Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:39

'Qarqarçayın dəliliyi tutub'


Qarqarçay
Qarqarçay

«Qarqarçayın dəliliyi tutub. Daşmaq təhlükəsi var. Əkin sahələrimiz, təsərrüfatlarımız, ev-eşiklərimiz təhlükədədir. İstədiyimiz odur ki, fəlakətin qarşısı alınsın. Onsuz da cəbhə xəttinə yaxın kəndlərdə 25 ildən çoxdur ki, əzab çəkirik, bir də üstünə sel fəlakəti gəlməsin».

«ÇAYIN SƏVİYYƏSİ QALXIR»

Bu təhlükədən danışan Ağdamın Əfətli kəndinin sakini Rza Əliyevdir. Onun sözlərinə görə, 10 gündən çoxdur ki, çayın səviyyəsi qalxır.

Çaya yaxın ərazilərdə yaşayanların bəziləri artıq tədbirlərini görüblər. Quşçuluq təsərrüfatını, mal-heyvanını başqa kəndə daşıyanlar var. Bir sözlə, kənddən keçən Qarqarçayın daşma ehtimalı kəndlilərin yuxusunu ərşə çəkib.

Bu təhlükəni təkcə əfətlilər yox, həm də qonşuludakı Hacıməmmədli kəndinin sakinləri yaşayır. Kənd sakini Ziyad Fərəcov çayın yükləndiyini deyir: «Deyirlər, ermənilər çaya kənardan müdaxilələr edir. Başqa çayların məcrasını bu çaya yönəldirlər ki, daşsın, kəndlərimiz su altında qalsın».

BƏNDLƏR QURULUR

Ağdamın icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Qarqarçayda suyun səviyyəsi qalxıb. Ancaq sel təhlükəsini önləməkdən ötrü tədbirlər gücləndirilib: «Ağdam rayon Mexaniki Suvarma İdarəsinin işçiləri çayda bəndqurma işləri aparıblar. Bununla da suyun kəndlərə və evlərə ziyan vurmasının qarşısı alınıb. Hazırda da orda buldozerlər, traktorlar işləyir. Çayın yatağında gücləndirmə işləri davam edir. Səbəb dağlardakı dolunun əriməsi və leysanlardır».

Dağlara yağan dolu nəticəsində suyun səviyyəsi qalxmaqda davam edir.

XS
SM
MD
LG