Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:46

Son itkilər niyə açıqlanmır?


Əsgərlər
Əsgərlər

Sentyabrın 19-da Qarabağda keçirilən və cəmi bir sutka davam edən hərbi əməliyyatlardan artıq az qala bir həftə keçib. Lakin, hələlik, Azərbaycan öz itkilərinin sayını açıqlamır. Hərçənd, sentyabrın 20-də, bölgədə atəşkəs bərpa edildikdən sonra Prezident İlham Əliyev xalqa müraciətində həlak olanlar və yaralananlardan danışdı, amma o, bununla bağlı hər hansı rəqəm səsləndirmədi.

Həftə ərzində sosial şəbəkələrdə də son hərbi əməliyyatlarda həlak olduğu bildirilən hərbi qulluqçuların şəkilləri paylaşılır, dəfn mərasimlərinə aid görüntülər yayılır. Bəzi ekspertlər hesablamalarında müxtəlif rəqəmlərdən də bəhs edirlər. Rəsmilər isə nə bu rəqəmləri təkzib edir, nə də hər hansı rəqəm açıqlayırlar. Sosial şəbəkə istifadəçilərindən bəziləri bunu qapalı cəmiyyətə xas hal kimi dəyərləndirib tənqid etsələr də, digərləri də bunu normal dəyərləndirirlər. Onlar deyir ki, hərbi əməliyyatlar başa çatmayıbsa, itkilərin açıqlanması hərbçilərin əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər.

C.Məmmədov
C.Məmmədov

"İtkilərin sayını açıqlamamasının əsas səbəbi…"

Xəzər Hərbi Tədqiqatlar Mərkəzinin rəhbəri Cəsur Məmmədov AzadlıqRadiosuna bildirib ki, onların araşdırmalarına görə, "antiterror tədbirləri" zamanı ən azı 150 Azərbaycan hərbçisi həlak olub, 500-dən çoxu isə yaralanıb: "Hazırda dəqiqləşdirmə işlərimizi davam etdiririk və rəqəm daha çox ola bilər".

Ekspertin fikrincə, Azərbaycan rəsmilərinin itkilərin sayını açıqlamamasının əsas səbəbi hərbi əməliyyatların tam bitməməsidir: "Antiterror əməliyyatı bitib, amma ümumilikdə regionda vəziyyət gərgindir və istənilən an toqquşma ola bilər, çünki müəyyən ərazilərdə müəyyən silahlı qrupların qaldığı bildirilir. Qeyri-qanuni qruplar tam silahsızlaşdırılana qədər bu rəqəmlər açıqlanmayacaq, çünki say dəyişə bilər".

F.Mustafa
F.Mustafa

"Yəqin ki…"

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən rəsmi münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a açıqlamasında belə bir ehtimal səsləndirib ki, məsələ ilə bağlı sistemləşdirilmə aparılır. Deputatın sözlərinə görə, çox güman ki, üstəlik, minalarla bağlı bəzi ərazilərə daxil olmaq mümkün deyil: "Ona görə də rəqəmləri söyləməkdə çətinlik çəkirlər. Şəhid olduğu düşünülən şəxsin hansısa məkanda yaralı vəziyyətdə tapılması mümkün ola bilər. Bu baxımından yəqin ki, dəqiq say açıqlanmır".

F.Mustafa hesab edir ki, bu məsələdə heç bir qaranlıq məqam yoxdur: "Burada vətən uğrunda həlak olan vətəndaşlardan söhbət gedir. Onların gördüyü işlərin miqyası o qədər böyükdür ki, bundan nazirlik və digər qurumlar yalnız fəxr edə bilər. Ona görə də burada hansısa qərəz və ya boşluq axtarmaq məncə doğru deyil".

A.Məmmədli
A.Məmmədli

"Sanki bir şeylər baş verəcək…"

Hüquq müdafiəçisi Anar Məmmədlinin sözlərinə görə, 44 günlük müharibə göstərdi ki, hökumət məlumatları əməliyyatlar başa çatandan sonra açıqlayır: "İndi bunun gecikməsi, istər-istəməz, "əməliyyat bitməyibmi" sualı yaradır".

A.Məmmədlinin qənaətinə görə, hökumət gözləmə mövqeyindədir. "Sanki bir şeylər baş verəcək və çıxıb vətəndaşlara deyəcəklər ki, bu sənəd imzalandı, yaxud da bu razılaşma əldə olundu, bu hərbi əməliyyatlar zamanı bunu əldə etdik, bizim itkilərimiz bu qədərdir. Mənim gözləntim budur".

Son bir həftədə…

Sentyabrın 19-da rəsmi Bakı Qarabağda "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi. Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Bundan sonra Yevlax və Xocalıda Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin görüşdüyü, əsasən, humanitar məsələlərin müzakirə edildiyi bildirilib.

Hərbçi ailələri etiraz edir: 'İlham Əliyevin bu xalqa ürəyi yanırsa...'
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki sülh müqaviləsi imzalaya bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Birinci Qarabağ müharibəsində Azərbaycanın mülki insanlarla birlikdə 16 mindən çox itki verdiyi açıqlanmışdı. Üç il əvvəl isə 3 min civarında hərbi qulluqçunun, 100-ə qədər isə mülki şəxsin həlak olduğu deyildi.

XS
SM
MD
LG