Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:26

Paşinyan deyir ki, ərazi və Qarabağ ayrı-ayrı məsələlərdir


Ermənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan

Paşinyanın sözlərinə görə, sərhədin delimitasiya və demarkasiyası ilə Dağlıq Qarabağ müxtəlif müzakirə metodları tələb edən ayrı-ayrı məsələlərdir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı Ermənistana qarşı aşkar ərazi iddiaları nümayiş etdirməkdə ittiham edib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, baş nazir noyabrın 23-də jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında beynəlxalq birliyi “Bakının təcavüzkar siyasətinə” reaksiya verməyə çağırıb.

Bu da qeyd olunur ki, mətbuat konfransı həm ölkə ictimai televiziyası, həm də Paşinyanın Facebook hesabından canlı yayımlanırdı.

Bu konfransda jurnalistlərin suallarına cavab verən Paşinyan regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasında “dəhliz məntiqini” qəbul etmədiyini bir daha vurğulayıb.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının bəndlərinin birinə görə Azərbaycan və Ermənistan regiondakı bütün nəqliyyat əlaqələrinin bərpası barədə öhdəlik götürüblər.

"Şərqi Zəngəzur nə deməkdir?"

Bu kommunikasiyalara Azərbaycanı Naxçıvanla birləşdirəcək yollar da daxildir.

Bakı və Yerevan məhz bu bəndi fərqli şəkildə yozurlar. Ermənistan israr edir ki, o ərazisindən keçən bütün yollar üzərində suverenliyə malik olmalıdır. Azərbaycan isə Naxçıvana Ermənistan ərazisindən keçəcək dəhlizdən danışır.

Azərbaycan prezidenti İlham Əliyev “Zəngəzur dəhlizi” adlandırdığı bu koridorun açılmasını tələb edib. O bildirib ki, Ermənistan belə bir dəhlizin verilməsindən imtina etsə, Azərbaycan onu güc tətbiq etməklə aça bilər.

Paşinyan noyabrın 23-də keçirilən mətbuat konfransında deyib ki, Azərbaycan özünün aqressiv siyasəti ilə nəinki Ermənistanın suveren ərazisinə müdaxilə edir, həm də onun “dövlətçiliyinə, suverenliyinə, müstəqilliyinə və demokratiyasına” qəsd etmiş olur:

“Azərbaycan aşkar şəkildə Ermənistana qarşı ərazi iddiaları nümayiş etdirir. “Zəngəzur dəhlizi” və ya “Şərqi Zəngəzur” nə deməkdir? Bu terminləri kim uydurub? Bunların mənası nədir və dəhliz məntiqi nə deməkdir? Biz əvvəllər də bəyan etmişik və yenə də bəyan edirik ki, məsələləri dəhliz məntiqində müzakirə etməmişik, etmirik və etməyəcəyik”.

Paşinyanın sözlərinə görə bu, Ermənistanın hər hansı bir şəkildə regional kommunikasiyaların açılmasından imtina etməsi demək deyildir.

“Ermənistan açılımda, bəlkə də Azərbaycandan daha çox maraqlıdır”

Baş nazir bildirib ki, üç onillik blokadadan sonra Ermənistan regional kommunikasiyaların açılmasında bəlkə də Azərbaycandan daha çox maraqlıdır.

O deyib ki, Azərbaycan bəlkə də Ermənistanın blokadadan çıxmasını istəmədiyinə görə dəhliz məntiqində israr edir.

Bu yaxınlarda İlham Əliyev və Nikol Paşinyan arasında ən azı iki görüşün keçiriləcəyi məlum olub.

Ötən həftə hər iki lider dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində görüşməyə razılıq verdiklərini bildiriblər.

Belə bir görüş barədə təklifi Avropa Şurasının prezidenti Şarl Mişel vermişdi.

Bunun ardınca, noyabrın 23-də verilən məlumata görə daha bir Əliyev-Paşinyan görüşü Rusiya prezidenti Vladimir Putinin vasitəçiyi ilə noyabrın 26-da Soçidə olacaq.

