Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:52

Polis bölməsində qətlə yetirilən qadının ailəsi məhkəmədən narazıdır


Bu barədə martın 1-də məhkəmədə ailəni təmsil edən vəkil məlumat verib. Vəkil hakimlərə yazılı etirazı hazırlamaq üçün məhkəmədən vaxt istəyib

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində öldürülən Xanım Məmmədovanın ailə üzvləri bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalardan narazıdır. Ona görə də ailə işi araşdıran hakimlərə etiraz vermək niyyətindədir.

Bu barədə martın 1-də məhkəmədə ailəni təmsil edən vəkil məlumat verib. Vəkil hakimlərə yazılı etirazı hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Bu qətl hadisəsini Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Xanım Məmmədovanın qətlinə görə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında dayanan İsmayıl Məmmədov da Nizami rayon Post-Patrul Xidmətinin əməkdaşı olub.

Həyat yoldaşı Daxili İşlər Nazirliyinin 102 xidmətinə ondan şikayət etdiyinə görə bölməyə izahat verməyə çağırılıb. İsmayıl Məmmədov həyat yoldaşının bölmədə olduğunu biləndə ora gedib və hadisə də həmin vaxt baş verib.

Bölmə rəisinin ifadəsi elan edilib

İstintaq zamanı şahid qismində dindirilənlərdən biri də 24-cü polis bölməsinin rəisi Seymur Qarayev olub. Amma o, məhkəməyə gəlməyib. Hərçənd, təqsirləndirilən şəxs və vəkili də, zərərçəkmiş tərəf də polis rəisinin məhkəməyə çağırılıb dindirilməsini istəyib.

“Qanunun tələbidir ki, məhkəmə şəxsin istintaqa verdiyi ifadə ilə kifayətlənməməli, onu çağırıb dindirməlidir. Şəxsin də hüququ var ki, onun əleyhinə ifadə verəni dindirsin, ona suallarını versin”, – təqsirləndirilən Məmmədovun vəkili belə deyib.

Etirazlara baxmayaraq, hakimlər 24-cü polis bölməsinin rəisini çağırmaqdan imtina ediblər və onun istintaqdakı ifadəsini elan etməklə kifayətləniblər. O da ifadəsində bölmədə müstəntiqin otağında İsmayıl Məmmədovun həyat yoldaşını xidməti silahdan atəş açıb qətlə yetirməsini necə eşitdiyini danışıb.

Bundan sonra hakim Səbuhi Hüseynov elan edib ki, artıq şahidlərin dindirilməsi yekunlaşır, sənədlərin tədqiqi mərhələsi başlayır. Bu da zərərçəkmiş tərəfin etirazına səbəb olub. Onlar prosesin bu cür gedişindən narazılıqlarını bildirərək, hakimə etiraz vermək istədiklərini deyiblər. Bunun üçün vaxt istəyiblər. Məhkəmə onlara martın 15-nə qədər vaxt verib.

Xatırlatma

Həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan keçmiş polis əməkdaşı İsmayıl Məmmədova qarşı CM-in 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında yazılıb ki, ər-arvad arasında münasibətlər son vaxtlar gərginləşib. Hadisədən bir gün əvvəl Məmmədov həyat yoldaşını döydüyünə görə o, Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət edib. Ertəsi gün səhər saatlarında onu şikayətilə əlaqədar Nizami rayonu, 24-cü polis bölməsinə dəvət ediblər. Məmmədova bibisi və iki uşağıyla bölməyə gedib.

Müstəntiq Füzuli Qurbanov telefonla Məmmədova həyat yoldaşının ondan şikayətçi olduğunu, polis əməkdaşı olduğuna görə onunla bağlı araşdırmaların prokurorluqda davam edəcəyini bildirib.

Bölməyə gələn Məmmədov müstəntiqə bildirib ki, uşaqlarını görüb gedəcək. O, həyat yoldaşına barışmaq istədiyini bildirsə də, Məmmədova imtina edib.

Həyat yoldaşının işlədiyi ərazi üzrə bölməyə şikayət etməsinin ona pis təsir etdiyini, rüsvay olduğunu, üstəlik, bölmədə olarkən rəisin də ona irad bildirdiyini iddia edən Məmmədovun sözlərinə görə intihar etməyi qətiləşdirmişdi. Uşaqlarıyla da bu üzdən vidalaşmaq istəyirdi. Buna baxmayaraq, həyat yoldaşıyla da barışmağa cəhd edib, ondan üzr istəyib.

“Hamı eşidə-eşidə, mənimlə posta çıxan polislərin yanında ünvanıma xoşagəlməz ifadələr işlətdi...” – deyən Məmmədov hadisənin bir anda baş verdiyini deyir. O, əməlindən peşman olduğunu da vurğulayıb.

Ekspert rəyinə əsasən, Məmmədov hadisə zamanı xidməti silahında olan 15 güllənin hamısından istifadə edib.

XS
SM
MD
LG