Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:29

Qaz idarəsinin şöbə rəisinin düyünə düşmüş ölüm işi


Rac Xəlilov
Rac Xəlilov

«Dedilər, hadisə baş verən yerdəki müşahidə kameralarının yaddaşları silinib. Bu azmış kimi, hadisənin şahidləri gizlədildi, əvəzinə Gəncə polis idarəsinin polis əməkdaşları şahid kimi dindirildi. Bir sözlə, oğlumun qanı göz görə-görə batırılır».

Goranboyun Aşağı Ağca kəndində məskunlaşan Kəlbəcər köçkün ailəsi yasa batıb. Ailə başçısı Xəlil Xəlilov AzadlıqRadiosuna 37 yaşlı oğlu Rac Xəlilovun faciəsindən və cinayətin, özü demiş, ört-basdır edilməsindən danışır.

«İŞİ ƏLAVƏ BİR HƏFTƏ ÖZÜNDƏ NİYƏ SAXLASIN Kİ?»

Rac Xəlilov Gəncə Şəhər Regional Qaz İstismar Sahəsində icraya nəzarət şöbəsinin rəisi işləyib. Bu il noyabrın 28-də saat 18:00 radələrində işdən evə dönərkən Gəncə şəhəri, Xətai küçəsindəki 5-zolaqlı yolda işıqforun qırmızı işığı yanarkən piyada zolağını keçəndə avtomobil vurub. Racı xəstəxanaya götürmək istəsələr də, yoldaca keçinib. Ata deyir, bu hadisəni «bir qəzadır, başımıza gəldi» kimi düşünüb ovuna bilərdi. Ancaq istintaq orqanının hadisəni ört-basdır etmək cəhdləri ailəni qəzəbləndirib:

Buna da bax-Pirşağı sakini: 'Mən səs-küy salanda BMW-yə minib uzaqlaşdılar'

«Noyabrın 28-də hadisə baş verib, dekabrın 3-də müstəntiq Vəli Zeynalov sərəncama çıxıb, ancaq nədənsə, cinayət işini başqa müstəntiqə dekabrın 9-da təhvil-təslim edib. Sual olunur, sərəncama gedən müstəntiq işi əlavə 1 həftə özündə niyə saxlasın ki? Nə marağı vardı? Cavab da uzaqda deyil. Adam hadisə yerindəki müşahidə kameralarının yaddaşından hadisəni silib. Gah deyir, kameralar işləməyib, gah deyir, yaddaş silinib. Əgər 5-zolaqlı yolda piyadanın vurulması səhnəsi kameradan silinəcəksə, yaxud o boyda yerdə kameralar işləmirsə, o zaman o kameraları nəyə görə orda quraşdırıblar? O kameraların yaddaşından yalnız özlərinə lazım olanda istifadə edirlər».

Qeyd olunduğu kimi, hadisə saat 18 radələrində – işdən qayıdan insanların və maşınların küçələrdə sıx olduğu bir vaxtda baş verib. Atanın deməsinə görə, nədənsə, müstəntiq hadisəni görən şahid «tapmayıb», buna görə də sonradan hadisə yerinə gəlmiş polis əməkdaşlarını şahid kimi dindirib. Bu da Xəlilovların etirazına səbəb olub.

AÇIQ QALAN SUALLAR

Ata başqa məsələlərdən də danışır:

«Sürücünün ad-familiyasını bizdən gizlədirlər. Halbuki, zərərçəkmiş kimi bu məlumatları almaq hüququmuz var. Üstəlik, sürücü içkili olub, ancaq sənədləşdirəndə bunu qeyd etməyiblər. Guya ekspertizadan təmiz çıxıb. Üstəlik, qırmızı işıqda əyləci basmayıb, yəni heç maşını saxlamağa, hadisənin qarşısını almağa cəhd də göstərməyib. Müstəntiq yenə də bütün bunları sənədə salmayıb».

Buna da bax-'Polisdə qohumun varsa, adam bıçaqlaya bilərsən'

Rac Xəlilovun ölüm işi üzrə istintaqı Gəncə şəhər Polis İdarəsinin İstintaq şöbəsi aparır. İdarədən «Qaynar xətt»ə bildirilib ki, Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə başlanmış cinayət işinin istintaqı hazırda müstəntiq Fərid Məmmədovun icraatındadır. İstintaq davam etdiyindən idarədən ətraflı heç bir bilgi verilməyəcəyini söylədilər. Yalnız bildirilib ki, vətəndaşın hazırda sərəncamda olan müstəntiqin istintaq zamanı fəaliyyəti ilə bağlı narazılığı və şikayəti varsa, daxili işlər nazirinə və Baş Prokurorluğa müraciət edə bilər.

Xəlil Xəlilov deyir, daxili işlər nazirinə müraciət edib və yaxın günlərdə nazirin qəbuluna düşməyə cəhd edəcək.

DİN TƏKZİB EDİR

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna göndərdiyi açıqlamada Xəlil Xəlilovun iddialarını həqiqətdən uzaq adlandırır. Açıqlamada deyilir ki, bu il noyabrın 28-də saat 18 radələrində Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində şəhər sakini Elşən Abbasəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu piyada keçən Rac Xəlilovu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. R.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb. Yazıda sürücünün guya ad və soyadının mərhumun yaxınlarından gizlədilməsi barədə iddiaya gəlincə, DİN rəsmisi bildirir ki, noyabrın 28-də qurumun saytının "Kriminal xronika" bölümündə bu barədə məlumat yerləşdirilib.

“Noyabrın 28-də Elşən Abbasəliyev həmin cinayət işi üzrə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə şübhəli şəxs qismində tutulub. İki gün sonra təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Sürücünün sərxoş olub-olmaması barədə digər prosessual hərəkətlər kimi, tibbi müayinə də keçirilib. Yazıda səslənmiş iddiaların əksinə olaraq, müayinə nəticəsində E.Abbasəliyevin sərxoş olmadığı müəyyənləşdirilib. Hazırda istintaq davam etdirilir və Xəlilovların istintaqın gedişindən narazı qalmaları üçün, zənnimcə, heç bir əsas yoxdur”, – O.Mansurzadə bildirir.

XS
SM
MD
LG