Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:46

'Bu ildən əhaliyə dövlətin sosial dəstəyi mərhələli şəkildə azalacaq'


Rəşad Həsənov
Rəşad Həsənov

«Baxmayaraq ki, hökumətdə islahatmeylli davranışlar da, iradə də var, bir sıra dövlət qurumları islahatları sabotaj etməkdən çəkinmir və onlara maneələr yaradılmasında səlahiyyətlərindən məharətlə istifadə edirlər. Bu da islahatlarla bağlı gözlənilən nəticələrin əldə edilməməsinə səbəb olur», – iqtisadçı Rəşad Həsənov prezident İlham Əliyevin Yeni il ərəfəsində xalqa çıxışını şərh edərkən belə deyir.

Prezidentin sözlərinə görə, 2017-ci il tarixdə «dərin, köklü və nəticə verən» iqtisadi islahatlar ili kimi qalacaq. «Baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bildi», – İ.Əliyev əlavə edib.

İqtisadçı R.Həsənov ötən ilin müsbət və mənfilərini sadalayır.

– Rəşad bəy, prezidentin dediyi kimi, ötən ili dərin islahatlar ili kimi xarakterizə etmək olarmı?

– Birincisi, 2017-ci ildə strateji yol xəritələrinin icrasına başlanıldı. Yol xəritələrinin icrası zamanı nöqsanlar da vardı və bu, dövlətin özünün apardığı monitorinqinin nəticələrində ortaya çıxdı. Bundan başqa, ötən il struktur islahatları aparıldı, müəyyən nazirliklər birləşdirildi, yeni qurumlar yaradıldı. Eyni zamanda, Beynəlxalq Bankın maliyyə bazarlarında müəyyən qədər sabitliyi təmin etməsi də qiymətləndirilməlidir. Manatın məzənnəsi ilə bağlı ajiotaj aradan qalxdı, dollara qarşı Azərbaycan manatının sabit məzənnəsinin təmin edilməsi istiqamətində atılan addımlar da nəzərə alına bilər. Amma bütünlükdə götürəndə mən deməzdim ki, 2017-ci il tamamilə uğur ilidir.

- Nəyə əsasən belə deyirsiniz?

- 2016-cı ilin dekabrında Vergi Məcəlləsində 200-dək dəyişiklik edilib. Amma bunun əvəzində ötən il vergi yükü 0.1 faiz belə azalmadı. Ötən ilin qiymətləndirmələrinə görə, Azərbaycanda vergi yükü 39.8 faiz həcmindədir. Və ya qeyri-neft sektorunun dinamikası gözlənildiyi qədər yüksək deyil. İxracla bağlı artım var, təbii. Bu yöndə rəsmi rəqəmlərdə 22 faiz artım görünür. Ancaq məsələ ondadır ki, ixracın bazası o qədər kiçikdir ki, 100-200 milyonluq artım da qeyd edilən statistikanın ortaya çıxmasına gətirib çıxır. Bundan başqa, keçən il müsbət dəyişikliklər olsa da, faktiki olaraq əhalinin rifahına mənfi təsir göstərəcək dəyişikliklər də baş verdi. Bunlardan biri inflyasiya səviyyəsinin yüksək olmasıdır. Bazarlar devalvasiyaları və ondan sonra baş verən prosesləri 2017-ci ildə daha rahat şəkildə dəyərləndirdilər. İnflyasiya əhalinin alıcılıq qabiliyyətinin, sosial rifahının zəifləməsinə səbəb oldu. Eləcə də əmək pensiyaları haqqında qanuna dəyişiklikləri qeyd etmək lazımdır. Bu islahatı uğurlu hesab etmək olmaz. Pensiya sistemi dövlətə sərf edən şəkildə, onun maliyyə yükünün azaldılması ilə sərtləşdirildi və faktiki olaraq, əhalinin böyük bir qismi pensiya hüququndan məhrum oluna bilər. Düşünürəm ki, bu, sosial problemə səbəb olacaq addım kimi qiymətləndirilməlidir. Yəni belə. 2017-ci ildə müsbət məqamlar da oldu, mənfi məqamlar da.

- Sizcə, hökumət islahat aparmaq iradəsini nümayiş etdirdimi, yoxsa bu, bəzi mütəxəssislərin fikrincə, kağız üstündədir?

- Baxmayaraq ki, hökumətdə islahatmeylli davranışlar da, iradə də var, bir sıra dövlət qurumları islahatları sabotaj etməkdən çəkinmir və onlara maneələr yaradılmasında səlahiyyətlərindən məharətlə istifadə edirlər. Bu da islahatlarla bağlı gözlənilən nəticələrin əldə edilməməsinə səbəb olur. Amma ümumiyyətlə götürəndə, 2015-ci ilin kəskin devalvasiyaları, 2016-cı ilin resessiyaları ilə müqayisədə 2017-ci il nisbətən sabit il sayıla bilər. Həm məzənnə baxımından, həm də iqtisadiyyatın azalmasının nisbətən yavaşlaması baxımından. Ötən ili keçid ili kimi qiymətləndirmək olar. Çox güman, bu ildən iqtisadiyyat yenidən artım dinamikası nümayiş etdirə biləcək. Amma nəzərə alınmalıdır ki, iqtisadiyyatın bazası son iki ildə əhəmiyyətli dərəcədə kiçilib, 2016-cı ildə 2.8 faiz, ötən ilsə 2.2 faiz. Bu fonda biz 2018-ci ildə iqtisadiyyatın bərpa prosesinin, əvvəlki həddə, yəni 2014-2015-ci il səviyyəsinə çatmaycağını deyə bilərik. Yəni, ili birmənalı qiymətləndirmək çətindir. Bir məqamı da xüsusi qeyd etməliyəm. Neftin qiymətinin artmasından sonra hökumət daha çox xərcləmə siyasətinə qayıdıb. Bu, həm 2017-ci ilin dövlət büdcəsinə, həm Dövlət Neft Fondunun büdcəsinə edilən dəyişikliklərdə, həm də 2018-ci ilin dövlət büdcəsinin proqnozlaşdırılmasında əksini tapıb.

- Bu fonda vətəndaş 2018-ci ildən nə gözləməlidir? Haqqında çox danışılan islahatlar nəhayət bəhrə verəcəkmi? Manatın məzənnəsi sabit qalacaqmı?

– Bu il iqtisadiyyatın qeyri-neft sektorunda müəyyən artımlar qeydə alınacaq. Bu da dövlət büdcəsinin xərcləmələrini genişləndirməsindən qaynaqlanacaq. Dövlət büdcəsinin artırılmasında əsas məqsəd tikinti sektorunda yenidən canlandırma yaratmaqla iqtisadi artım əldə etməkdir. Bundan başqa, strateji yol xəritələrinin müəyyən öhdəlikləri var. Bu öhdəliklərin icrası iqtisadiyyata müəyyən dividentlər qazandırır, hər birinin ÜDM-də yaradacağı əlavə üstünlük var. Bu da iqtisadi artımı şərtləndirəcək. Düşünürəm ki, iqtisadi artım ən yaxşı halda 1 faiz ola bilər, baxmayaraq ki, hökumət qeyri-neft sektorunda artımın 2.5 faiz olacağını proqnozlaşdırır. Amma indiki halda bu gözlənilmir. Manatın məzənnəsinə gəlincə, indiki şərtlərdə 2018-ci ilin bazar konyunkturunun təhlili onu göstərir ki, manatın məzənnəsində ciddi dəyişiklik olmayacaq. Manatın məzənnəsi hələ də 90 faiz neftin qiymətindən asılıdır. Neftin qiymətindəsə dəyişiklik olmayacağı yönündə gözləntilər yüksəkdir. Bu ehtimaldan yola çıxaraq manatın möhkəmlənməsinin aşağı səviyyədə – təxminən 3-5 faiz möhkəmlənməsini gözləyirik. Manatın ucuzlaşma ehtimalı azdır. Bu da ondan asılıdır ki, məzənnə üzən bazar mühitində formalaşmır. Uzun sözün qısası, böyük ehtimalla manatın məzənnəsi sabit qalacaq. İnflyasiyaya gəlincə, hökumət 6 faiz proqnozlaşdırsa da, biz 10 faiz səviyyəsində olacağını proqnozlaşdırırıq. Dövlət büdcəsindən xərcləmələrin çoxalması, bazarlarda inhisarlaşma meyllərinin yüksəlməsi qiymətlərin artmasına səbəb ola bilər. Eləcə də pensiya qanunvericiliyinə dəyişikliklərdən sonra bu ildən başlayaraq əhaliyə dövlətin sosial dəstəyi mərhələli şəkildə azalacaq. İnflyasiyanın yüksək olması əhalinin alıcılıq qabiliyyətini azaldacaq və bu amillər vətəndaşın sosial rifahını geri çəkəcək.

XS
SM
MD
LG