Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:01

Putin ‘küncə sıxışdırılmış’ Lukaşenkaya hərtərəfli dəstək vəd edir


Alyaksandr Lukaşenka (solda) və Vladimir Putin (Arxiv fotosu)
Alyaksandr Lukaşenka (solda) və Vladimir Putin (Arxiv fotosu)

Rusiya prezidenti Vladimir Putin Belarusun getdikcə artan beynəlxalq təzyiq altında olan avtoritar başçısı Alyaksandr Lukaşenkaya hərtərəfli dəstək verəcəyini bəyan edib.

Avropa İttifaqı, ABŞ, Kanada və Britaniya ötənilki seçkinin ardınca müxalifətə divan tutduğuna görə Lukaşenkanın rejiminə ağır sanksiyalar qoyub.

Rusiya regionlarının iyulun 1-də keçirilən 8-ci forumunda Putin deyib:

"Biz qardaş Belarus xalqına hazırkı siyasi situasiyada hərtərəfli yardım göstərməkdə davam edəcəyik. Belarus heç də təkcə yaxşı qonşu deyil, o bizim ilk və əzəli, ən yaxın müttəfiqimizdir”.

Belarus müxalifəti və Qərb Lukaşenkanın 2020-ci il seçkisini saxtalaşdırdığını deyir, seçki nəticələrini və onun özünün legitimliyini tanımaqdan imtina edir.

Avropadan üz döndərib

Belarusa qarşı təzyiqlər mayın 23-də Ryanair aviaşirkətinin sərnişin təyyarəsi məcburən Minskə endirildikdən və təyyarədəki müxalifət jurnalisti Raman Prataseviç və onun sevgilisi Sofya Sapeqa həbs ediləndən bəri ən yüksək həddinə çatıb.

Qərb təyyarənin zorla endirilməsini “dövlət səviyyəsində girovçuluq” adlandırıb.

Buna cavab olaraq Avropa İttifaqı ötən həftə Lukaşenka rejiminə xarici valyuta gəliri gətirən sahələrin üzərinə sanksiyalar qoyub.

Minsk buna cavab olaraq Avropa İttifaqındakı daimi nümayəndəsini “məsləhətləşməlıər” üçün geri çağırıb və Şərq Tərəfdaşlığı proqramındakı iştirakını dayandırdığını deyib.

Lukaşenka yenə də “müstəqillik” sözü işlədib

İyulun 1-də etdiyi çıxışda Putin deyib ki, Moskva “Belarus dostlara, onların Avropa İttifaqının bu yaxınlarda qoyduğu sanksiyalara müqavimətinə dəstək verməkdə davam edəcək”.

Bu foruma qatılan Alyaksandr Lukaşenka da deyib ki, Belarus və Rusiya “ölkələrimizə qarşı edilən hücumları” birlikdə dəf edəcəklər:

“Biz bu andan iqtisadi əməkdaşlığımızı gücləndirmək və ölkələrimizi tam müstəqil etmək üçün faydalanmalıyıq”.

Rusiyanın özü də 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən bəri Qərbin ağır sanksiyaları altındadır.

Rusiya və Belarus arasında ittifaq müqaviləsi bağlansa da, bu razılaşma 20 ildir ki, kağız üzərində qalıb. Müqaviləyə görə Belarus və Rusiya vahid dövlətdə birləşməlidirlər.

Putin son illərdə daha dərin inteqrasiyaya getməsi üçün Lukaşenkaya təzyiq göstərirdi.

Lukaşenka bu təzyiqləri daim dəf edib. Lakin 2020-ci ilin yayından ona qarşı başlanan kütləvi etiraz aksiyaları, indi isə nazirindən tutmuş ailə üzvlərinədək qoyulmuş Avropa sanksiyaları onu indilik Rusiyaya sığınmağa məcbur edib.

XS
SM
MD
LG