Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:42

Qəbələdə polisin döydüyü uşağın atası həbs edildi, əmisi isə...


Qəbələdə uşağa qarşı polis zorakılığı
Qəbələdə uşağa qarşı polis zorakılığı

Qəbələ rayonunun Vəndam qəsəbəsində polisin döydüyü uşağın atası həbs edilib, əmisinə isə ev dustaqlığı verilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin dekabrın 5-də axşam saatlarında yayılan birgə məlumatında bildirilir.

İddia edilir ki, Vəndam qəsəbə sakini Səxavət Ağayev yol hərəkəti qaydalarını pozaraq sərxoş vəziyyətdə müvafiq etibarnamə olmadan "VAZ 2107" avtomobilini idarə edərkən saxlanıb: "Qardaşı Eldəniz Ağayevlə birgə... ictimai qaydanı pozmaları,... polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara daş parçası, yumruq və təpiklə xəsarət yetirərək... müqavimət göstərmələrinə, Qəbələ rayon Polis Şöbəsinə məxsus avtomobili zədələmələrinə əsaslı şübhələr müəyyən edilib".

Açıqlamaya görə, Eldəniz Ağayev CM-in 221.3 (silah qismində əşyalardan istifadə edilməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə), Səxavət Ağayev isə 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci maddələri ilə ittiham olunurlar. Məhkəmənin qərarı ilə Eldəniz Ağayev barəsində həbs, Səxavət Ağayev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ağayevlər ailəsi danışmır

AzadlıqRadiosunun müxbiri gün ərzində ailənin yaxınlarından cavab almağa çalışıb.

Məhkəmə qərarından sonra bəzi ailə üzvləri bildiriblər ki, "mediaya danışsalar, onlar üçün daha pis olacağı deyilib".

Qəbələdə uşağı döyən polis işdən çıxarılıb

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, bugünlərdə sosial şəbəkələrdə Qəbələ rayonunun Vəndam qəsəbəsində çəkildiyi bildirilən və polis formasında olan şəxsin bir uşağı döyməsinin göründüyü video yayılıb.

Bu görüntülər yayıldıqdan sonra Daxili İşlər Nazirliyi (DİN) də məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada iddia edilir ki, dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək təhlükəli vəziyyət yaradıb: "O, saxlanılan zaman onunla birlikdə olan yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər".

DİN vurğulayır ki, fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib: "Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o, daxili işlər orqanlarından xaric edilib".

Hələlik, DİN-in bu açıqlamasına S.Ağayevin vəkili və yaxınlarından münasibət almaq mümkün olmayıb.

Hüquq müdafiəçisi: "Uşaq yerdədir və onun döyülməsi polisinin..."

Hüquq müdafiəçisi, keçmiş müstəntiq Rüfət Səfərovun sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülər əsasında demək olar ki, polis yetkinlik yaşına çatmayan vətəndaşa qarşı adekvat olmayan güc tətbiq edir: "Burada vəzifə səlahiyyətlərini aşma və məhkəmə-tibbi ekspertizasının təyin edəcəyi xəsarətin dərəcəsindən asılı olaraq sağlamlığa qəsdən xəsarət yetirmə ilə bağlı cinayət məsuliyyəti ola bilir".

Hüquqşünas qeyd edib ki, vətəndaşlar həmin situasiyada sərxoş ola bilərdi və, ola bilsin ki, müqavimət göstəriblər: "Onların da hərəkətlərində, ola bilər ki, cinayət tərkib var. Məlumatlar var ki, uşaq atasını və əmisini müdafiə etmək üçün polisə daş atıb. Əlbəttə, bu da qəbuledilən deyil. Amma məsələ bundan ibarətdir ki, "Polis haqqında" Qanunun 26-cı maddəsi fiziki qüvvənin, xüsusi vasitələri tətbiq etmənin şərtlərini ortaya qoyur. Hesab etsək ki, uşaq daş atıb, axı görüntülərdə görünür ki, uşaq artıq müqavimət göstərə bilmir, yerdədir və onun döyülməsi polisin vəzifə səlahiyyətlərini aşmasından xəbər verir".

Hüquq müdafiəçisinin bu açıqlamasına, hələlik, DİN və sözügedən polisdən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG