Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Gülnara Karimovanın Britaniyadakı əmlakı müsadirə olundu


Özbəkistanın keçmiş prezidenti İslam Karimovun qızı Gülnara Karimova
Özbəkistanın keçmiş prezidenti İslam Karimovun qızı Gülnara Karimova

Britaniyanın Ciddi Dələduzluğa qarşı Mübarizə İdarəsi (Serious Fraud Office, SFO) bu ölkədə Özbəkistanın keçmiş prezidenti İslam Karimovun qızı Gülnara Karimovaya məxsus üç elit mülkü müsadirə edib.

Bu barədə məlumatı SFO-ya istinadla Özbəkistan mediaları yayıb.

Söhbət Londonun prestijli Belqraviya rayonunda iki mənzildən və Surrey qraflığındakı malikanədən gedir.

SFO bildirir ki, bu daşınmaz əmlakı Gülnara Karimova və onun ailəsi Özbəkistanda korrupsiya fəaliyyətindən əldə olunmuş vəsaitlə alıb:

“SFO bəyan edir ki, Karimova 2004-2012-ci illərdə telekommunikasiya şirkətlərinə Özbəkistan bazarına giriş verilməsi müqabilində onlardan milyonlarla dollar rüşvət alıb”.

SFO Karimovanın Britaniyadakı aktivlərinin müsadirəsi üçün 2018-ci ildə məhkəməyə müraciət etmişdi.

Qurumun verdiyi məlumata görə Britaniya Ali Məhkəməsi bu iddianı avqustun 8-də təmin edib.

Müsadirə olunan əmlakın ümumi dəyərinin 20 milyon funt sterlinq (25.5 milyon dollar) olduğu bildirilir.

Uzun cəza

Gülnara Karimova 2019-cu ildən cəzasını Daşkənd vilayətindəki 21 nömrəli Zəngiyat qadın koloniyasında çəkir.

SFO-nun rəhbəri Liza Osofski deyib:

"Biz çoxsaylı ofşor hesablar və şirkətlərdən ibarət mürəkkəb maliyyə düyününü aça bilmişik”.

Gülnara Karimovaya qarşı Özbəkistanda 2013-cü ildə oğurluq və vergidən yayınma ittihamları ilə iki cinayət işi açılmışdı.

Ona 2015-ci ildə birinci iş üzrə 5, 2017-ci ildə ikinci iş üzrə 10 il iş kəsilmişdi.

Bunun ardınca cəza 5 illik məhdudiyyətlə əvəzlənmişdi.

2020-ci ilin martında Özbəkistan Ali Məhkəməsi bildirmişdi ki, Karimova cinayətkar qrupun təşkilində, dələduzluqda, oğurluqda və başqa cinayətlərdə ittiham olunaraq 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Daşkəndin pulları qaytarmaq cəhdləri

İsveçrə, Fransa, ABŞ və başqa ölkələrdə Gülnara Karimovaya məxsus aktivlərin ümumi dəyəri 1.4 milyard dollar olaraq təxmin edilir.

Özbəkistan hökuməti bu vəsaitin bir hissəsini ölkəyə qaytarmağa çalışır.

Məsələn 2020 və 2021-ci illərdə Özbəkistan Fransada kondominiumun və 1815-ci ildə tikilmiş Château de Groussay qəsrinin satışından əldə olunmuş 20 milyon dolları ölkəyə qaytara bilib.

Ötən ilin sentyabrında Rusiya məhkəməsi Gülnara Karimovaya məxsus 6 Moskva mənzilini müsadirə edib.

Daşkənd və Moskva arasında razılaşmaya əsasən bu evlərin satışından əldə olunan pullar iki ölkə arasında yarı bölünəcək.

XS
SM
MD
LG