Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Putin deyib ki, Polşa Ukrayna ərazisinə iddia edir


Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında deyib ki, Polşa Ukrayna ərazisini işğal etmək istəyir.

O videobağlantı ilə keçirilən iclasda bunu da bildirib ki, Polşanın Belarus torpağında da gözü var:

"Polşa liderlərinə gəlincə, onlar ehtimalən düşünürlər ki, “NATO çətirinin” altında hansısa koalisiya düzəldib Ukraynadakı münaqişəyə birbaşa müdaxilə edəcək və “yağlı tikə” – özlərinin tarixi ərazisi saydıqları Qərbi Ukraynanı qoparacaqlar”.

Yenə də “hədiyyə” söhbəti

Putin dediklərini heç bir dəlil-sübutla əsaslandırmayıb:

"İndiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. Bəlkə bizim Varşavadakı dostlarımız bunu unudublar? Yadlarına salarıq”.

Varşava Putinin açıqlamalarını şərh etməyib.

Putin bundan əvvəl də sovet hakimiyyətinin “ərazi hədiyyələrindən” söz salıb.

O 2014-cü ildə Krımı ilhaq edəndə demişdi ki, yarımadanı Ukraynaya keçmiş sovet lideri Nikita Xruşşov “hədiyyə” edib.

Polşa Belarus sərhədinə qoşun yığır

Hazırda Ukrayna ərazisinin 20 faizi Rusiyanın işğalı altındadır. Putin ötən ilin sentyabrında Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirilməsinə dair fərman imzalayıb. Amma rusiyalılar bu vilayətlərdən heç birinə tam nəzarət etmirlər.

İyulun 21-də məlum olub ki, Polşa Belarusla sərhəddə qoşun cəmləşdirir və əraziyə tanklar göndərib.

Polşa Müdafiə Nazirliyi bu hərəkəti Rusiyanın Vaqner özəl hərbi şirkətinin Belarus ordusu ilə birgə təlimlərinin yaratdığı risklə izah edib.

Rusiya muzdluları hazırda Belarusun Mogilyov vilayətində yerləşdiriliblər.

Vaqner Belarusa şirkətin başçısı Yevgeni Priqojinin qiyamından sonra Alyaksandr Lukaşenkanın razılığı ilə gəlib.

XS
SM
MD
LG