Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:25

6.5 milyard manat hara və kimlərə xərclənir?


Qarabağa vəsait haradan ayrılır: nazirliklər pulu xərcləyə bilmir?
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

Qarabağa vəsait haradan ayrılır: nazirliklər pulu xərcləyə bilmir?

Martın 17-də Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov dedi ki, bu ilin sonuna qədər Laçın rayonunda məskunlaşdırılmaya başlanılacaq: "Bu il laçınlıların birinci qrupunun rayonda yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına son iki ildə dövlət büdcəsindən ümumilikdə 6.5 milyard manat vəsait yönəldilib".

Ötən ildən başlayaraq Qarabağa sakinlərin köçürülməsi başlanılıb. "Böyük Qayıdış" layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 100-ə yaxın ailə (460 nəfərdən çox sakin) yerləşdirilib.

Tərtər rayonunun azad edilmiş Talış kəndinə də artıq 30 ailə köçürülüb. İkinci mərhələdə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur.

Hesablama Palatasının hesabatından…

Hesablama Palatasının 2021-ci il üzrə hesabatında bildirilir ki, həmin ildə işğaldan azad edilmiş ərazilərdəki layihələrə xərclənilən 2 milyard 178 milyon manatın 73 faizi (1 milyard 590 milyon) Avtomobil Yolları Dövlət Agentliyinin payına düşüb. Qalan məbləğdən 12 faiz (261 milyon 360 min) "Azərbaycan Dəmir Yolları" QSC, 4.5 faiz (98 milyon 100 min) Minatəmizləmə Agentliyi, 3.1 faiz (67 milyon 600 min) İqtisadiyyat Nazirliyi, 2.9 faiz (63 milyon 200 min) isə Kənd Təsərrüfatı Nazirliyinə ayrılıb. Qurumun 2023-cü ilin dövlət büdcəsi haqqında rəyində isə vurğulanıb, 2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə 16 sifarişçi təşkilat üzrə 68 layihə həyata keçirilib.

Köçkün: 'Qızım qayıtmaq istəmir, heç bilmir Füzuli haradadır'
Gözlə

No media source currently available

0:00 0:05:47 0:00

"140 min insanın köçürülməsi planlaşdırılır"

Şəhərsalma və Arxitektura Komitəsindən "Turan"a bildirilib ki, 30 il davam edən işğal zamanı 300-dən çox şəhər və kəndlər tamamilə dağıdılıb: "Bundan başqa, ərazilərin minalarla böyük dərəcədə çirklənməsi, dəqiq mina xəritələrinin olmaması şəhərsalma, reabilitasiya və yenidənqurma işlərinin səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır".

Qurumdan deyilib ki, ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən 43-nün (7 şəhər, 36 qəsəbə-kənd) ərazi planlaşdırma sənədlərinin hazırlanması başa çatmaq üzrədir: "Həmçinin Ağdam rayonunun Xıdırlı, Kəngərli, Sarıcalı, Qubadlı rayonunun Mahruzlu, Zilanlı, Cəbrayıl rayonunun Horovlu, Şükürbəyli, Zəngilan rayonunun Məmmədbəyli və Şuşanın Daşaltı kəndlərinin şəhərsalma əsaslandırması təsdiqlənib. Həmin kəndlərin bir çoxunun tikinti layihələrinin işlənilməsinə başlanılıb".

Komitədən vurğulanıb ki, 2022-2026-cı illərdə 34 min 500 evin tikilməsi və 140 minə yaxın insanın köçürülməsi planlaşdırılır: "Bu illər ərzində Ağdam rayonu üzrə 9 min 690 evin və mənzilin tikilərək istismara buraxılması, bu evlərə 42 min 361 vətəndaşın köçürülməsi planlaşdırılır".

N.Bəydəmirli
N.Bəydəmirli

"Şəffaflıq olmayan yerdə səmərəlilik…"

İqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasında şəffaflığın qorunması sual altındadır: "Azərbaycanda tenderlər kağız üzərində baş verir və burda "Dövlət satınalmalar haqqında" Qanun, ümumiyyətlə, müzakirə predmeti deyil. Eyni zamanda, Qarabağda da tikinti-quruculuq və digər işlərdə də heç bir qanuni prosedur gözlənilmir".

Onun sözlərinə görə, Qarabağda tenderlər və maliyyə məsələləri ilə bağlı ictimaiyyətə məlumat verilmir: "Jurnalistlər dəmiryol xəttinin tikilməsi ilə bağlı Türkiyə şirkətinə sual ünvanlandırdı, ona cavab olaraq bildirildi ki, bunu öz hökumətinizdən soruşun. Türkiyənin yüz milyardlarla ölçülən tenderlərini "udan" və şəffaflıqla bağlı Türkiyə ictimaiyyətində şübhə doğuran şirkətlərin Azərbaycanda şəffaf işlədiklərinə qarantiya yoxdur".

O deyir ki, şəffaflıq olmayan yerdə səmərəlilik də ikinci plana keçir: "O baxımından da mən güman etmirəm ki, ayrılan vəsaitlər öz hədəfinə çatsın. Çox vəsait ayıracaqlar, çox "otkat" götürəcəklər".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG