Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

Şeyxlərin qartalları da təyyarələrdə uçur


Reddit sosial şəbəkəsində dərc olunmuş foto
Reddit sosial şəbəkəsində dərc olunmuş foto

Gizmodo saytı yazır ki, bu yaxınlarda Reddit şəbəkəsində qəribə bir foto peyda olub.

İstifadəçi bu fotonun ona dostu olan bir pilot tərəfindən göndərildiyini yazıb.

Fotonun altındakı yazıda deyilir: “Səudiyyə şahzadəsi özünün 80 qartalı üçün təyyarə biletləri alıb”.

Şəkillərdə sərnişin təyyarəsinin salonunda çox sayda qartalın oturduğu görünür.

İstifadəçi yazır ki, bu orjinal foto çox sayda suallar doğurur: “Bu qədər quşun təyyarədə nə işi var? Quşlar hara gedirlər? Onların gözlərini bağlayıblar, yoxsa başlarındakı dəbilqədir? Vəziyyətləri necədir? …Bəlkə biz artıq ağlımızı itiririk?”

Lakin Reddit-dəki şərhlərdən birinə görə, belə bir foto bir neçə il əvvəl də peyda olub.

“Əgər siz Etihad və ya Emirates və ya Qatar hava yolları ilə uçursunuzsa, əvvəl-axır birinci dərəcəli salonda yanında diri qartal oturmuş birisini görəcəksiniz” – deyilir şərhdə.

İsti və rahət yer haradır?

Gizmodo saytında jurnalist Michael Nunez yazır ki, bütün bunları oxuduqdan sonra bu məsələni araşdırmaq qərarına gəlib.

2013-cü ildə Business Insider yazırdı ki, Fars körfəzinə yaxın ölkələrdən uçan təyyarələrdə ov quşlarını tez-tez görmək mümkündür. Onlar çox vaxt sərnişin salonunda, başqa sərnişinlərlə bir yerdə səfər edirlər.

Şahinçilik Birləşmiş Ərəb Əmirliklərində çox populyardır və hətta Etihad Airways hava şirkətinin ov quşlarının daşınması ilə bağlı xüsusi siyasəti var.

Etihad Airways-in internet saytında yazılıb: “Biz şahinlərin təyyarə salonunda uçmasına icazə veririk, lakin bunun üçün bütün mühüm sənədlər əldə edilməlidir. Siz şahinlərinizi baqaja da verə bilərsiniz”.

Atlas Obscura saytı 2015-ci ildə yazırdı ki, şahinlərin Birləşmiş Ərəb Əmirliklərinə və oradan təyyarə ilə normal sərnişin kimi uçmasına icazə verilir. Lakin bunun üçün ov quşları da başqa sərnişinlər kimi təhlükəsizlik yoxlamalarından keçməli və onların adına pasport olmalıdır.

2002-2013-cü illər arasında BƏƏ hökuməti 28 min şahin pasportu verib.

Gizmodo saytı yazır ki, şahin pasportlarının olmasını nəsli kəsilməkdə olan flora və fauna növlərinin beynəlxalq ticarətinə dair 2002-ci il Konvensiyası tələb edir.

Jurnalist kiçik yazısının sonunda sonuncu sualı verir: “Hər halda maraqlıdır, bu qədər quş hara uçur?”

“Yəqin ki, isti və rahat bir yerə uçurlar” – yazır jurnalist.

XS
SM
MD
LG