Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:35

Putinlə Assadın arası dəyibmi?


Vladimir Putin (solda) və Bashar al-Assad Suriyadakı Rusiya hərbi bazasında
Vladimir Putin (solda) və Bashar al-Assad Suriyadakı Rusiya hərbi bazasında

“Rusiya-Suriya münasibətlərində həyəcanverici əlamətlər görünməkdədir. Suriya parlamenti – Xalq Məclisinin katibi Khaled al-Aboud bəyan edib ki, Kreml Suriya hakimiyyətinə öz iradəsini diqtə edə bilməz”.

Rusiyada çıxan Nezavisimaya Gazeta yazır ki, millət vəkilinin Facebook səhifəsində paylaşdığı bu emosional post ərəb mediasında Rusiyanın Suriya prezidenti Bashar al-Assadı devirmək planları barədə xəbərlərin yayıldığı bir vaxta təsadüf edib.

Qəzet yazır ki, onun bu barədə söhbət etdiyi siyasi ekspertlər bu sosial media postunu Kremlə siqnal kimi qiymətləndirirlər.

“İnqilabın qətli” (2017) adlı kitabın müəllifi və “Rusiyanın Gözəgörünməz Orduları” (2020) kitabının həmmüəllifi Ruslan Trad Twitter-də yazır:

“Moskva və Dəməşq arasında söz müharibəsi davam edir. Xalq Məclisinin katibi Khaled al-Aboud Assadın Putini Suriyadan çıxarmağa qabil olmasını yazmaqla onu sonsuz müharibəyə doğru itələyib”.

Suriya parlamentində al-Aboud-un Rusiyaya qarşı qəzəbli bəyanatlarının mümkün nəticələri qızğın müzakirə olunur.

Suriyaya Rusiya yox, İran lazımdır

Bu da xəbər verilir ki, 30 min izləyicisi olan deputat Facebook səhifəsində “Assad Putinə hirslənsə nə olar” başlıqlı post yazıb.

İranyönlü baxışları ilə tanınan millət vəkili bu postunda bəyan edir ki, Rusiyanın Suriya hökumətinə öz iradəsini diqtə etmək haqqı yoxdur:

“Putin gözəl başa düşür ki, Assad ona regionda, deməli həm də beynəlxaql səviyyədə böyük fiqura çevrilmək imkanı yaradan şəxsdir. Buna görə də Suriya liderinin əhəmiyyətinin şübhə altına alınması Rusiya rəhbərliyinin reputasiyası üçün ölümcül nəticələrə səbəb ola bilər”.

Xalq Məclisinin katibi yazır ki, Dəməşqin ənənəvi müttəfiqləri İran hərbi elitası və Hizbullah şiə qruplaşmasıdır.

Onun sözlərinə görə, məhz bunlar Assada qarşı antihökumət qüvvələrinin dəf edilməsində əsas rolu oynayıblar.

Al-Aboud qeyd edib ki, Suriya sistemi Rusiya-Suriya yox, Suriya-İran münasibətlərinə hədəflənib.

Rusiya ordusunu hədələmək

Parlament katibinin qənaətində görə, əgər bunu çox istəsə prezident sarayı Kremllə münasibətlərin prioriteti azalda bilər:

“Prezident Assada lazım deyildi ki, Putin onu hərbi xaosdan qorusun və ya terrorizmlə mübarizədə ona kömək etsin. Rusiyanın Suriyada apardığı kampaniya ona görə lazım idi ki, ABŞ-ın müdaxiləsinin qarşısı alınsın”.

Al-Aboud hesab edir ki, Assad, maraqlarının Rusiya müttəfiqinin “yol xəritəsi” ilə üst-üstə düşmədiyini anlamalıdır.

Parlament vəzifəlisinin fikrincə, “əgər Assad Putinə hirslənsəydi” onda “Rusiya işğalına qarşı şüarını” ucadan səsləndirmək olardı.

İdlibdə bir suriyalı Rusiyanın hərbi maşınına yumurta atarkən
İdlibdə bir suriyalı Rusiyanın hərbi maşınına yumurta atarkən

Nezavisimaya Gazeta yazır ki, deputatın Facebook postunda Suriyadakı Rusiya hərbçilərinin həyatına təhlükə yaradan çağırışlar da var.

Qəzet bildirir ki, deputat Rusiya silahlı qüvvələrinin qüdrətini kifayət qədər qiymətləndirmir.

Al-Aboud yazır ki, “əgər Assad qəzəblənsə, ruslar Tartus hərbi-dəniz bazasında bir-neçə saat da qala bilməzlər”.

Nezavisimaya Gazeta Əş-Şərq əl-Ousət qəzetinə istinadən yazır ki, al-Aboud-un deputat yoldaşları onu Facebook postunu silməyə və üzrxahlıq etməyə çağırıblar.

Lakin deputat bunu etməyəcəyini və yazdıqlarının Suriya hökumətinin yox, onun şəxsi mövqeyini əks etdirdiyini bildirib.

Assada elə gəlir ki, Putin ondan asılıdır

Nezavisimaya Gazeta yazır ki, Rusiyanın guya Assadı əvəzləmək planlarının olduğu barədə şayiələrin yaranması, Kremlə yaxın mediada Suriya prezidentinin korrupsiyaya bulaşması və qeyri-populyar olması barədə son günlər artan yazılarla bağlıdır.

Rusiya qəzetinin qənaətinə görə Suriyada belə söz-söhbətin yayılmasına Moskva rəsmiləri də rəvac veriblər.

Rusiyanın Suriyadakı səfiri Aleksandr Aksenenko Rusiya Beynəlxalq İşlər Şurasının saytında dərc etdiyi məqalədə yazıb ki, Dəməşq siyasi məsələlərdə “şüurlu uzaqgörənlik və yumşaqlıq” nümayiş etdirməyə meylli deyil.

Nezavisiya Gazetanın müstəqil politoloq kimi təqdim etdiyi Mahmud al-Hamza deyib ki, Suriya elitasında belə məlumatlara çox ağrılı reaksiya verirlər.

Onun fikrincə Dəməşq al-Aboud-u öz mövqeyini Rusiya rəhbərliyinə çatdırmaq üçün seçib:

“Putinin və Rusiya qoşunlarının ünvanına bu hədələr qəribə səslənir. Amma Suriya rejimindən nə desən gözləmək olar. Müharibə vaxtı Rusiya, İran və Suriya rejimi dostluq edirdilər. Amma indi döyüş əməliyyatları dayanıb. İndi söhbət siyasi qərardan və Suriyanın yenidən qurulmasından gedir. Bu səbəbdən də Rusiya, İran və Suriya rejimi arasında münaqişəli situasiyalar yaranır”.

Dəməşqdə Bashar al-Assad və Hizbullah lideri Hassan Nasrallahın birgə portreti olan plakat
Dəməşqdə Bashar al-Assad və Hizbullah lideri Hassan Nasrallahın birgə portreti olan plakat

ABŞ Dövlət Departamentinin Suriyada siyasi keçid üzrə xüsusi nümayəndəsi olmuş Frederic C. Hof Nezavisimaya Gazetaya deyib ki, Kreml və Assad arasında gərginlik aşkardır:

“Moskva istəyir ki, rejim sülh danışıqlarında ciddi iştirak etsin. Kompromis və siyasi hakimiyyətin bölüşdürülməsi rejimin hifz olunmasına inkan verərdi. Lakin Bashar al-Assad özünü inandırıb ki, o Vladimir Putinin siyasi uğuru üçün zəruri elementdir. Buna görə də ona elə gəlir ki, heç kimə güzəşt etməli və heç kimlə kompromisə getməli deyil. Assad inanır ki, rusiyalılar və iranlılar öz maraqları naminə onun əldən düşmüş ordusunu tam qələbəyə çatdırmağa məcburdurlar”.

Keçmiş diplomat belə bir nəticəyə gəlir:

“Assad rejimi əmindir ki, siyasi kainatın mərkəzində dayanır. Kreml isə bu rejimin korrupsiyalılığı, səriştəsizliyi və özündən razılığından təngə gələ bilər”.

XS
SM
MD
LG