Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:50

'Pensiya yaşı 65-dən 60-a salınmalıdır'


17 manatlıq artım pensiyaçıların hansı dərdinə dərman olacaq?
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

17 manatlıq artım pensiyaçıların hansı dərdinə dərman olacaq? (Arxiv. 2021)

Ombudsman Səbinə Əliyevanın 2022-ci il üzrə məruzəsində qadınların pensiya yaşının azaldılması təklif olunur. Sənəddə bildirilib ki, qadının rolu, ailə qayğılarından irəli gələrək üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il iyulun 1-də 65 yaşa çatdırılması məqsədəmüvafiq deyil.

SSRİ dönəmində və Azərbaycanın müstəqilliyinin ilk 25 ilində qadınlarla kişilərin pensiya yaşında ciddi fərq olub.

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklə kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bununla da Azərbaycanda 2021-ci ilin iyulun 1-də kişilərin pensiya yaşı 65, qadınlarınkı isə 62 yaş olub. Ümumilikdə isə qadınların pensiya yaşı da (2027-ci ildən etibarən) 65 yaş qəbul edilib.

Dövlət Sosial Müdafiə Fondundan "Turan"a bildirilib ki, hazırda Azərbaycanda pensiya alanların sayı 1 milyon 114 min nəfərdən çoxdur: "Həmin şəxslərin 57.6 faizini qadınlar, 42.4 faizini kişilər təşkil edir. Erkən yaşda pensiyaya çıxan qadınların sayı isə 230 mindən çoxdur".

V.Bayramov
V.Bayramov

Deputat: "Təklif etmişik ki…"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da deyib ki, qadınların pensiya yaşının azaldılması son dövrlərdə müzakirə olunan məsələlərdəndir və Milli Məclisdə də onların fərqləndirilməsi məsələsi qaldırılıb: "Bir sıra inkişaf etmiş ölkələrdə qadınlar daha tez pensiyaya çıxır. Bu da birbaşa onunla bağlıdır ki, qadınların pensiya yaşında daha çox sosial təminata ehtiyac olur. O baxımından, biz təklif etmişik ki, qadınların pensiya yaşının 63-də saxlanması ilə bağlı maliyyə yükünün qiymətləndirilməsi keçirilsin".

Deputatın sözlərinə görə, belə bir qiymətləndirmənin aparılması qadınlarla kişilər arasında pensiya yaşına diferensial yanaşmanın həyata keçirilməsinə imkan verir: "Qadınların pensiya yaşının azaldılması məsələsi aktualdır və ona baxılması məqsədəuyğundur. Bu baxımından maliyyə yükü hesablanandan sonra bu istiqamətdə müzakirələrin davam etdirməsi və müvafiq qərarların qəbulu məqsədəuyğun hesab olunur. Bu da qadınların daha tez pensiyaya çıxması hüququnun reallaşmasına gətirib çıxara bilər".

Hələlik, səslənən təklifə Milli Məclis rəhbərliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

T.Vəliyev
T.Vəliyev

"Yalnız qadınların pensiya yaşı azaldılmamalıdır"

İqtisadçı Toğrul Vəliyev də AzadlıqRadiosuna xatırladıb ki, dörd ilə qadınların da pensiya yaşı 65-ə çatdırılacaq: "Reallıqda isə məsələ ondan ibarətdir ki, ölkədə 65 yaşında pensiyaya çıxan kişilər sonra haradasa yeddi, qadınlar isə doqquz il yaşaya bilir. O cəhətdən bizdə nə qadın, nə də kişi pensiyaya çıxdıqdan sonra rəsmi hesablanan 12 il yaşamaq imkanındadır".

Ekspertin fikrincə, yalnız qadınların pensiya yaşı azaldılmamalıdır: "Həm qadınların, həm kişilərin pensiya yaşı 65-dən 60-a salınmalıdır. Çünki son dönəmlərdə olan tendensiya göstərir ki, insanlar daha az yaşayır və əməkqabiliyyətli insanların pensiya yaşına çatmaq imkanları daha azdır".

O qeyd edib ki, Azərbaycanda pensiyaya çıxma qaydaları da çox sərtdir: "Yəni 25 illik staj, demək olar ki, heç bir ölkədə tətbiq olunmur. Avropa ölkələrində pensiya üçün 10 illik staj tələb olunur. Nəticədə Azərbaycanda əhalinin kifayət qədər böyük hissəsi yaşa görə müavinət alır".

214 min pensiyaçı azalıb

Vəliyevin sözlərinə görə, qadınlar da bir çox hallarda müvafiq staja malik olmurlar: "Bu, ya qeyri-rəsmi işlədiklərinə, ya da başqa səbəblərə görə baş verir. Nəticədə yaşa görə müavinət alanlar arasında qadınlar üstünlük təşkil edir. Kişilərdə də vəziyyət yaxşı deyil. Son beş ildir biz pensiya alanların sayının azalmasını müşahidə edirik. Yəni yaşlı insanların sayının ildən ilə artmasına baxmayaraq, pensiya alan şəxslərin sayı azalır".

Onun fikrincə, bu, məhz həmin sərt qaydaların nəticəsidir: "Staj tələbi azaldılmalı və, heç olmasa, 12 il olmalıdır, pensiya kapitalının hesablaması üsulu dəyişdirilməlidir. Çünki indiki üsul pensiyaya çıxanların sayının azalmasına xidmət edir".

2017-ci il iyulun 1-nə ölkədə pensiya alanların sayı 1 milyon 318.4 min nəfər olub.

XS
SM
MD
LG