Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:52

Müharibədən üç il sonra veteran statusu ala bilməyənlər


'Qul bazarı'na çıxan müharibə iştirakçısı
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

'Qul bazarı'na çıxan müharibə iştirakçısı

"Müharibənin bitməsindən üç ilə yaxın vaxt keçib, amma hələ də veteranlıq statusunu ala bilmirəm. İşlədiyim müəssisəyə veteran pulunu kimsə çıxarmağa gələndə bu hadisə mənə psixoloji təsir edir... Niyə ayrıseçkilik var axı?! Niyə hamı kimi statusumu və təqaüdümü ala bilməyib məhrum qalmışam?!", – bu sözləri AzadlıqRadiosuna 2020-ci il Qarabağ müharibəsində döyüşmüş Nicat Cabbarov deyib.

Döyüş medalı var, döyüşmək barədə status isə yox

Həmin il Azərbaycan 44 günlük əməliyyatlar nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etdi. Müharibə bitəndən az sonra Prezident İlham Əliyevin sərəncamı ilə müharibədə iştirak edənlərə veteranlıq statusu verilməsi tapşırıldı və həmin şəxslər üçün 80 manat məbləğində aylıq təqaüd ayrıldı.

Şuşa, Cəbrayıl, Füzulinin alınması uğrunda medal ilə təltif edilən Nicat Cabbarov isə veteranlıq statusunu hələ də ala bilməməsindən narazıdır.

"İyulda bir illik əsgərliyə yollandım, üç-dörd ay sonra müharibə başladı və döyüş bölgəsinə aparıldıq. Müharibənin ilk günündən Qarabağın bir çox yerlərində döyüşmüşəm. Dövlət medallarımı verib döyüşməyimi təsdiqləyib, amma veteranlıq statusum bugünə kimi verilməyib. 2022-ci ilin mayından həm Ombudsmana, həm də nazirliklərə məktublar yazmışam, hətta yanvarda minlərlə şəxsə bu status veriləndə həvəsləndim ki, mən də o siyahıdayam. Lakin adım çıxmadı, maraqlandım, dedilər ki, məktubun hələ də mayda göndərdiyin yerdədir, heç bir icraat yoxdur. Status verilmədiyi üçün nə prezidentin ayırdığı təqaüdü ala bilirəm, nə rəsmi şəkildə veteran olduğumu təsdiqlədə bilirəm, nə də digər güzəştlərdən yararlana bilirəm", – Cabbarov AzadlıqRadiosuna söyləyib.

O, xidmət keçdiyi hərbi hissənin onun sənədlərini Veteran komissiyasına göndərmədiyini, problemin də məhz bu səbəbdən həll olunmadığını qeyd edir.

İntihara cəhd edən müharibə iştirakçısı: '80 manatla necə dolanım?'
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Cabbarov onunla birgə döyüşənlər arasında da veteranlıq statusu ala bilməyənlərin olduğunu deyir və döyüşçülərin 20 faizinin hələ də gözü yolda qaldığını iddia edir. Elə martın 7-də özlərini İkinci Qarabağ müharibəsinin iştirakçıları kimi təqdim edən bir qrup şəxs də Bakıda Müdafiə Nazirliyinin önünə yığışaraq veteran statusu ala bilmədiklərini deyiblər.

Müharibəyə gedənlərin çarəsizliyi

Rəsmi məlumata görə, indiyədək 1 min 42 nəfərə Nazirlər Kabinetinin müvafiq (216 saylı) qərarının tələblərinə zidd olduğuna görə veteranlıq adı verilməyib. Ekspertlər və müstəqil mənbələr isə adı veteranlıq siyahısına düşməyən 10 mindən çox vətəndaşın olduğunu iddia edirlər. Həmin dövrdə hərbi xidmətə çağırılan, yaxud döyüşlərə könüllü qatılan keçmiş hərbi qulluqçulardan bəziləri sosial şəbəkələrdə adlarının "Müharibə veteranı" siyahısına salınmadığını yazırlar.

