Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:42

Pentaqon: Suriya neftinin pulları ABŞ-a yox, kürd döyüşçülərə çatacaq


Suriyanın şimal-şərqindəki neft mədənləri ABŞ qüvvələri tərəfindən mühafizə edilir
Suriyanın şimal-şərqindəki neft mədənləri ABŞ qüvvələri tərəfindən mühafizə edilir

Pentaqon bildirib ki, Suriyanın şimal-şərqində ABŞ tərəfindən mühafizə edilən neft mədənlərindən gələn qazanc Vaşinqtona yox, ona müttəfiq kürd döyüşçülərə çatacaq.

Pentaqonun sözçüsü Jonathan Hoffman noyabrın 7-də müxbirlərə deyib ki, “neft gəlirləri ABŞ-a yox, özəyini kürd döyüşçülər təşkil edən SDQ-yə veriləcək”.

Onun sözlərinə görə, bundan məqsəd SDQ-yə “İŞİD-sizləşdirmə kampaniyasında öz gücünü artırmaq” imkanı verilməsidir.

Hoffman izah edib ki, neft mədənlərinə nəzarətin kürd qüvvələrinə və SDQ-yə verilməsi, İŞİD-in bu mədənlərdən xeyir götürməsinin qarşısını alır.

SDQ Suriya münaqişəsi boyunca İslam Dövləti ekstremist təşkilatına qarşı mübarizədə ABŞ-ın müttəfiqi olub.

ABŞ kontr-admiralı və Birləşmiş Qərargahlar Komitəsi direktorunun müavini William Byrne deyib ki, cihadçılar 2015-ci ildə bu mədənlərə nəzarət edəndə, onlar günə 40 min barrel neft çıxarmaqla əldə etdikləri 1, 5 milyon dollarlıq gəlirdən ölkə daxilində və xaricində hücumlar həyata keçirmək üçün istifadə edirdilər:

“Biz sadəcə olaraq bunun təkrar olunmasına yol verməyəcəyik”.

ABŞ prezidenti Donald Trump Amerika qoşunlarının Suriyadan çıxarılmasına əmr verdikdən sonra, oktyabrın 9-da Türkiyə Suriyanın şimal-şərqindəki kürd qüvvələrinə qarşı hücum əməliyyatına başlamışdı.

Trump bu qərarına görə ABŞ-ın hər iki əsas siyasi partiyası tərəfindən kəskin tənqid edilmiş, bəziləri bunu hətta kürd müttəfiqlərə “xəyanət” adlandırmışdılar.

Trump bu tənqidlərdən sonra ABŞ qoşunlarının bir hissəsinin Suriyada saxlanacağını və neft mədənlərinin cihadçıların əlinə keçməsinin qarşısını alacağını demişdi.

XS
SM
MD
LG