Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:48

Separatçılar Bakıya sülhməramlıların qərargahında görüş təklif ediblər


Qarabağ separatçılarının lideri Arayik Arutyunyan iclas keçirir
Qarabağ separatçılarının lideri Arayik Arutyunyan iclas keçirir

Qarabağdakı separatçı rejim Rusiya sülhməramlı missiyasının vasitəsilə Azərbaycan tərəfinə görüş təklifi göndərib.

Bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun verir.

Məlumatda deyilir ki, görüşün “Rusiya sülhməramlı kontingentinin dislokasiya yerində və bu kontingentin komandanlığının vasitəçiliyi ilə keçirilməsi” təklif olunur.

Bu da qeyd olunur ki, separatçı rejim “təxirəsalınmaz humanitar məsələlərin” müzakirəsini istəyir.

Erməni tərəfi bundan əvvəl Qarabağı Ermənistanla birləşdirən Laçın yolunun bağlanması ilə əlaqədar Qarabağda “humanitar böhranın” yarandığını iddia edib.

Azatutyun yazır ki, Azərbaycan silahlı qüvvələri martın sonlarında Laçın dəhlizinə yaxın strateji yüksəklikləri nəzarətə götürdükdən sonra humanitar vəziyyət daha da gərginləşib, çünki Qarabağ erməniləri torpaq yollardan istifadə edə bilmirlər.

Erməni sakinlər kənddə tutulan azərbaycanlıdan danışdılar
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Torpaq yol söhbəti

Azərbaycan isə dəfələrlə bəyan edib ki, Laçın yolu bağlı deyil və buradan mülkilərin, humanitar yüklərin və ərzağın keçməsinə imkan verilir.

Bakı bunu da bildirir ki, Laçın yolu ətrafındakı yüksəkliklərin nəzarətə götürülməsinə sözü gedən torpaq yollarla, Rusiya sülhməramlılarının müşayiəti ilə “qanunsuz yüklərin” daşınması səbəb olub.

Qarabağ separatçıları bundan əvvəl Azərbaycanın Bakı şəhərində görüş keçirmək təklifini rədd ediblər.

Onlar bildiriblər ki, Azərbaycan nümayəndələri ilə yalnız Rusiya sülhməramlılarının qərargahı olan yerdə (Xocalıda-red) və yalnız Rusiya kontingenti komandanlığının vasitəçiliyi ilə görüşə bilərlər.

Azatutyun yazır ki, Bakı bu son görüş təklifinə hələ ki, münasibət bildirməyib.

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG