanlar o, İnformasiya və KİV Agentliyi rəhbərinin müavini vəzifəsinə təyin edilib. Bu post onu avtomatik prezident müşavirinin müavininə çevirib.

Daha öncə siyasət sahəsində heç bir təcrübəsi olmasa da, Mirziyoyeva karyera pillələrində sürətlə addımlayıb. Ötən il o, prezidentin birinci köməkçisi vəzifəsinə təyin edilib. Bu, prezident administrasiyasında dövlət başçısından sonra ikinci ən yüksək vəzifədir.

"Sözün gerçək anlamında tanınmayan şəxs birdən-birə Özbəkistanda ikinci ən yüksək vəzifəni tutur", - özbəkistanlı müstəqil jurnalist Cahongir Muhammad belə deyir.

Tez-tez rəsmi görüşlərə qatılan, xarici rəsmiləri salamlayan, ölkənin regionlarına səfər edən və xaricə diplomatik səfərlərə gedən Mirziyoyeva Özbəkistanda ən üzdə olan siyasətçilərdən birinə çevrilib.

Qızını prezidentliyə hazırlayır?

Ötən ay atasının səfərindən az öncə ziyarət etdiyi qonşu Qazaxıstanda onun prezident Qasım-Jomart Tokayev ilə rəsmi görüşü olub.

Ekspertlər deyirlər ki, Mirziyoyevanın bu qədər önə çəkilməsi təkcə Özbəkistan prezidentinin ölkənin yönəldilməsində get-gedə daha çox öz ailəsinə güvəndiyini göstərmir. Bu, onun öz qızını prezidentliyə hazırlamasından da xəbər verir.

Prezidentliyi ailənin əlində saxlamaq Mirziyoyev klanının üzvləri üçün güvənlik qarantiyasının təmin edilməsi demək olardı. Klan üzvlərinin çoxu Mirziyoyevin hakimiyyətə gəldiyi 2016-cı ildən bəri nəhəng sərvət toplayıb. Demokratiyanın olmadığı Özbəkistanda prezidentin hakimiyyəti sorğulanmır.

Özbək siyasi ekspertlər deyirlər ki, Mirziyoyev böyük ehtimalla qonşu Türkmənistanın birinci ailəsinin yolu ilə gedəcək. Türkmənistanın avtoritar lideri Qurbanqulı Berdimuhamedov 2022-ci ildə tam nəzarət altında keçirdiyi seçkidə prezidentliyi oğlu Sardara ötürüb.

S.Berdimuhamedov da prezident kürsüsünə oturmazdan əvvəl bir neçə yüksək dövlət vəzifəsi tutmuşdu.

Şavkat Mirziyoyev və ailə üzvləri 2023-cü ildə növbədənkənar prezident seçkisində səsvermə zamanı.
Şavkat Mirziyoyev və ailə üzvləri 2023-cü ildə növbədənkənar prezident seçkisində səsvermə zamanı.

"Özbəkistan hakimiyyətin hər şeyə nəzarət edən birinci ailənin əlində olduğu diktaturadır", - keçmiş özbək diplomatı Alişer Taksanovun sözləridir.

"Mirziyoyevin qohumlarının, demək olar, hamısı hakimiyyətdədir – istər nazirliklərdə olsun, istərsə dövlət idarələrində. Ailə eyni zamanda güvənlik xidmətlərinə və bizneslərə də nəzarət edir", - İsveçrədə yaşayan Taksanov əlavə edib.

Özünü islahatçı kimi qələmə verən Mirziyoyev təcrid halında olan Özbəkistanı dünyaya açıb, qonşu ölkələrlə münasibətləri yaxşılaşdırıb, çox sayda siyasi məhbusu azad edib və pambıq sənayesində mövcud uşaq əməyinə son qoyub.

Ancaq o, gerçək demokratik islahatlar aparmayıb. Özbəkistanın 37 milyon nəfər əhalisi olsa da, orada hər hansı rəsmi siyasi müxalifət, yaxud müstəqil media yoxdur. Hakimiyyət söz azadlığı və fərqli düşüncəni xüsusi amansızlıqla boğur.

"Mirziyoyev elan edəcək ki, "Mən sizin üçün varis hazırlamışam""

Taksanovun proqnozuna görə, Özbəkistanda mövcud olan indiki şərtlər daxilində hakimiyyətin atadan qıza ötürülməsi heç bir real müxalifət, yaxud ictimai etiraz olmadan baş verə bilər.

"Mirziyoyev elan edəcək ki, "Mən sizin üçün varis hazırlamışam" və xalq da hər şeyi qəbul edib həmişəki kimi səs verəcək", - keçmiş diplomat belə deyir.

Orta Asiyada İnsan Haqları Assosiasiyası Parisdə fəaliyyət göstərir. Onun rəhbəri Nadejda Atayeva deyir ki, Mirziyoyevanın hökumətdəki işi onun prezidentliyə gəlməsi üçün məşqdir: "Son videolar göstərir ki, Mirziyoyeva ictimai arenada özünü çox arxayın hiss edir. Onun rəsmi vəzifələrdəki işi …karyera sıçrayışından öncə keçilən praktikanı xatırladır. Mirziyoyeva prezident administrasiyasında özündən əvvəl çalışmış rəsmilərdən xeyli daha çox gücə sahibdir".

Ancaq heç də hamı Mirziyoyevanın atasının yerini tutmaq istiqamətində hərəkətinin hamar olacağına inanmır.

Londonda yerləşən "Central Asia Due Diligence" araşdırma mərkəzinin rəhbəri Alişer İlhomova görə, prezidentliyə iddialı olan başqa bir güclü ailə üzvü də var. Söhbət prezidentin inandığı şəxsi cangüdəni və kiçik qızı Şahnozanın əri Otabek Umarovdan gedir.

Otabek Umarov
Otabek Umarov

Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini olan Umarovun "öz təsir rıçaqları var. Prezidentə yaxındır, səfər və tədbirlərdə onu müşayiət edir", - İlhomovun sözləridir.

AzadlıqRadiosunun araşdırmaları 40 yaşlı Umarovun ailə bağları sayəsində nəhəng sərvət topladığını göstərir. O, ölkənin siyasi və iqtisadi seçkinləri arasındakı güclü pərdəarxası vasitəçi kimi də görülür.

İlhomov deyir ki, Umarov "prezidentin Güvənlik Xidmətini yönəldən rəsmi şəxsdən çox, şəxsi cangüdən kimi davranır… və [prezidentə rahat çıxışı olduğundan] çox nüfuzlu mövqe tutur".

O, Umarovla Mirziyoyeva arasında bəlli rəqabət olduğunu vurğulayır. Duruma dair bilgili iki ayrı qaynaq AzadlıqRadiosuna Mirziyoyevanın yaxın köməkçisi Komil Allamjonov ilə Umarov arasında münaqişə olmasından danışıb.

İlhomov və digər ekspertlər deyirlər ki, Özbəkistanda hər hansı hakimiyyət transferini güclü güvənlik xidmətləri dəstəkləməlidir.

İlhomovun sözlərinə görə, Mirziyoyeva hazırda qayınatası, Milli Təhlükəsizlik Xidməti rəisinin müavini Botır Tursunova güvənə bilər. Ancaq o, Umarovun gələcəkdə təhlükəsizlik xidmətinə keçərək "şahdüzəldən" olacağını istisna etmir.

"Bu ssenari baş verərsə…"

"Bu ssenari baş verərsə və Tursunov yaşlandığı üçün Mirziyoyeva [təhlükəsizlik xidmətinə] öz adamını yerləşdirməzsə, Umarovun prezident olmaq şansları artar", - təhlilçilər belə deyirlər.

Heç vaxt açıq şəkildə hər hansı vərəsəlik planlarına eyham vurmayan birinci ailə, hələlik, vahid cəbhə təsəvvürü yaratmağa davam edir.

Mirziyoyevanın ictimai profilinin güclənməsi fonunda özbəklər keçmiş prezidentin qızı Gülnara Karimova ilə paralellər aparırlar. Onun kütləvi korrupsiyaya qurşanması atası İslam Karimov ilə münasibətlərinin korlanmasına gətirib çıxarmışdı.

Bir zamanlar atasının mümkün varisi kimi görülən Karimova hazırda pulyuma, reket və digər cinayət əməllərinə görə həbs cəzası çəkməkdədir. Onun 1 milyard dollardan artıq sərvət topladığı və qanunsuz biznes praktikaları sayəsində xaricdə nəhəng daşınmaz əmlak portfoliosuna malik olduğu bildirilir.

Taksanov iddia edir ki, Karimovanın qanunsuz yolla əldə etdiyi bəzi aktivlər son illər sakitcə Mirziyoyev ailəsinin nəzarətinə ötürülüb.

XS
SM
MD
LG