Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:25

Qırğızıstan jurnalistləri 'ailə-tayfa' qohumbazlığını üzə çıxarmaq üçün ağır bədəl ödəyirlər


Qırğızıstanda "Temirov Live" redaksiyasının indiki və keçmiş jurnalistləri saxlanılıb.
Qırğızıstanda "Temirov Live" redaksiyasının indiki və keçmiş jurnalistləri saxlanılıb.

Qırğız jurnalist Bolot Temirov ötən həftə həyat yoldaşı və bir həmkarı ağır həbs cəzasına məhkum edilərkən heç təəccüblənməyib. Onun özü bir müddət öncə ölkədən çıxmağa məcbur edilib: "Bu ayın əvvəli məlumat verdilər ki, hökumət məni öldürmək üçün əməliyyat hazırlayır. O zaman buna heç bir önəm vermədim, ancaq indi aydındır ki, bu hökumət hər şeyə qadirdir".

Oktyabrın 10-da Bişkek məhkəməsi Temirovun xanımı Maxabat Tacibek-kızı və jurnalist Azamat İşenbekova "mütəşəkkil cinayət dəstəsi yaratmaq" və "kütləvi iğtişaşlara çağırış etmək" ittihamları ilə, uyğun olaraq, 6 və 5 illik həbs cəzaları kəsib. Onların hər ikisi 2022-ci ildə Qırğızıstan pasportu əlindən alınan, özü isə Rusiyaya getməyə məcbur edilən Temirovla birlikdə "Temirov Live" adlı antikorrupsiya araşdırma qrupunda çalışıb.

Həm qisas, həm də özbaşınalıq?

Beynəlxalq media təşkilatları bu məhkəmə hökmlərini "qisas" və "özbaşınalıq" adlandırıb.

Kris Rikltonun qələmə aldığı məqalədə deyilir ki, hakim bundan başqa Temirovun qəyyumluğunu həyat yoldaşı ilə paylaşdığı 12 yaşlı uşağın da dövlət qayğısına verilməsi barədə hökm çıxarıb.

Tacibek-kızının vəkili deyib ki, cütlüyün Qırğızıstanda qəyyumluğu öhdəsinə götürə biləcək yaxınları var deyə, bu qərar ləğv ediləcək.

Bu, Temirova və onun indiki və keçmiş həmkarlarına qarşı həbs, təqib və mühakimələrin çoxsaylı detallarından, sadəcə, biridir. Temirov ölkənin ən cəsur araşdırmaçı jurnalisti kimi tanınır.

Belə münasibət prezident Sadır Japarovun hakimiyyəti dövründə müstəqil mediaya qarşı geniş basqı və izləmə kampaniyasını əks etdirir. Bir media qurumu rüşvətxorluq və nepotizmə nə qədər güclü fokuslanırsa, dövlətin ona basqısı da bir o qədər qüvvətli olur.

Dövlət media qurumu olan "Kabar"ın oktyabrın 2-də dərc etdiyi materialda Japarov yaxın müttəfiqi və milli təhlükəsizlik qurumunun sədri Kamçıbek Taşiyevin oğlunun Qırğızıstanın ilk özəl ödənişli yolunun tikintisində iştirakına haqq qazandırmışdı.

Tay-Muras Taşiyev və onun atası Kamçibek Taşiyev (hərbi formada)
Tay-Muras Taşiyev və onun atası Kamçibek Taşiyev (hərbi formada)

Japarov bunun nepotism olmasına məhəl qoymadan demişdi ki, insanlar 30 yaşlı Tay-Muras Taşiyev və şirkətinə digər şirkətlərin dərhal qazanc götürə bilməyəcəkləri üçün çəkmək istəmədiyi yolu çəkdiyinə görə təşəkkür etməlidirlər.

"Tay-Muras dövlətə ziyan vurmaq istəsəydi, bundan ötrü niyə öz şirkətindən istifadə edirdi? O bilir ki, bu baş verəcəksə, tezliklə ictimaiyyət xəbər tutacaq", - Japarovun sözləridir.

Qırğızıstan prezidenti "Kabar"a açıqlamalarında həmişə belə "çiyin çəkmə" məntiqinə üz tutur. O, dediklərinə aid əlavə suallar verilməyəcəyinə əmindir.

"Zəmanəmizin reallığı budur"

Ancaq Taşiyevin oğlunun layihədə özünə aid iki şirkətlə iştirakı məsələsi bir gün öncə "Temirov Live" kanalında müzakirə edilməsəydi, Japarov bu mövzuya yerli-dibli toxunmayacaqdı.

"Dövlət əhəmiyyətli layihələri uşaqlarınıza ayırmaq – zəmanəmizin reallığı budur", - Temirov oktyabrın 1-də YouTube-da 300 min dəfə izlənən reportajında belə deyir.

Reportajda Tay-Muras Taşiyevə məxsus şirkətin mini su-elektrik stansiyalarının tikintisində iştirakından da söz açılıb. Ancaq Japarov öz şərhində bu məsələyə toxunmayıb.

Maraqlıdır ki, o, "Kabar"dakı şərhindən öz oğlu Rustam Japarovun hazırda Orta Asiyanın ən iri qolf meydançasını tikmək üçün investorlar axtarışında olduğunu açıqlamaqdan ötrü yararlanıb.

