Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:51

Qarabağ müharibəsindən sonra Britaniya da dron proqramına başlayacaq? – Qərb mediası


Bakıda keçirilmiş hərbi paradda
Bakıda keçirilmiş hərbi paradda

The Guardian qəzetinin yazdığına görə Britaniya hərbiyyəsinin yeni silahlı dron proqramına başlayacağı “gözlənilir”.

Qəzet yazır ki, Londonu buna həvəsləndirən Azərbaycanın Dağlıq Qarabağ müharibəsində bu texnologiyadan istifadə etməklə qalib gəlməsi olub:

“Müdafiə rəsmiləri bu qənaətdədirlər ki, Azərbaycanın ucuz Türkiyə dronlarından istifadə etməsi onun 6 həftəlik payız müharibəsində Ermənistanı məğlub etməsində və əraziləri nəzarəti altına almasında həlledici rol oynayıb”.

Qəzetin yazdığına görə Britaniya Müdafiə Nazirliyindəki mənbələr əlavə ediblər ki, London beşillik müdafiə planı çərçivəsində özünün ucuz dronlarını yaratmaq istəyir.

Xəbər verilir ki, “rəsmilər bu planı öldürücü politsuz təyyarələrin qadağan olunacağı barədə xəbərdarlıqlara baxmayaraq artıq 2021-ci ildə elan etməyi planlaşdırırlar”.

Bu ayın əvvəllərində Britaniyanın müdafiə naziri Ben Uolis demişdi ki, Türkiyənin TB2 dronları başqa ölkələrin “liderliyi necə ələ almasını” nümayiş etdirir.

O əlavə etmişdi ki, dronlar “yüzlərlə zirehli maşınları və hətta havadan müdafiə sistemlərini” məhv edə bilir.

The Guardian xatırladır ki, PUA-ların Dağlıq Qarabağda canlı qüvvəni məhv etməsini göstərən videolar da var.

1-2 milyon dollar hara, 20 milyon dollar hara?

Qəzetin yazdığına görə Azərbaycan Müdafiə Nazirliyinin oktyabrda paylaşdığı videoda TB2 dronlarının erməni qüvvələrinin yerini necə müəyyəşdirdiyi və informasiyanı artilleriyaya ötürdüyü görünürdü.

Məqalədə deyilir ki, ekspertlər Baykar Makina şirkətinin istehsal etdiyi TB2 dronlarının birinin 1-2 milyon dollara başa gəldiyini təxmin edirlər.

Halbuki Britaniya hərbiyyəsi ABŞ-ın General Atomics şirkəti tərəfindən istehsal edilən 16 təkmil Protector dronlarının hər birinə 20 milyon dollar ödəyib.

Bu da qeyd olunur ki, TB2 dronlarının uçuş mənzili xeyli qısa – 150 kilometr olsa da, onlar 24 saat havada qala bilir.

Üstəlik ucuz olduqlarına görə bəzən belə dronların itirilməsi böyük ziyan vurmur.

Regional balansın dəyişməsi

The Guardian yazır ki, Türkiyənin TB2 dronları regiondakı hərbi balansı sürətlə dəyişir və bu dronlardan Suriya və Liviyadakı vətəndaş münaqişələrində istifadə olunub.

Məqalədə iddia edilir ki, Azərbaycan müharibə ərəfəsində Türkiyədən 20-dək TB2 alıb və onlarıdan o qədər geniş və səmərəli istifadə edə bilib ki, bəziləri onların Türkiyə tərəfindən idarə olunduğunu iddia ediblər.

Qəzet yazır ki, bu dronların zərbə endirməsini göstərən kadrlar Bakıda geniş küçə ekranlarında nümayiş etdirilirdi.

Bu da qeyd olunur ki, bu müharibədə hər iki tərəfdən 5 min əsgərin həlak olduğu təxmin edilir.

Oryx Blog saytının ekspertləri video və fotolar əsasında təxmin edirlər ki, bu müharibədə Ermənistan 224, Azərbaycan isə 36 tank itirib.

Britaniyadakı Royal United Services Institute hərbi analitik mərkəzindən professor Maykl Klark deyib ki, “azərbaycanlıların dronlardan istifadəsi həlledici rol oynayıb”.

Erməni komitəsinin iddiaları

Məqalədə deyilir ki, Ermənistan qüvvələri tərəfindən vurulmuş bir neçə TB-2 dronunun qırıntılarının təhlili Baykarın onları ucuz qiymətə necə istehsal etməsinə aydınlıq gətirib.

Bu da bildirilir ki, Amerika Erməni Milli Komitəsinin hazırladığı şəkilli hesabatda dronlarda ABŞ-ın Garmin şirkətinin naviqatorlarından istifadə olunduğu iddia edilirdi.

Garmin bildirib ki, onun məhsulu hərbi məqsədlərlə istifadə üçün nəzərdə tutulmayıb və şirkət dilerlərinə Baykara bütün satışların dayandırılmasını tapşırıb.

Oktaybr ayında Kanada Türkiyəyə ixracatı dayandırmışdı. Qəzetin yazdığına görə bundan məqsəd ABŞ-ın L3Harris şirkətinin filialı olan Wescam şirkətinin bəzi mexanizmlərinin Türkiyəyə satılmasının qarşısını almaq idi. Bu cihazlardan da TB2 dronlarının hazırlanmasında istifadə olunduğu bildirlirdi.

Britaniya hökuməti təkzib edir

Bu hesabatda habelə TB2-də Britaniya mənşəli iki komponentin olduğu ehtimal edilirdi.

Bunların Andair şirkətinin istehsalı olan yanacaq nasosları və EDO MBM Technology şirkətinin istehsalı olan raket buraxıcıları olduğu iddia olunurdu.

The Guardian yazır ki, Britaniya şirkətləri 1992-ci il embarqosuna riayət etməlidirlər. Bu embarqo Dağlıq Qarabağda istifadə oluna biləcək bütün növ silahlara qadağan qoyur.

Məqalədə deyilir ki, Britaniyanın Beynəlxalq Ticarət Nazirliyi erməni komitəsinin iddialarını təkzib edib və bildirib ki, bu embarqoya zidd heç bir lisenziya verilməyib.

Ekspertlərdən biri qəzetə deyib ki, Britaniyanın dron planları mübahisəli zonalarda bu texnologiyalardan istifadəni legitimləşdirə bilər.

Britaniyadakı Dron Müharibələri adlı QHT-nin direktoru Kris Koulz deyib ki, “vətəndaş cəmiyyəti qrupları ucuz dronların qonşu ölkələr arasındakı qanlı müharibələri qızışdıra biləcəyinə dair xəbərdarlığı bir müddət əvvəl vermişdilər”.

XS
SM
MD
LG