Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:20

Paşinyan: 'Biz Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyilik'


Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın CNN Prima News telekanalına müsahibə verir
Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın CNN Prima News telekanalına müsahibə verir

Ermənistan Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyil. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın CNN Prima News telekanalına müsahibəsində deyib:

"İndiyədək bu, heç vaxt açıq deyilməyib, amma düşünürəm ki, onsuz da məlumdur: Biz Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyilik. Bizim bu müharibədən, bu münaqişədən duyduğumuz həyəcan hissidir, çünki bu, bizim bütün münasibətlərimizə təsir edir”.

Paşinyanın sözlərinə görə Qərbdə Ermənistanı daha çox Rusiyanın müttəfiqi kimi görürlər, halbuki Moskvada görürlər ki, Yerevan müharibəni dəstəkləmir:

“Belə çıxır ki, Ermənistan bu situasiyada heç kimin müttəfiqi deyil”.

Paşinyan qeyd edib ki, situasiya mürəkkəbləşdikcə, Ermənistan hökumətinin manevr üçün məkanı daralır:

"Biz ona görə iki tərəf arasında ləngər vurmuruq ki, situasiya barədə rəyimiz yoxdur. Bu ona görə baş verir ki, çox təəssüf, bizim öz problemlərimizin çoxluğu, bizə başqa məsələlərin həllinə daha çox cəlb olunmaq imkanı vermir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Paşinyan bundan əvvəl demişdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olmasına və Rusiya ilə “dərin iqtisadi və strateji münasibətlərinə” baxmayaraq, Moskvaya dəstəyə görə Qərb sanksiyalarına düşməyi özünə rəva görə bilməz.

Paşinyanın KTMT-dən narazılığı

May ayında Ermənistanın baş naziri demişdi ki, Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birgə hərbi təlimlərində iştirakı barədə qərarı hələ qəbul etməyib.

Azatutyun xatırladır ki, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova Paşinyanın, öz ölkəsinin KTMT-dən çıxmaq ehtimalı barədə bəyanatını şərh etmişdi.

Zaxarova mayın 24-də keçirdiyi brifinqdə Paşinyanın bəyanatı barədə demişdi:

“Əgər bu nitq fiquru Ermənistanın KTMT-dən çıxmasına dair mövqeyini lobbi etmək üçündürsə, hər halda sözlərlə manipulyasiya etməyin bütün təhlükəliliyini başa düşmək lazımdır”.

Paşinyan Zaxarovanın bu bəyanatına onun adını çəkmədən cavab vermişdi:

“Mənim RF-dəki həmsöhbətlərim prezident və Rusiya Federasiyası hökumətinin sədridir. Hətta Rusiya kimi hörmətli və dost ölkənin XİN-i də mənim dediklərimi şərh edə bilməz”.

Paşinyan KTMT-ni Ermənistan və Azərbaycan arasındakı qarşıdurmada birmənalı mövqe tutmadığına görə dəfələrlə tənqid edib.

Mürəkkəb münasibətlər

Ötən ilin noyabrında KTMT-nin Yerevanda keçirilən sammitində Paşinyan təşkilatın kollektiv təhlükəsizlik şurasının bəyannaməsini və Ermənistana birgə kömək tədbirlərinə dair sənədi imzalamaqdan imtina etmişdi.

Paşinyan bunu onunla izah etmişdi ki, bu sənədlərdə Ermənistan-Azərbaycan sərhədində Bakının hərəkətlərinə siyasi qiymət verilməyib.

KTMT-nin digər üzvləri isə sənədlərdə Azərbaycanın konkret olaraq pislənməsini istəmirdilər.

Paşinyan bildirmişdi ki, belə mövqe KTMT-nin Ermənistan qarşısında öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilməlidir və “Azərbaycan təcavüzünə yaşıl işıq yandırır”.

Ermənistan hökumətinin başçısı bundan əvvəl ölkəsinin KTMT-dən çıxa biləcəyini istisna etmədiyini demişdi.

Kremlin reaksiyası

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Ukrayna müharibəsinə münasibətini nəzərə alıb, lakin Ermənistanla müttəfiqlik münasibətlərini inkişaf etdirməkdə davam edəcək.

Bunu prezident Putinin sözçüsü Dmitri Peskova istinadla RIA Novosti agentliyi xəbər verib:

“Biz bunu nəzərə alırıq. Bu çox mühüm bəyanatdır. Biz bilirik ki, Ermənistanın Ukrayna münaqişəsinə yanaşmasında müəyyən nyuanslar var. Biz bunları nəzərə alırıq və biz bunları bilirik. Amma sözsüz ki, biz Ermənistanla müttəfiqlik münasibətlərimizi davam etdiririk”.

XS
SM
MD
LG