Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:42

Beş qəbir yerini birdən alana endirim var


Dəbdəbəli qəbirüstü abidələr daha mümkün olmayacaq?
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Dəbdəbəli qəbirüstü abidələr daha mümkün olmayacaq? (Arxiv. 2017)

"Əvvəllər Azərbaycanda ancaq dirilər pis yaşayırdı, indi ölülərə də problem yaradırlar. Ölmək üçün də gərək adamın normal pulu ola, yoxsa cansız bədənin yerdə qalacaq", – bunu AzadlıqRadiosuna Vasif Abbasov deyib.

Bir ölüyə yer satılmır....

Azərbaycanın cənub bölgəsində yaşayan Abbasovun anası səkkiz ay öncə vəfat edib. Anasını evlərinə yarım saatlıq məsafədə yerləşən məzarlıqda dəfn etmək istəsə də, orada boş yer tapmayıb. Evlərindən 50 kilometr uzaqda olan qəbiristanlığa üz tutan Abbasov bu dəfə nə az, nə çox, dörd məzar yeri almaq və buna görə 3 min manat vermək tələbi ilə üzləşib. O, anasının dəfn və yas xərclərini qarşılamaq üçün kredit götürməli olduğunu deyir.

"Kənd məzarlığındakı boş yerlər əvvəlcədən bron edilib. Kimsə ailəsi üçün alıb. Məzarlar var ki, başdaşında ada, şəklə baxırsan, kənd adamı deyillər. Onlar niyə orada dəfn olunub, bilinmir. Soruşanda da "ailə üzvləri üçün alıb, nə edək" deyirlər. Kənd yerlərində qiymətlər baha deyil. 150-200 manata yer götürüb ölünü dəfn etmək olur. Başdaşı, mollapulu ilə birgə 450 manata yola vermək olardı. Amma yer olmadığı üçün uzaq qəbiristanlıqların bir-ikisinə baş çəkdim. Dedilər ki, gərək üç-dörd yer alasan. Gah dedilər ki, başqa kənd adamısınız, tək satmırıq, gah da qiymətlərə görə belə yola əl atdıqlarını dedilər. Axırda məcbur qalıb dörd nəfərlik yer aldıq. Ümumilikdə 1500 manat verdik. İndi birində anam yatır, üç yeri də saxladıq biz ölən günə…", –Abbasov AzadlıqRadiosuna danışıb.

O qeyd edir ki, dəfn xərclərinə cəmi 2 min manat xərci çıxıb. Artıq anasının il mərasimi yaxınlaşır, ancaq o, hələ 10 ay kredit ödəməyə məcburdur.

Maştağa məzarlığında yer qıtlığı
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Bakıda da eyni vəziyyət – bir ölü azlıq edir

"40 santimetrlik yerə 800 manat ödədik, o da heç məzar üçün deyildi", – deyən Qaraçuxur sakini də məzarlıqda bir nəfərlik yer satılmamasından gileylənir. Sakinin sözlərinə görə, iki il öncə bir dostunun həyat yoldaşı vəfat edəndə üç nəfərlik məzar yerinə 2700 manat ödəməli olublar: "Anam öləndə atamın qəbrinin yanındakı boş sahəyə 800 manat ödədik. Deyirdilər ki, ucuzdur. Halbuki cəmi 40 santimetrlik sadəcə boş yer idi. Atamın qəbrinin yanındakı məzar yerini isə başqasına satmışdılar. Belə qanunsuzluqlar həmişə olur. 800 manatın 200-ü bələdiyyəyə gedirmiş. Başa düşmürəm, ölülərdən də pul qazanır bələdiyyə. Niyə axı?!...".

20 gün öncə uşaq evində böyüyən, qaz sızmasından ölən dostuna məzar yeri axtaran Safura Mehdiyevadan da Bakının mərkəzi sayılan ərazilərdə böyük məbləğdə pul tələb olunub. O, AzadlıqRadiosuna "ailələr üçün üç-dörd yeri satmağı nisbətən anlamaq olur, amma yetim üçün tək nəfərlik məzar yeri tapmamaq anlaşılan deyil" deyə söyləyib.

