Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:16

'Kreml bütün pislik rekordlarını qırdı'


Yevgeni Priqojin
Yevgeni Priqojin

Yevgeni Priqojin haqqında çoxsaylı müəmma var. Biri də onun təyyarəsinin qəzaya uğramasından bir gün öncə Afrikadan video yaymasıdır. O bu videoda özünün biznes imperiyasını genişləndirmək planlarından danışır.

DNT təhlillərinin cavabının çıxması və, deməli, Priqojinin ölümünün təsdiqi dörd gün çəkib. Di gəl, olayı izləyənlər yenə də nəticələri açıqlayan dövlət qurumlarının güvənli qaynaq olmamasını vurğulayırlar.

Nəticə etibarilə Priqojin ayrıca fəxri mərasimlə dəfn edilməyib. Onun üçün Rusiyanın ən ali medalına layiq görülən şəxslər üçün nəzərdə tutulmuş hərbi mərasim keçirilməyib. Adamların axın-axın gəldiyi, canlı translyasiya edilən dövlət tədbiri də olmayıb. Fəxri qarovulu, top atəşlərini və hərbi orkestri jurnalistləri uzaqlaşdıran polis əməkdaşları və Milli Qvardiya əsgərləri əvəzləmişdi.

Putin təyyarə qəzasından bir neçə gün sonra verdiyi, cüzi də olsa, nekroloqu xatırladan açıqlamasında Priqojin haqqında bəzi olumlu ifadələr işlədib. Ancaq o, 30 il boyunca tanıdığı adamın Rusiyada gündəlik həyatda hörmət əlaməti kimi işlədilən ata adını çəkməyib, soyadını dilə gətirməyi yetərli sayıb. Putin Priqojinin həyatda yanlışlara yol verdiyini də söyləməyi unutmayıb.

Məkanın özü yetərincə diqqət doğurur

Kreml sözçüsü Peskovun avqustun 29-da Putinin dəfnə qatılmayacağına dair bilgi verməsindən sonra Sankt-Peterburqdakı jurnalistlər bütün dəfn konvoylarını, keşişləri, qəbirqazanları, gülsatanları və məzarlıqlardakı bahalı maşınların nömrə nişanlarını ələk-vələk edərək dəfnin yerini tapmağa çalışıblar.

Peterburqda çıxan "Fontanka" qəzeti becid tərpənərək günorta şəhərin Severnoye məzarlığında dəfn edilən adamın Priqojinin əsas zabitlərindən sayılan, Suriya da daxil, bir çox yerdə "Vaqner" qrupunun biznes əməliyyatlarını yönəldən Valeri Çekalov olduğunu müəyyənləşdirə bilib.

Yerli vaxtla 17:20-də isə Priqojinin mətbuat xidməti öz "Telegram" kanalında "Vaqner" başçısının dörd saat öncə şəhərin Poroxovskoye məzarlığında dəfn edilməsinə dair qısa elan paylaşıb. Elanda dəfnin gizli formatda keçdiyi bildirilib.

Şəhər kənarında, sənaye zolağında, üstəlik, evsiz və narkotik maddə aludəçilərinin məskəni sayılan Poroxovskoye məzarlığı seçkin və sayqıyadəyər yer kimi tanınmır.

Halbuki ölkənin ən yüksək dövlət mükafatı olan "Rusiya qəhrəmanı" mükafatına layiq görülən Priqojinin fəxri qarovulla və hətta Moskva civarında Rusiyanın ən mühüm hərbi məzarlığı sayılan Volkovskoyedə torpağa tapşırılacağını gözləmək olardı.

"Hamı onu unudacaq"

"Kreml bütün pislik rekordlarını qırıb. Dəfndə güclü vətənpərvərlik nümayişinin ola biləcəyindən qorxan Kreml səhəri … oyunla açdı və, əlbəttə, uddu", - indi ölkə xaricində yaşayan tanınmış teleaparıcı Aleksandr Nevzorovun sözləridir.

Rusiyalı jurnalistlər Kremlin Ukraynada apardığı müharibəyə qoyduğu "xüsusi hərbi əməliyyat" deyimindən ilham alaraq Priqojinin dəfninə "xüsusi dəfn əməliyyatı" adını veriblər.

Ertəsi gün - avqustun 30-da qəbirə yaxınlaşmasına icazə verilən jurnalistlər onun üzərindəki bər-bəzəyi sənədləşdiriblər. Qəbrin üzərində taxtadan ənənəvi ortodoks xaçı, gül dəstələri və çələnglərdən başqa SSRİ-ni 1972-ci ildə tərk edən peterburqlu mühacir şair İosif Brodskinin çərçivəyə salınmış şeiri də var. Priqojin atası Viktorun qəbrinin yanında dəfn edilib.

Avqustun 30-da əksər rusiyalıların izlədiyi, dövlət nəzarətindəki TV kanalları öz axşam proqramlarında Priqojinin dəfni barədə, demək olar, heç bir bilgi verməyib. Birinci Kanal özünün 47-dəqiqəlik axşam xəbərlərində bu haqda bir dəqiqəlik reportajla kifayətlənib. Digər iki əsas kanalsa bu barədə hər hansı xəbər yayımlamayıb.

Daha öncə Peterburqda fəaliyyət göstərmiş "Teleqraf" xəbər agentliyinin rəhbəri olmuş Sergey Kovalçenko deyir ki, dəfn ətrafındakı qeyri-müəyyənlik onu göstərir ki, Kreml Priqojinlə bağlı yaranmış bu auranın tezliklə dağılmasını istəyir: "Mənə elə gəlir ki, təbliğat mesajı "onu mümkün qədər tez unudun" şəklində olacaq. Axı Kreml düşünür ki, bir şey televiziyada göstərilmirsə, deməli, mövcud deyil… Kreml PR oyununu yaxşı bacarır. Priqojin Nemtsov deyil".

Müxalif siyasətçi Boris Nemtsovun 2015-ci ildə Kreml yaxınlığında öldürülməsi xalqı dərindən kədərləndirmiş, onun dəfninə çox sayda adam gəlmişdi.

"Bütün bunları dəstəkləyən olmayacaq… Bir-iki ay keçəcək və hər şey ötüşəcək, hamı onu unudacaq. Məncə, Kremldəkilər belə düşünür", - yenə S.Kovalçenkonun sözləridir.

XS
SM
MD
LG