Paşinyan mətbuat konfransında deyib ki, hər iki görüş həftələr və ayrlarla davam edən müzakirələrin nəticəsində mümkün olub. Bununla belə o qarşıdan gələn görüşlər barədə “dərhal nəticələr” gözləntisindən çəkinməyə çağırıb:

“Mən hər hansı konkret görüşdən, istər pozitiv olsun, istərsə də neqativ, böyük gözləntilər qurmağı, sürətli həllər gözləməyi düzgün saymıram. Bizim regionumuzda gərginlik var və onu aradan qaldırmaq üçün danışıqlar aparmalıyıq”.

Brüsseldə humanitar məsələlər

Baş nazirin sözlərinə görə bütün humanitar məsələlər, o cümlədən hərbi əsirlərin məsələsi Brüssel görüşünün gündəliyində olacaq:

“Bizim ümumi vəziyyətdən doğan rəyimiz bundan ibarətdir ki, Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar daha sıx olmalıdır. Bu ona görə lazımdır ki, müxtəlif situasiyaları həll etmək, həll yolları tapmaq və böhranlardan yayınmaq mümkün olsun”.

Paşinyan bu mənada Yerevan və Bakı arasında müdafiə nazirləri səviyyəsində birbaşa xəttin yaradılmasını pozitiv qiymətləndirdiyini deyib. Belə bir təşəbbüs Avropa Şurası rəhbərinin Əliyev və Paşinyanla telefon söhbətləri zamanı səsləndirilmişdi.

Azatutyun yazır ki, Paşinyan və Əliyev arasında görüşlərin keçiriləcəyi barədə məlumat iki ölkə sərhədində gərginliyin yaşandığı bir vaxtda elan olunub. Bu gərginlik 16 noyabrda silahlı toqquşmalara səbəb olmuşdu.

7 Azərbaycan və 6 Ermənistan əsgərinin həlak olduğu bu toqquşma Rusiyanın vasitəçiyi ilə dayandırılıb.

44 günlük müharibədən sonra tərəflər arasında ən qanlı döyüşlərin ardınca iki ölkə arasında sərhədin delimitasiya və demarkasiyasına beynəlxalq çağırışlar edilib.

Yerevanda etiraz aksiyası keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Qarabağ, sərhədlər və əsirlər

Sərhədin delimitasiya və demarkasiyasına dair danışıqlardan narahat olan Ermənistan müxalifəti bugünlər Yerevanda etiraz aksiyaları keçirir.

Etirazçılar bildirirlər ki, Azərbaycanla öz arasındakı sovet sərhədlərini tanımaqla Ermənistan faktiki olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu tanımış olacaq, bu isə etnik ermənilərin öz müqəddəratını müəyyən etmək hüququnu pozacaq.

Bununla bağlı Paşinyan deyib ki, Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü 1991-ci ildə, SSRİ çökərkən, Müstəqil Dövlətlər Birliyinin təşkili prosesində tanıyıblar. Lakin bu, Dağlıq Qarabağ probleminin yox olması ilə nəticələnməyib.

Paşinyanın sözlərinə görə, sərhədin delimitasiya və demarkasiyası, Dağlıq Qarabağ və regional açılım müxtəlif müzakirə metodları tələb edən ayrı-ayrı məsələlərdir:

“Məgər Artsax (Dağlıq Qarabağ – red) ərazi məsələsidir? Bizim başa düşdüyümüzə görə bu, ərazi məsələsi deyil. Artsax məsələsi hüquq məsələsidir və ərazi ilə heç bir əlaqəsi yoxdur”.

Nikol Paşinyan noyabrın 23-də keçirilən mətbuat konfransında habelə məlumat verib ki, noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində baş verən döyüş əməliyyatları zamanı 32 erməni hərbi qulluqçu əsir düşüb.

Onun sözlərinə görə sərhəd gərginliyi zamanı rabitəsi kəsilən həmin 24 erməni hərbçi əsir götürülüblər:

“Yoxlanmamış məlumatlara görə daha çox əsgər əsir düşüb. Biz onların həlak olduğunu düşünürdük, amma onlar əsir götürülüblər. Deməli 24 üstəgəl 8 əsir var. Amma bu məlumatı hələ dəqiqləşdirmək lazımdır”.

XS
SM
MD
LG