Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:24

Putin Rusiyası hətta Belarusla da yola getmirsə…


Vladimir Putin (solda) və Alyaksandr Lukashenka
Vladimir Putin (solda) və Alyaksandr Lukashenka

AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, özünün 90 dəqiqəlik son çıxışında Belarus prezidenti Alyaksandr Lukashenka adətincə müxalifətdən yox, avqustun 9-da keçiriləcək prezident seçkisinin başqa oyunçusundan – Rusiyadan danışıb:

"Rusiya bizi itirməkdən qorxur. Axı hər halda bizdən başqa onların doğru-dürüst müttəfiqi qalmayıb”.

Bundan az əvvəl Minsk yaxınlığında həbs edilmiş 33 rusiyalı muzdlu barədə danışarkən Lukashenka Moskvaya daha sərt sözlər işlətmişdi.

O bu adamların Rusiya tərəfindən Belarusu qarışdırmaq, “rəngli inqilab” etmək və onun seçkisini pozmaq üçün göndərildiklərini iddia etmişdi.

Bu həftəsonu keçiriləcək prezident seçkisi Belarusa 26 ildir ki, fasiləsiz rəhbərlik edən Lukashenka üçün əsl sınağa çevrilə bilər.

Son günlər Minskdə və Belarusun başqa şəhərlərində prezidentliyə müxalifətin namizədi Svyatlana Tsikhanouskaya-nı dəstəkləyən çoxminlik mitinqlər keçirilib.

Rusiya Lukashenka-nı dəstəkləyəcək, ya yox?

Eckel yazır ki, Lukashenka-nın belə uzun müddətdə hakimiyyətdə qala bilməsinin əsas təminatçısı Rusiya və onun Belarus iqtisadiyyatına verdiyi dotasiyalar olub.

Amma son illərdə Lukashenka Putinin Rusiya ilə daha dərin inteqrasiya cəhdlərini rədd edəndən sonra, Moskva bu dəstəyini əhəmiyyətli şəkildə azaldıb.

Elə isə Moskva Lukashenka-nın bu seçkidə də qalib gəlib hakimiyyətdə qalmasını istəyirmi?

Britaniyanın Belarusdakı keçmiş səfiri Nigel Gould-Davies deyir ki, Belarusda baş verənlər Moskva üçün son dərəcə əhəmiyyətlidir:

"Belarusda 1990-ların ortalarından bu yana bu sayaq şərait olmayıb. Uzun müddətdən bəri avtoritar liderin hakimiyyəti altında olan bir slavyan dövlətinin iqtisadiyyatının iflası, onun çətinliyə düşməsi və müxalifət hərəkatı ilə üzləşməsi, “azad və ədalətli” seçki keçirilməsi Putin üçün xoşagəlməz bir nümunədir”.

Krımın ilhaqı Rusiyanın bütün qonşularını hürküdüb

Lakin Moskvadakı Carnegie Mərkəzinin təhlilçisi və direktoru Dmitry Treninin fikrincə, Lukashenka-nın avqustun 4-də etdiyi çıxış o demək idi ki, Moskva və Minsk arasında “xüsusi münasibətlər” başa çatır.

Bununla belə Trenin düşünür ki, Moskva köhnə müttəfiqinin “sədaqətsizliyindən” sonra, indi Lukashenka-dan sonrakı dövr barədə düşünə bilər. Amma Lukashenka-lı və ya Lukashenka-sız – Belarus Moskva üçün mübarizə obyekti olaraq qalacaq.

Minskdə anti-Rusiya aksiyalarından birində
Minskdə anti-Rusiya aksiyalarından birində

Eckel yazır ki, Lukashenka Rusiya ilə vahid ittifaq dövləti haqqında müqaviləni imzalaması ilə bu qədər uzun müddət hakimiyyətdə qala bilib.

Moskva Minskə məhz kağız üzərində olsa da “ittifaq” xətrinə dotasiyalar, ucuz enerji daşıyıcıları verib.

Belarusun iqtisadiyyatı tam olaraq onun kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracından asılıdır.

Amma Kreml bütün bunların müqabilində Lukashenka-dan Rusiyaya daha dərin inteqrasiya gözləsə də, bu baş verməyib. Daha doğrusu, prezidentliyini itirə biləcəyindən qorxan Lukashenka daha dərin yaxınlaşmaya getməyib.

AzadlıqRadiosu yazır ki, Krımın ilhaqı bütün keçmiş sovet respublikalarının liderləri kimi Lukashenka-nı da hürküdüb.

Moskva daha bir Zelenskiy istəmir

Ötən il Kreml Belarusun Rusiyaya daha dərin inteqrasiyası üçün son bir cəhd də göstərib. Ötən ilin dekabrında Lukashenka və Putin inteqrasiyanı müzakirə etmək üçün Sankt Peterburqda görüşüblər. Amma Lukashenka bu dəfə də Vladimir Putinin ümidlərini doğrultmayıb.

Bundan qəzəblənən Moskva Belarusa neft ixracını dayandırıb. Lukashenka neft üçün əvvəlcə Norveçə, daha sonra isə ABŞ-a üz tutmağa cəhd göstərib. ABŞ dövlət katibi Mike Pompeonun və ovaxtkı milli təhlükəsizlik müşaviri John Boltonun Minskə səfərləri də bununla bağlı idi.

Minskli politoloq Yury Tsarik əmindir ki, Moskva bu seçkidə Lukashenka-nı dəstəkləmir:

"Aydındır ki, onlar Lukashenka-nı dəstəkləmirlər. Lukashenka onlar üçün maneəyə çevrilib. Amma onlar vətəndaş cəmiyyətindən olan müxalif namizədləri də dəstəkləmirlər. Çünki seçkidə güclü qələbə qazanacaq güclü namizəd gələcəyin Lukashenka-sına çevriləcək”.

Politoloqun sözlərinə görə bu seçki Belarusa Ukraynada olduğu kimi daha güclü mandata malik prezident verə bilər.

"Əgər bu namizəd Zelenskiy kimi legitimlik qazana bilsə, Belarusun əsl dövlətə çevrilməsi və Rusiya ilə bağlarını kəsməsi təhlükəsi ortaya çıxa bilər”.

Lukashenka tonunu aşağı salsa da…

Başqa bir Belarus politoloqu Artyom Shraibman deyir ki, Kreml bütün hallarda Minski öz təsir dairəsində, NATO ilə öz arasındakı bufer kimi saxlamaq istəyəcək.

Politoloq bu qənaətdədir ki, hazırda Kremlin Belarusla bağlı işlənmiş, dəqiq planı yoxdur, amma Moskva bütün hallarda buradakı vəziyyətin sakit qalmasını istərdi.

Məqalədə deyilir ki, müxalifətin gur aksiyalarını və Moskvadan gələn dəstəyin azaldığını görən Lukashenka avqustun 4-də etdiyi çıxışında tonunu bir qədər dəyişib:

"Belarusda və Rusiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq Rusiya həmişə bizim ən yaxın müttəfiqimiz olub və olacaq. Bu, sarsılmaz faktordur və insanlarımızın qanında və canındadır. Baxmayaraq ki, bizim qardaş münasibətlərimiz indi partnyorluğa çevrilib…”

Amma burası da var ki, ötən bir il ərzində Belarus hakimiyyəti açıq-aşkar Rusiya maraqlarını hədəfləyən addımlar atıb – Rusiya səfirini qovub, Rusiya dövlət televiziyasının müxbirlərini həbs edib və nəhayət 33 rusiyalı muzdlunu aqressiv şəkildə saxlayıb.

Son hadisə ilə bağlı Rusiya Belarusu təhdid də edib. Rusiya Milli Təhlükəsizlik Şurası sədrinin müavini Dmitry Medvedev deyib ki, həbs edilən Rusiya vətəndaşları tezliklə azad olunmasalar, bunun Minsk üçün çox ağır nəticələri ola bilər.

Moskva Lukashenka üçün “çirkin” bir qələbə istəyir

Keçmiş səfir, hazırda isə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda Rusiya və Avrasiya üzrə ekspert olan Gould-Davies deyir ki, münasibətlərin korlanmasında Moskva günahkardır:

"Bu münasibətlərə ziyan vuran Rusiyanın böyük dövlət tələbləridir. Moskvanın bu səriştəsizliyi Rusiyanın qonşuları ilə münasibətlərini çətinləşdirən faktordur. Bu elə bir faktordur ki, Rusiya hətta Lukashenka kimi birisi ilə də yola gedə bilmir”.

ABŞ-ın Belarusdakı keçmiş səfiri Ken Yalowitz isə deyir ki, Moskva xaos və qeyri-müəyyənliyi xoşlamır. Amma Kreml həm də hər hansı bir islahatçı liderin Putinlə təhlükəli ziddiyyət yaratmasını istəmir:

"Düşünürəm ki, onlar Lukashenka-nın qələbəsini istəyirlər, çünki Lukashenka-nın Moskvanı tənqidi yalnız ritorika ilə məhdudlaşır”.

Shraibman bu mövqe ilə razıdır:

"Rusiya Lukashenka üçün qələbə, lakin onu zəif salacaq, etirazlara, təqiblərə səbəb olacaq və Qərblə münasibətləri korlayacaq bir qələbə istəyirlər”.

Politoloq bildirir ki, Rusiya bütün başqa sovet respublikalarına da belə yanaşır:

"Rusiya qonşuluğunda inqilablar istəmir, çünki Moskva öz sərhədlərindəki inqilabların və xaosun öhdəsindən əminliklə gəlmək qabiliyyətinə malik deyil”.

XS
SM
MD
LG