Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:31

Əsgər atası: 'Bilmədik, erməni öldürdü, yoxsa özümüzünkü'


Pərviz Fərzəliyev
Pərviz Fərzəliyev

«Dedilər, çox dirəşməyin, «qəsdən öldürülüb» yazılsa, uşağa şəhid statusu verilməyəcək. Dedim, erməni vursaydı, torpağa görə ölsəydi, qanını halal edərdim, əsgər yoldaşı vurubsa, bir qətrə qanından da keçmərəm».

Qubanın Zizik kəndinin sakini Elçin Fərzəliyev bu ilin fevralında dəfn etdiyi əsgər oğlundan AzadlıqRadiosuna danışıb. Onun sözlərinə görə, əvvəl «atəşkəs pozulması nəticəsində həlak olmuş əsgər» kimi təmtəraqla dəfn olunan oğlunun sonradan əsgər yoldaşı tərəfindən qətlə yetirildiyi üzə çıxıb.

TABUTU AÇMAĞA İMKAN VERMƏYİBLƏR

Pərviz Fərzəliyev ötən ilin iyulunda hərbi xidmətə yollanıb. Füzulidə xidmət edirmiş. Bu il fevralın 14-də məzuniyyətə buraxılıb. 10 gün ailəsinin yanında qaldıqdan sonra hərbi hissəyə qayıdıb. 3 gün sonra ailəyə onun ölüm xəbəri verilib.

Buna da bax-'Əvvəl dedilər, özü özünü vurub, dedim dörd güllə ilə?'

Ata danışır: «Dedilər, ermənilərlə şiddətli döyüşdə həlak olan 9 əsgərdən biridir. Hərbi hissədən gəldilər, oğlumun nəşinin açılmasını tələb etdik. Dedilər, «şəhidin nəşi açılmır», guya qadağandır. Eləcə bildirdilər ki, güllə sifətindən dəyib, başından çıxıb. Nəşi yerdən götürənəcən tələb etdik ki, imkan verin, açaq, baxaq, arxayın dəfn edək, bəlkə heç tabutdakı bizim uşaq deyil. Nə isə, sona qədər imkan vermədilər. Axı, necə ola bilər ki, ata, ana öz övladının nəşini görə bilməsin. İçimizdə hələ də şübhə var ki, bəlkə elə bu uşağı işgəncə ediblər, bəlkə elə bədənində işgəncə izləri varıydı. Apardılar təmtəraqla, əsl şəhidə layiq dəfn etdilər, sabahı gün üzə çıxdı ki, uşağı öz əsgər yoldaşı öldürüb».

MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT VERMİR

Atanın sözlərinə görə, hərbi hissənin rəhbərliyindən ona telefon zəngi ilə bildirilib ki, Pərvizi Mingəçevirdən çağırışçı olan bir əsgər yoldaşı odlu silahla qətlə yetirib. Ata səbəbləri öyrənməkdən ötrü hərbi hissəyə gedib, əsgər yoldaşlarından nəsə öyrənməyə çalışıb, ancaq əsgərlər bildiriblər ki, onlara bu barədə danışmağa icazə verilmir.

Xəbər saytlarında «Qubanın Zizik kəndi öz şəhidini dəfn etdi», «Şəhid torpağa tapşırıldı», «Zizikli şəhidin anım mərasimi keçirildi» başlıqlı çoxlu xəbərlər var. Onun adı həlak olmuş və fevralın 28-də siyahısı «Hərbi Media» portalı tərəfindən açıqlanmış 11 əsgərin arasında da yer alıb. Həmin məlumatda Pərviz Fərzəliyevin Füzuli rayonu, Əbdürrəhmanlı istiqamətində erməni hərbi birləşmələri tərəfindən qətlə yetirildiyi qeyd olunur.

Müdafiə Nazirliyinin rəsmi məlumatlarında isə Pərviz Fərzəliyevin döyüşdə həlak olması ilə bağlı məlumat yoxdur. Qeyri-iş günləri olduğundan nazirlikdən əsgər atasının ittihamlarına münasibət öyrənmək mümkün olmayıb. İstintaqı Respublika Prokurorluğu aparır. AzadlıqRadiosu həmin qurumdan da əlavə açıqlama ala bilməyib.

XS
SM
MD
LG