Adını açıqlamaq istəməyən, müharibə vaxtı ön cəbhədə çalışan həkim AzadlıqRadiosuna deyir ki, özü daxil olmaqla, həmkarlarının heç birinin adı bu kateqoriyaya daxil edilməyib: "Savaş gedən ərəfələrdə bizi "qəhrəman" adlandırır, yaralı şəxsləri sağaldıb yenidən ön cəbhəyə yola salanda alqışlayırdılar. Xalqın bizə inamı ruhlandırsa da, hakimiyyətin laqeydliyi incidir. Gah dedilər ki, "adınız siyahıya alınır və veteranlıq statusu alacaqsınız", gah da "veteranlıq statusu sizə aid deyil" söylədilər. Onsuz da verilən təqaüdün məbləği azdır, bu, heç yaralı barmağa dərman deyil. Amma veteranlıq statusu bizim üçün müqəddəsdir, o status verilsin, heç olmazsa".

Müharibədən sonra veteranlar: 'Gərək pul verəsən ki...'
Gözlə

No media source currently available

0:00 0:05:49 0:00

Müharibəni işıqlandırmağa gedən jurnalistlər arasında da statusun verilməməsindən narazılar var. Hərbi jurnalist Səxavət Məmməd deyir ki, 1988-94-cü illərdə, Birinci Qarabağ müharibəsi vaxtı bir çox jurnalistə veteranlıq statusu verilib. O, hətta könüllü şəkildə informasiya hazırlamağa gedənlərə də bu statusun verildiyini vurğulayır.

"Amma İkinci Qarabağ müharibəsində və sonra bu məsələ dövlət tərəfindən, ümumiyyətlə, gündəmə gəlmədi. Mən maraqlananda isə "siyahıda adam çoxdur, yubanır, bu məsələlərə də baxacağıq" deyilir... Birbaşa odun-alovun içərisində olmuş adamlara "veteranlıq düşmür" deyirlər. Necə yəni düşmür? Bəs bilmirdiniz ki, bu adamları döyüşə, ərazi bütövlüyünün bərpa olunması üçün ölüb-öldürməyə çağıranda onlara veteranlıq, əlillik verməlisiniz?", – Məmməd sual edir.

2016-cı il döyüşləri...

Veteranlıq statusunun verilməməsindən narazılar içində hələ 2016-cı ildə Ermənistanla Azərbaycan arasında dörd günlük hərbi əməliyyatların iştirakçılarından bəziləri də var. S.M. AzadlıqRadiosuna danışır ki, veteranlıq statusu ala bilməməsi ilə bağlı məsələsi hazırda məhkəmədədir. O, altı ilə yaxın müddətdə get-gələ düşərək ala bilmədiyi statusu bu üsulla əldə edəcəyinə ümid bəsləyir: "2016-cı ilin aprelində iki ay döyüş əmri altında xidmət keçmişəm, hətta iştirakıma görə "Fəxri fərman"la təltif olunmuşam. Amma xidmətdən bildirdilər ki, bizə veteranlıq statusu düşmür. Hərbi biletimizə də bu döyüşlərin iştirakçısı olduğumuz barədə möhür vurulmayıb. Dövlət deyir ki, statusun verilməsi yekunlaşıb. Yekunlaşıbsa, ya bizi görməyiblər, ya da başqa səbəb var. Amma mən ədalətə inanıram, məhkəmələr ədalətli qərar verəcək".

"Veteran olduğumu sübut edə bilmirəm"
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Səbəbi açıqlanmır

2020-ci il müharibəsindən sonra ümumilikdə 84 min 423 nəfərə veteran statusu verilib. Bu ilin əvvəlində 1 min 188 nəfər veteranlıq statusu alıb, 1 min 42 nəfərə isə imtina verilib. Yanvarda 4 min 300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb.

Müharibə veteranı adı və vəsiqəsi Müdafiə Nazirliyi və daha bir neçə nazirliyin müvafiq komissiyalarının rəyinə əsasən verilir.

