Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:34

'Yeni müharibə başlasa, aprel döyüşlərinə bənzəməyəcək'


Aprel (2016) döyüşlərindən sonra
Aprel (2016) döyüşlərindən sonra

Politoloqlar yeni müharibə ehtimalından danışırlar

5-6 ay öncə “7 rayon qaytarılacaq, yerdə qalan ərazi ilə bağlı danışıqlar sürətlənəcək və Qarabağ probleminin sülh yolu ilə həllinə doğru ciddi addımlar atılacaq” tezisi gündəmi zəbt etmişdi. Bu tezisi 4 aprel döyüşləri də gücləndirmişdi, yoxsa, qəfil başlayan, qısa çəksə də hər iki tərəfdən onlarla canlı itkiyə başa gələn müharibəyə başqa cür haqq qazandırmaq olmazdı. Ən azı, o zaman bəzi ekspertlər bunu vurğulayırdılar.

İndi isə həm ABŞ, həm də Rusiyanın yüksək tribunalarından Qarabağ probleminin bu tezliklə həll olunmayacağı ilə bağlı kədərli notlarla izlənən bəyanatlar səslənir.

Buna da bax:​ Kerry Qarabağ haqda: "liderlər hazır deyillər"

Sentyabrın axırlarında ABŞ-ın dövlət katibi John Kerry deyib ki, Dağlıq Qarabağda gərginlik var, liderlər isə hələ hazır deyillər. Rusiya prezidentinin köməkçisi Yuri Ushakov isə bu günlərdə bildirib ki, Moskva yaxın vaxtlarda Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı “böyük nikbinlik keçirmir”.

Hər iki bəyanat Azərbaycan rəsmilərinin sərt reaksiyası ilə üzləşib. Kerry-nin dedikləri daha kəskin atəşə tutulsa və Ushakov-un fikirləri rəsmi Bakını sadəcə “təəccübləndirsə” də, görünən odur ki, ölkə hakimiyyəti nə ABŞ-dan, nə də Rusiyadan Qarabağ münaqişəsi ilə bağlı belə bir münasibət gözləyirdi.

“Sülh yolunu gözləyirik”

Hətta dövlət başçısı İlham Əliyev “Sputnik” informasiya agentliyinə müsahibəsində Kerry-nin fikirlərini “diplomatik insident” kimi xarakterizə edib. O, müsahibəsində vurğulayıb ki, “münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq, ən azı, insafsızlıqdır”. İlham Əliyev deyib ki, bu bəyanat ABŞ-ın mövqeyinə ziddir: “Prezident Obama Fransa və Rusiya prezidentləri ilə birlikdə “status-kvo”nun qəbuledilməz olduğunu bəyan edib. Birdən-birə dövlət katibi deyir ki, münaqişənin həllini görmür və bunu İsrail-Fələstin münaqişəsinə nisbətən həll etmək daha çətindir. Bu nə siqnaldır və onu kimə göndərir? Bu, Ermənistana mesajdır ki, məsələni İsrail-Fələstin münaqişəsi kimi uzatmalısınız? Bu, tamamilə qəbuledilməz bəyanatdır. Bu bəyanat bir daha münaqişənin niyə həll olunmadığını göstərir”.

Buna da bax:​ ‘Aprel döyüşləri Azərbaycan ordusunun gücünün təsdiqi idi’

Nəzərə alsaq ki, həm Kerry, həm də Ushakov Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflərdən, variantlardan, iki dövlət başçısının görüşlərdəki davranışlarından daha çox bilgilidirlər, o zaman ortaya suallar çıxır: Sülh danışıqları dalanamı dirənib? Status-kvonun saxlanması ilə barışmayacağını dəfələrlə bəyan etmiş Bakı situasiyasını necə dəyişəcək? Alternativlər nədir: yeni bir apreli döyüşümü?

Elxan Şahinoğlu: 'Bu halda Naxçıvan üzərində də müəyyən təhlükə yaranacaq'
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00
Direct-ə keçid

“Bu, apreldəkinə bənzəməyəcək”

“Yeni bir müharibə başlasa, bu, aprel döyüşlərinə bənzəməyəcək, yerli yox, total xarakter daşıyacaq”, AzadlıqRadiosu-nun suallarını cavablandıran siyasi şərhçi Elxan Şahinoğlu deyir. Kerry və Ushakovun üst-üstə düşən fikirlərini şərh edən şərhçinin fikrincə, hər iki tərəfin Qarabağ münaqişəsinin tezliklə həllinə nail olmaqda ümidsizliyini paylaşması vəziyyətin heç də xoş olmadığından xəbər verir. O əlavə edir ki, hazırkı situasiya həm də regional problemlərə görə mürəkkəbdir: Bir tərəfdən, Rusiyanın ABŞ-la Suriyada hərbi müstəvidə üz-üzə gəlməsi təhlükəsi yaranıb, digər tərəfdən, Rusiya Ermənistana “İskander” raketlərini göndərir: “Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi. Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığını göstərir. Əskinə, rəsmi Bakıya təzyiq var. Ermənistana təzyiq yoxdursa, bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər”.

Buna da bax:​ Ermənistan hakimiyyətindəki 'qarabağlı'lar

“Bölgədə silahlanma güclənib”

Elxan Şahinoğlu ona diqqət çəkir ki, bölgədə silahlanma sürətlənib, Ermənistan kimi Azərbaycan da müasir silahlar əldə etməyə çalışır və məşhur məsəldə deyildiyi kimi, ilk kadrda divarda tüfəng varsa, filmin sonunda, o, mütləq açılacaq: “Cəbhə bölgəsində gərginlik getdikcə artır. Ancaq bu dəfəki müharibə apreldəkinə bənzəməyəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, bu dəfə yeni müharibə başlasa, yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda cərəyan etməyəcək, Ermənistanla Azərbaycanın digər ərazilərini də əhatə edə bilər: “Əlbəttə, bu halda Naxçıvan üzərində də müəyyən təhlükə yaranacaq. Belə olarsa, Naxçıvanın təhlükəsizlik təminatçısı kimi prosesə Türkiyə də qoşulmaq məcburiyyətində qalacaq. Rusiya Ermənistanı müdafiə etsə belə, Azərbaycana qarşı “İskander” raketlərindən istifadə ediləcəksə, bu, cavabsız qalmayacaq, Azərbaycan da Ermənistan ərazisindəki obyektləri vuracaq. Bu andan başlayaraq Rusiya ilə Türkiyə arasındakı münasibətlər yenidən gərginləşəcək. Bu, bölgə üçün fəlakət ssenarisidir”.

Ancaq Elxan Şahinoğlu vurğulayır ki, bu “dəhşətli” ssenarini münaqişənin həlli istiqamətində addımlar atmaqla önləmək olar.

Buna da bax:​ Prezidentin son çıxışında Qarabağla bağlı məqamlar

“Bu, mümkün deyil”

Politoloq Fikrət Sadıqovun fikrincə, Qarabağ sülh danışıqları ciddi problemlərlə üzləşir: “İlk dəfədir prezident açıqladı ki, bəzi dövlətlərin rəsmi Bakıya təzyiqi var. Ancaq Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını tələb edirlər ki, bu da mümkün deyil”.

Fikrət Sadıqov: 'Dövlət başçısı dedi ki, Qarabağa muxtariyyət verilə bilər'
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00
Direct-ə keçid

Fikrət Sadıqov prezident İlham Əliyevin “Sputnik”ə müsahibəsini xatırladır: “Dövlət başçısı dedi ki, Qarabağa muxtariyyət verilə bilər: “Bu, Bakının böyük güzəştidir. Bunu sadəcə, görməmək mümkün deyil ki, Azərbaycan artıq güzəştə gedir. Bütün güzəştlər ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır”.

Əgər diplomatik səylər tükənsə, Bakının alternativi nə olacaq? Politoloq “alternativ” sözü ilə razılaşmır, deyir ki, Azərbaycan hər zaman torpaqların güc yolu ilə azad edə bilməsi imkanlarını qabardıb, aprel hadisələri də bunu sübut elədi, “yeni aprel döyüşləri də istisna olunmur”.

Buna da bax:​ Hikmət Hacızadə: 'Əgər Rusiya Qarabağı bizə versə...'

Millət vəkili Rasim Musabəyov isə Rusiya və ABŞ rəsmilərinin dediklərini ciddiyə almır və buna həmin dövlətlərin mövqeyi kimi yanaşmır, ancaq o da müharibə ehtimalını vurğulayır:

“Danışıqlar mahiyyəti üzrə getməsə, döyüşlərin daha şiddətli şəkildə bərpası qaçılmazdır”.

“Danışıqlar beləcə ilişib qalıb”

Ancaq Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə vəziyyətin daha bir müddət belə – donmuş qalacağını düşünür, onun fikrincə, sülh danışıqlarını dalana Rusiya dirəyib:

“Rusiya deyir ki, bu rayon azad edilir, ancaq mənim sülhməramlı qoşunum gəlib iki ölkə arasında dayanacaq. Ermənistan da təsdiqləyir ki, Azərbaycana inanmırıq, mütləq arada bir neytral qoşun olmalıdır”.

Hikmət Hacızadə: 'Rusiya deyir bu rayon azad edilir, ancaq mənim qoşunum gəlib iki ölkə arasında dayanacaq'
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

Hikmət Hacızadə bu variantı birmənalı rədd edir, deyir ki, bölgəyə Rusiya sülhməramlılarının girməsinə qəti imkan vermək olmaz, çünki, bu qoşun Azərbaycana girsə, bir daha çıxmayacaq: “Necə ki, Osetiyadan, Abxaziyadan çıxmırlar. Azərbaycan buna razı deyil, çünki bu zaman Qarabağ biryolluq gedəcək, ona görə də danışıqlar beləcə ilişib qalıb”, keçmiş səfir əlavə edir.

XS
SM
MD
LG