"Araşdırmalarıma görə, dəfn zamanı rəsmi dövlət qiyməti müsəlmanlar üçün 63 manat, qeyri-müsəlmanlar üçün isə 75 manat idi. Amma yer üçün 3-4 min, hətta 5 min manat istəyənlər ilə rastlaşdım. Yasamal qəbiristanlığında 8 min manata "yaxşı yer" təklif edən də oldu. Babam öləndə atam da altı nəfərlik yer alıb. Başa düşürəm ki, ailələr ölülərini yanbayan dəfn etmək istəyir. Amma kimsəsizin buna ehtiyacı yoxdur. Normal qiymətə bir nəfərlik məzar yeri tapana kimi üç gün bütün Bakını gəzdim. Axırda Sumqayıtda dəfn etdik, pulsuz verdilər", – Mehdiyeva söyləyir.

Başdaşını başucalığı sayanlar üçün qadağa
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00

Bahalaşma qəbirlərdən də yan keçmir

Azərbaycanın bölgələrinin əksəriyyətində mərhumu dəfn etmək üçün alınan yerpulu Bakı ilə müqayisədə aşağıdır. Ölkənin şimal rayonlarında isə dəfn yerinin pulsuz ayrıldığı deyilir.

Bakının Xəzər rayonuna tabe olan qəsəbələrdə qəbir yeri 400-500 manatdan başlayır. Burada da üç-dörd qəbir yerini bir adama satmaq ənənəsi olsa da, məcburi deyil. Beş yeri birdən alana endirim təklif olunur. Ramana qəbiristanlığında nəzarətçi isə deyir ki, kənd sakinlərini tanıdığından onlardan pul almır. Kənddə yaşamayanlar qəbiristanlıqda yer almaq üçün pul ödəməlidirlər, dəqiq məbləği isə yoxdur. AzadlıqRadiosunun əməkdaşı azı 10 qəbiristanlıqda olub, bəziləri tək adamlıq məzar yeri satılmadığını təsdiqləyiblər. Belə ki, bir nəfər üçün məzar yeri yalnız qəbiristanlığın küncündə satılır ki, bunun da qiyməti 500 manata kimi yüksəlirdi. Digər boş məzar yerləri isə tək-tək satılmır, vətəndaş azı üç yer almaq məcburiyyəti ilə üzbəüz qalır.

Məzarlıq

Qəbir yerinin qiyməti (AZN)

Hövsan

150-500

Qaraçuxur

800-1200

Bülbülə

300-500

Əmircan

300-500

Zabrat

600-700

Günəşli

600-1500

Maştağa

800-1000

Xırdalan

800-1500

Badamdar

800-2000

Masazır

800-2000

Qurd qapısı

2000-3000

Məzarlıqların bir qismində isə ölü kağızı olmadan qiymətin açıqlanmayacağı deyildi.

AzadlıqRadiosunun araşdırması qiymətlərin COVID pandemiyası zamanı nisbətən ucuzlaşdığını, son bir ildə 30 faizə yaxın artdığını üzə çıxarıb.

Tələbata uyğun....

10 ildir qəbiristanlıq biznesində çalışan, paytaxtın müxtəlif yerlərində məzar yerlərinin satışında iştirak edən Seyidov deyir ki, həm qiymətlər, həm satış şərtləri insanların tələbatlarına uyğundur. O, məzar yerlərinin qiymətini ölkədəki bahalaşma ilə izah edir: "Əgər bu gün evlərin qiyməti artırsa, insanların əsas evi olacaq torpağın da qiyməti artmalıdır da. Biz onsuz da kasıblara kömək edirik, ucuz yerləri göstəririk. Hövsan qəbiristanlığı ən sərfəli yerdir, pulu az olanı ora göndəririk. İmkanı olan isə bir ölüsünə pul xərcləmirsə, vay o adamın halına. Qaldı ki, tək nəfərlik dəfn yerinin satılmamasına, birincisi, bu, bütün məzarlıqlara aid deyil. Bəyənməyən şəxslər fərqli qəbiristanlığa gedir. İkincisi, ölüm haqdır. İnsanlar da bunu dərk edib üç-dörd nəfər, bəzən daha çox adam üçün yer alır ki, bir-birilərindən uzaq düşməsinlər. Çox yer alınanda endirim də edilir".

Qəbir daşları: tələb, yoxsa təmtəraq
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Dindən sui-istifadə...

İlahiyyatçı Ağa Hacıbəyli AzadlıqRadiosuna deyir ki, vəfat edən şəxslərin fonunda bazarlığı yalnız dindən xəbərsiz şəxslər edir.

"Dində ölümə hazırlaşmaq da var. Amma bu o demək deyil ki, insanlara dəfn yerləri satılsın. Ümumiyyətlə, pul ilə verilməməlidir. Qəbiri almaq-satmaq dindən xaric anlayışlardır, bu məsələlərə yeni baxış olmalıdır. Eləcə də hər kəs yaşadığı yerə yaxın dəfn edilməli, həmin prosesdə mərhumun yaxınları incidilməməlidir. Bunlar üçün tədbir görülməli, nəzarət lazımdır", – deyən Hacıbəyli düşünür ki, qəbiristanlıqlarda yalnız xidmət üçün – məzarları səliqəli saxlamaq, ağacları sulamaq üçün ödəniş etmək olar.

Qanunda...

Hələ 2018-ci ilə Azərbaycanda "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" təsdiqlənib. Bu qanuna görə, ölkə vətəndaşları, hazırda ölkədə yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayanların dəfni üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır. Yeni qaydalar ailə üzvlərinə qəbir yeri ərazisinin götürülməsinə icazə vermir. Yalnız həyat yoldaşı üçün istisna edilir. Belə ki, qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir.

Bakıda qəbiristanlıqlarda müsəlman qəbirləri üçün dövlət rüsumu 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manatdır.

Hazırda Bakıda və şəhər ətrafındakı yüzdən çox qəbiristanlığın əksəriyyətinin bələdiyyəyə və icra hakimiyyətinin yerli orqanlarına tabe olduğu bildirilir. AzadlıqRadiosu bələdiyyələrdən və Bakı Şəhər İcra Hakimiyyətindən qəbir yerlərinin niyə hələ də pulla satılması, qiymətlərin qalxması haqda suallarına cavab ala bilməyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də AzadlıqRadiosunun sorğusuna, hələlik, cavab verməyib.

'Kənddə qəbir qazmağa gənc qalmayıb'
Gözlə

No media source currently available

0:00 0:06:14 0:00

Cərimə var, cərimələnən isə..

"Azərbaycanda ölən şəxslərin hüquqları özlərindən əvvəl vəfat edir. İnsanlar çox vaxt ölü kağızı ala bilmir". Bunu isə hüquqşünas Elmir Səfərov deyir. O, dəfn ilə bağlı qanunvericiliyi təkmilləşdirməyi vacib sayır: "Vətəndaş yaşadığı ərazinin bələdiyyəsinə vergi ödəyə bilər ki, öləndən sonra həmin vergilər əsasında onun dəfni həyata keçirilsin. Bizdə bələdiyyələrin fəaliyyəti də yaxşı deyil. Dəfn pulunun verilməsi də sadələşdirilməlidir. Bir gün ərzində məlumata baxılmalı və öləni dəfn etməyi öhdəsinə götürən şəxsin hesabına vəsait yüklənməlidir. Yoxsa gərək adamın ölüsü yerdə qalsın pul verilənə kimi".

Dəfn üçün müavinətin məbləği hazırda 500 AZN-dir. Ancaq ölkədə ölüm xərcləri dəfn pulu ilə bitmir. Adi daşdan yonulmuş başdaşıları 500 manata başa gəlirsə, qara qranitdən olanlar 2 min, mərmər isə 1000 manatdan başlayır. Meyitin yuduzdurulması və kəfənlənməsi azı 50 manata başa gəlir. Yas mərasimlərinə çəkilən xərcləri də nəzərə alanda ölən şəxsin dəfni və yası üçün azı min manata ehtiyac olduğunu demək olar.

Bu arada ölüm statistikasında azalma var. 2022-ci ilin 11 ayında ölkə üzrə 55 min 681 ölüm halı qeydə alınıb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə ölüm səviyyəsi 7.6-dan 6.0-ya düşüb.

XS
SM
MD
LG