O, hər iki gənci "ictimai önəmli" fəaliyyətlərinə görə bəyəndiyini bildirib: "Əvvəlki prezidentlərin övladları nə vaxt kömək edib? Əvəzində isə "ver!" deyirdilər, elə deyil? Əsas məsələ odur ki, rəhbərlərin övladları dövlətə zərər vurmasın".

R.Japarovun 27 yaşı var. Temirovun həmkarı, jurnalist İşenbekov da Rustamla yaşıddır. O, ənənəvi qırğız ozan ənənələri ilə çağdaş hip-hop tərzini birləşdirərək korrupsiya haqda hekayətlər danışır.

İşenbekov və Tacibek-kızı yanvar ayından bəri həbsdədirlər. Tacibek-kızı aprel ayında həbsxana nəzarətçilərinin fiziki hücumuna məruz qalmasından şikayət edib. Qırğızıstanın ombudsmanı onun gerçəkdən hücuma məruz qaldığını təsdiqləyib.

Araşdırmaçı jurnalist Bolot Temirov Bişkekdəki məhkəmə binası qarşısında müsahibə verir.
Araşdırmaçı jurnalist Bolot Temirov Bişkekdəki məhkəmə binası qarşısında müsahibə verir.

Sarsıdıcı müsahibə

R.Japarov və dostları "Temirov Live"ın bir neçə araşdırmasının mövzusu olub. Onların böyüməkdə olan biznes karyerası ötən ilin sentyabrında "Kloop Media" müstəqil qurumu ilə OCCRP-nin birgə araşdırma layihəsinin də diqqətini çəkib.

S.Japarov deyib ki, bunların heç biri dövlət işlərinə müdaxiləni nəzərdə tutmur.

Prezident daha bir önəmli məsələyə münasibət bildirməkdən yayınıb. Söhbət Temirovun bir qazax işadamından aldığı sarsıdıcı müsahibədən gedir. Müsahibədə qazax işadamı "Phillip Morris" şirkətinin IQOS tütün məhsullarını idxal və ixrac etmək hüququ müqabilində S.Japarovun qardaşı və qardaşı oğluna hər ay on minlərlə dollar rüşvət verməyə məcbur edildiyini söyləyib.

İşadamı son nəticədə bu biznesdən tam sıxışdırılıb çıxarıldığını və başqa ölkələr vasitəsilə idxal etməyə məcbur olduğunu deyib.

Belə etiraflar hökumətin uzun zamandan bəri Qırğızıstanda rüşvətxorluq yuvası kimi tanınan Gömrük Xidmətini təmizlədiyi haqda iddialarına ziddir.

AzadlıqRadiosu Qazaxıstanda Temirovun müsahibə aldığı şəxsi tanıyan və onun bu sahədə işlədiyini təsdiqləyən bir neçə nəfərlə danışıb.

Milli təhlükəsizlik qurumunun rəhbəri K.Taşiyev çox zaman prezidentlə birlikdə hakim tandemin digər yarısı sayılır.

2022-ci ilin yanvarında "Temirov Live" Taşiyev ailəsinin ölkənin cənubunda dövlətə məxsus neftayırma zavodunu faktiki ələ keçirməsinə dair araşdırmasını yayıb. Elə təxminən həmin vaxt qrup və onun rəhbərinin ciddi problemləri başlanıb.

2022-ci ilin yanvarında "Temirov Live"ın ofisinə silahlı reyd təşkil edilib. Bunun ardınca Temirova qarşı narkotik maddə saxlama ittihamı irəli sürülüb. Bu, cəmiyyətdə etiraz doğurduğundan məhkəmə həmin ittihama xitam verib, üstəlik, onu saxlayan təhlükəsizlik qüvvələrinə də elə davranışa görə töhmət verib.

Ancaq həmin il başqa bir Bişkek məhkəməsi Temirovu öz qırğız pasportunu saxtalaşdırmaqda suçlayıb və Temirov qəribə bir şəkildə Rusiyaya deportasiya edilib. Həm də Rusiya vətəndaşı olan Temirov indi Avropada yaşayır.

Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev və prezident Sadır Japarov
Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev və prezident Sadır Japarov

İrəli, yəni 50 pillə geriyə

Onun ilk həbsindən sonra "Sərhədsiz Reportyorlar" təşkilatının Dünya Mətbuat Azadlığı İndeksində Qırğızıstan 50 pillə geriləyib.

Bu müddət ərzində dövlət orqanları çox sayda media qurumlarına hücum edib. Bura bir neçə ay ərzində bloklanan AzadlıqRadiosunun qırğız xidməti "Radio Azattık" da daxildir. "Kloop Media" bu gün də Qırğızıstanda bloklanmış durumdadır. Onun bu ölkədəki qanuni qeydiyyatı zorla ləğv edilib.

Bundan başqa, Japarov aprel ayında rusiyasayağı "xarici agent" qanununu imzalayıb. Bu qanun xaricdən maliyyə alan hər hansı media qurumunun işini get-gedə daha da çətinləşdirmək məqsədi daşıyır.

Çoxlarının fikrincə, Japarovun hakimiyyəti dövründə Qırğızıstanın "ailə-tayfa hakimiyyəti"nə (onun özü bunu belə adlandırır) qayıtmasını Temirovdan daha çox ifşa edən başqa bir jurnalist olmayıb.

Elə təkcə bu səbəbdən o öz həyatı üçün qorxmaqda haqlı sayıla bilər.

XS
SM
MD
LG