Müdafiə Nazirliyindən AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirilib ki, bəzi şəxslərə imtina verilməsinin səbəbi Nazirlər Kabinetinin 216 nömrəli qərarının tələblərinə zidd olmasıdır.

Lakin Nicat Cabbarov daxil olmaqla, statusu ala bilməyən hərbçilərin əksəriyyətinə bu şəxslərin hansı tələbləri pozduğu deyilmir. Eləcə də qeyri-hərbçilərə müharibə zamanı göstərdiyi xidmət qarşılığında veteranlıq statusunun verilib-verilməyəcəyi açıqlanmır.

'Mən nə yeməliyəm?'- Müharibə iştirakçısı
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Hərbi hissə döyüş tapşırığını yerinə yetirmək üçün əmr alıbsa...

Hərbi ekspert Elçin Cəfərlinin fikrincə, prosesin yubanmasında əsas səbəbkar Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyidir. Ekspert düşünür ki, hərbi hissə döyüş tapşırığını yerinə yetirmək üçün əmr alıbsa, orada olan hər kəs müharibə veteranı sayılmalıdır. Cəfərli əlavə edir ki, hazırda isə bu istiqamətdə saysız-hesabsız müraciətlər cavabsız qalmaqdadır: "Qanunla istəyirlər ki, bilavasitə döyüş əməliyyatlarında iştirak edən şəxslərə status verilsin. Lakin bu, həm müharibəyə könüllü və tapşırıq ilə gedənlərə haqsızlıqdır, həm də növbəti dəfə müharibə olarsa, insanlarda ruh düşkünlüyünə səbəb olacaq məsələdir. Məsələyə baxılmalıdır, ola bilər ki, göstərdiyi xidmətə görə təqaüdün məbləği dəyişsin. Amma bu halda da minimum 80 manat olmalıdır".

Cəfərli "müharibə veteranı" adı və vəsiqəsi verilmiş şəxslərə 2022-ci il yanvarın 1-dən Azərbaycan prezidentinin aylıq 80 manat təqaüdünün verilməsi barədə sərəncam məsələsində də boşluq olduğunu vurğulayır. Onun fikrincə, təqaüd müharibənin bitdiyi gündən hesablanmalıdır.

"Müharibə veteranı təqaüdünün verilməsinin başlama müddətinin Konstitusiya və qanunlara uyğunluğu məsələsi məhkəmədə mübahisələndirilə bilər. "Aprel döyüşləri"nin iştirakçısı olmuş şəxslərə müharibə əlili və şəhid statusu verilib, döyüşlərdə iştirak edənlərə müharibə veteranı adının verilməməsi də qanunsuz sayıla, eyni qaydada mübahisələndirilə bilər. Çünki "Veteranlar haqqında" qanunda və digər müvafiq normativ hüquqi aktlarda hər üç hal - şəhid statusunun verilməsi, müharibə ilə əlaqədar əlillik statusunun verilməsi və müharibə veteranı adının verilməsi üzrə hüquqi əsas eynidir", – o deyib.

Gecəqondudan könüllü əsgər gedən kasıb balası
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Dövlət Sosial Müdafiə Fondu tərəfindən müharibədə iştirak edərək veteranlıq statusu almış 183 min 17 nəfərə Prezident təqaüdü ödənilir.

Prezident İlham Əliyev isə çıxışlarında müharibə iştirakçılarına qayğı və diqqəti əsirgəmədiyini deyir. Ancaq 2023-cü ildə artan sosial müavinət arasında veteranlara verilən 80 manatlıq təqaüd yer almayıb.

Veteran statusu ala bilməyən Nicat Cabbarovun Prezident İlham Əliyevə, Vitse-prezident Mehriban Əliyevaya, eləcə də Müdafiə naziri Zakir Həsənova ünvanladığı məktublara isə, hələ ki, cavab gəlməyib. O, son çarəni məhkəmədə görsə də, onun da ədalətli qərar çıxarıb-çıxara bilməyəcəyindən əmin olmadığını söyləyir.

XS
SM
MD
LG