Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:26

Ödənişli parklanma işə düşür: toplanan pullar nəyə xərclənəcək?


Bakıda parklama: sürücülər yer qıtlığından və cərimələrdən narazıdır
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

Bakıda parklama: sürücülər yer qıtlığından və cərimələrdən narazıdır

Bakının parkinq probleminin çözülməməsi şəhər sakinlərində uzun illər narazılıq doğurub. Daha bir problem də avtomobillərin saxlanma yerlərində sürücülərdən qanunsuz ödəniş istənməsi idi. Bakı Nəqliyyat Agentliyi (BNA) tariflər bilinənədək küçələrdəki müxtəlif bilgiləndirici lövhələrlə parklanmanın pulsuz olmasını diqqətə yetirsə də, yenə sürücülərdən ödəniş tələb edilirdi.

Parkinq problemi ölkə prezidenti səviyyəsində də dilə gətirilmişdi. Di gəl, hökumət bu problemin çözümünü sanki bir ildən o biri ilə ertələyirdi. Qanunsuz pulları yığan şəxslərin Azərbaycan kimi iqtisadiyyatın hər sahəsinin tək əllərdə cəmləşdiyi ölkədə milyonlarla manat qazanması bu şəxslərin hökumət rəsmilərinə bağlı olmasına dair şübhələri artırırdı.

Axır ki, bu ilin iyununda Nazirlər Kabineti nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş məbləğlərini təsdiqlədi. Bakı Nəqliyyat Agentliyi həmin qərardan sonra parklanma ilə bağlı durumun dəyişəcəyini iddia edir.

Ödənişlər nə qədərdir?

Nazilər Kabinetinin qərarında Bakıda beş parklanma zonası müəyyənləşdirilib. Ödənişlər hər zonaya uyğun tətbiq ediləcək. Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlər fərqlidir. Dördüncü parklanma zonasına aid ərazilərdə saxlanma ödənişsizdir. Digər zonalarda da nəqliyyat vasitələrinin parklanması üçün gecə saat 10-dan səhər saat 7-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Parklanma yerindən yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər də fərdi parklanma talonları ala və o yerdən pulsuz yararlana bilərlər.

"Nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş məbləği"nin təsdiqlənməsi haqqında qərara əsasən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda, uyğun olaraq, 1 saatı 70, 40 və 30 qəpik məbləğində müəyyənləşdirilib.

Nazirlər Kabinetinin qərarında ölkənin digər ərazilərində də parklanma qiymətləri müəyyənləşdirilib. Bu qərara görə, Gəncə və Sumqayıt şəhərlərinin mərkəzi hissələrində parklanmanın 1 saatı 40 qəpiyə, digər ərazilərdə isə 20 qəpiyə başa gələcək. Ölkənin digər ərazilərində parklanmaya görə ödəniş nəzərdə tutulmayıb.

Ödənişlər necə yığılacaq?

Parklanma ilə bağlı yeni qaydaların tətbiqini sürücülər, əsasən, bugündən – avqustun 7-dən hiss etməyə başlayıb, axı nəqliyyat vasitələrinin parklanmasını yönəldən mobil tətbiq - "AzParking" bu tarixdən istifadəyə verilir. Ödənişlərin, əsasən, bu mobil tətbiq vasitəsi ilə edilməsi nəzərdə tutulub. Mobil tətbiqin "Ödənişlər" bölməsində parklanma ödənişlərini gerçəkləşdirmək olur. "Profil" bölməsində isə şəxsi bilgilər, avtomobillər, bank kartları, ödənişlər və fərdi parklanma talonu haqqında informasiya yer alıb. "AzParking"ə istənilən sayda nəqliyyat vasitəsi əlavə etmək olar. Virtual balansı "MilliÖn" və "eManat" ödəmə terminalları vasitəsilə də artırmaq imkanı var. Sürücülər mobil tətbiq vasitəsindən gedəcəyi ünvandakı parklanma yerlərinin durumuna dair öncədən bilgi əldə edə biləcək.

Mobil tətbiqlə yanaşı, SMS-lə də parklanma xidmətindən istifadə mümkündür. Bundan ötrü parklanmaya başlarkən avtomobilin dövlət qeydiyyat nişanı, paklanma məntəqəsinin nömrəsi və parklanma yeri SMS-lə 1181 nömrəsinə göndərilməlidir. Parklanma başa çatınca da "SON" yazılıb yenə 1181 nömrəsinə göndərilməlidir.

Toplanan vəsaitlər nəyə xərclənəcək?

İyulun 29-da prezident İlham Əliyev "Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası"nı təsdiqləyən fərman imzalayıb. Həmin qaydalardan bilinir ki, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, digər ərazilərdəki dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən toplanan vəsait Daxili İşlər Nazirliyinə, paytaxtdakı parklanma yerlərindən toplanan pullarsa Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə çatacaq. Qaydaya görə, həmin qurumlar vəsaiti bu istiqamətlərdə xərcləyə bilər:

- parklanma yerlərinin idarə olunması və saxlanılması (kommunal, mühafizə, təsərrüfat və rabitə xərcləri);

- parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, maddi və qeyri-maddi aktivlərin, o cümlədən parkomatların, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin alınması və onların yararlı vəziyyətdə saxlanılması;

- parklanma ilə əlaqədar tətbiqlərin yaradılması və onların saxlanılması;

- parklanma ilə bağlı maarifləndirmə və təbliğat işləri;

- nəqliyyat vasitələrinin saxlanılması üçün balanslarında olan qaraj və duracaqların idarə olunması və saxlanılması;

- yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiq edilməsi;

- parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülməsi üçün zəruri texniki vasitələrin alınması, parklanma qaydalarını pozmuş şəxslərə inzibati xəta haqqında iş üzrə materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsi;

- işçilərinin sosial müdafiəsinin gücləndirilməsi.

Agentlik həmin vəsaitdən ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə aramsız sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə də istifadə edir. Nazirliyə daxil olan vəsaitin 50 faizədək, Agentliyə daxil olan vəsaitinsə 30 faizədək bölümündən o qurumlarda çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq.

XS
SM
MD
LG