Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:26

İranın əsl xarici işlər naziri kimdir


Qassem Soleimani
Qassem Soleimani

Amerikanların çoxu İran İnqilab Keşikçiləri Qvardiyasının elit Qüds qüvvəsinin rəhbəri Qassem Soleimani-ni yüzlərlə amerikalının ölümünə görə məsul tutur, ABŞ-ın kəşfiyyat və ordu rəsmiləri onu terrorçu, iranlılarsa qəhrəman sayır.

«Washington Examiner» portalında Michael Rubin yazır ki, İran liderlərinin çoxu gününü danışmaqla keçirirsə, Soleimani iş görür. Ali dini lider Ali Khamenei gel-çiçəkli minbərdə moizə oxuduğu bir vaxtda Soleimani iranlı əsgərlər və İranın dəstəklədiyi xarici qüvvələrlə birlikdə çay içir.

USTA DİPLOMAT İMİCİ

«Qısası, İranda və ordu içində Soleimani-nin nüfuzu ABŞ-ın müdafiə naziri Jim Mattis-dən fərqlənmir – yəni əsl əsgərin əsgəri. Getdikcə o, fərqli bir imic də qazanır: razılaşmaları hazırlayan və usta diplomat imici», – yazan müəllif Kərkük böhranının Soleimani-nin sayəsində yoluna qoyulduğunu vurğulayır.

Qassem Soleimani İraqda İŞİD-ə qarşı döyüşlərdə
Qassem Soleimani İraqda İŞİD-ə qarşı döyüşlərdə

O, Kürdüstan Vətənpərvər Birliyi, şiə yaraqlılar və İraq federal hökuməti arasında vasitəçilik edərək qan tökülməsini önləyə bilib. İranın özündə belə, sünni siyasətçilər problemlərin həlli, səslərinin eşidilməsi, böhranların de-eskalasiyasından ötrü Soleimani ilə danışırlar.

«Soleimani təkcə İraqda deyil, Suriyada da olub. O, Bashar Assad rejiminə və «Hizbullah»a nəzarəti gücləndirməyə kömək edir, İrandan silahların və qüvvələrin çatdırılmasını asanlaşdırıb. O, eyni zamanda münaqişənin Assad-ın xeyrinə balanslaşdırılmasından ötrü tayfa və siyasi koalisiyaları bərpa etməyə çalışır. Amerikalı təhlilçilər düzgün olaraq qeyd edirlər ki, Soleimani-in Rusiyaya son səfərləri BMT-nin sanksiyalarını pozur. Ancaq bu səfərlər həm də Soleimani-nin rolunu daha qabarıq üzə çıxarır», – müəllif yazır.

ƏSL SƏLAHİYYƏT SAHİBİ

Məqalədə qeyd olunur ki, keçmiş dövlət katibi John Kerry-nin İranın xarici işlər naziri Javad Zarif-lə dostluğuna baxmayaraq, Zarif ancaq vitrin bəzəyidir.

«Əsl razılaşmaları Soleimani əldə edir. Zarif-in niyə xeyli yalanlarının faş olmasının səbəblərindən biri də budur: o, hətta səmimi olsa belə, razılaşmaları qüvvəyə mindirmək səlahiyyəti yoxdur – bunu Soleimani edir», – M.Rubin yazır.

«Vaşinqton İranın İraqda və başqa yerlərdəki nüfuzundan gileylənə bilər. Ancaq nə qədər ki Dövlət Departamenti və Pentaqon, Soleimani kimi, İraq liderləri ilə səngərə girməyə həvəs göstərmir, İraq Amerikanın öhdəliyini ciddi qəbul edə bilməyəcək. Xüsusi elçi Brett McGurk özünü bacarıqlı diplomat kimi göstərib, amma Soleimani kimi davamlı olaraq səngərlərə girmir, elə iraqlılar da onun Ağ evdən Soleimani-nin ali dini liderdən aldığı səlahiyyətə malik olmasına inanmır. Meydana çıxmağa qorxanın oyunda nüfuzu olmaz. Faktlarla üzləşməyin vaxtıdır: bütün mənalarda, İranın əsl xarici işlər naziri Soleimani-dir», – məqalədə deyilir.

XS
SM
MD
LG