Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:29

Prokurordan etiraf: Polis zabiti qadının evinə narkotik atdırıb


Narkotik
Narkotik

Prokuror etiraf edir ki, Binəqədi rayonu, 6-cı polis bölməsinin əməkdaşları vətəndaşı şərləyib həbsə göndərməkdən ötrü evinə külli miqdarda narkotik atıblar. Bunu sübut edən videogörüntülər, səs yazıları da var. Görüntü və səs yazılarındakı şəxslərin 6-cı bölmə rəisinin müavini Vaqif Aslanovla həmin bölmənin digər əməkdaşları olduğunu ekspertiza da təsdiqləyib. Bu üzdən, prokuror külli miqdarda narkotik ittihamı ilə həbs olunan Şəmsiyyə Manafovanın işindəki ittihamdan imtina edib. O etiraf edib ki, şərləndiyini təsdiqləyən sübutlar olduğundan Ş.Manafovaya verilən bu ittiham əsassızdır.

Biləcəri qəsəbəsində yaşayan Ş.Manafovanın 53 yaşı var. O, ötən ilin mayında həbs edilib. Cinayət işinin materiallarında iddia olunur ki, 6-cı bölmənin əməkdaşları onun haqqında əməliyyat məlumatı alıblar. Bu məlumat əsasında onu evinin yaxınlığında saxlayaraq bölməyə gətirib, cibindən 3 qrama yaxın narkotik tapıblar. Sonra evinə axtarışa gediblər. Evindən də 300 qrama yaxın narkotik və onu çəkməkdən ötrü tərəzi tapılıb. İddia edilir ki, Ş.Manafova narkotiki satmaqdan ötrü Mikayıl adlı bir iranlıdan alıb.

Polis zabitinin gəlinlə yaxınlığı olub

Ş.Manafova isə deyir ki, bu, yalandır, 6-cı polis bölməsinin zabiti gəlini ilə münasibətlərinə görə onu şərləyib, həbsə göndərib. O, oğlu Orxan Manafzadənin, yəni gəlinin ərinin həbsxanada olduğunu da deyib.

Polislərin onu küçədə saxlamadığını, birbaşa evindən apardığını söyləyən Ş.Manafova bölmədə işgəncəyə məruz qaldığını vurğulayıb. İstintaq təcridxanasına köçürülərkən üzərindəki xəsarətlərin oradakı müayinədə qeyd edildiyini də bildirib. Ekspertiza da onun üzərində çoxsaylı xəsarətlər olması haqda rəy verib.

Ş.Manafova özəlliklə bölmənin əməliyyatçısı Nazir Kərimovun onu daha çox döydüyünə diqqət çəkib.

Dindirilən polislər Ş.Manafovanın evinə narkotik qoymalarını, onun bölmədə döyülüb-söyülməsi haqda ünvanlarına səslənən ittihamları qəbul etməyiblər.

Sonradan ortaya videogörüntülər çıxıb

Videodan görünür ki, bölmənin əməkdaşı avtomobillə evin yanına gəlir, bir torbanın içində gəlinə nəsə verir, çıxıb gedir. Bir müddət sonra polislər evə axtarış aparmağa gəlirlər.

Gəlinin 6-cı polis bölmə rəisinin müavini və əməliyyatçılarla danışıqları da cinayət işinə əlavə olunub. Məsələn, rəis müavini Vaqif Aslanovla söhbətdə Ş.Manafovanın döyülməsindən bəhs edilir. Rəis müavini ondan şikayət edən şəxslər haqqında təhqiramiz ifadələr işlədir.

Videogörüntü və mesajlardan sonra gəlin polis bölməsi zabitlərindən biri ilə münasibətini etiraf edib. Anar adlı həmin şəxsin göstərişi ilə əməliyyatçılar bu işi icra ediblər.

Mesajlarda polislər gəlinə əri həbsdən çıxandan sonra, gərəksə, onu yenidən həbsə göndərəcəklərini, məhkəmədə ağır cəza verdirə biləcəklərini, bütün məsələlərin əllərində olduğunu deyirlər.

XS
SM
MD
LG