Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:49

Saxta AXCP arayışlarıyla bağlı məhkəmədə ortaya çıxanlar


R.Hacılı
R.Hacılı

"Azərbaycan Avropa Hərəkatı"nın həbsdəki rəhbəri Ramin Hacılıyla bağlı cinayət işində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) adından saxta arayışların verilməsindən söhbət gedir. İyulun 6-da R.Hacılının məhkəməsində dindirilən bir sıra şəxs də təsdiqləyib ki, xarici ölkələrdə daimi yaşayış hüququ əldə etməkdən ötrü toplanan sənədlər paketində həmin arayış da olub. Onlar xaricə getməyə dəstək üçün (viza almaq, məsləhətləşmək və s. üçün) R.Hacılının rəhbərlik etdiyi şirkətə üz tutduqlarını, bəlli ödəniş qarşılığında bütün sənədlərin orada hazırlandığını deyiblər.

"Əslində… heç bir partiyanın üzvü deyil"

Elnur Qəmbərovun sözlərinə görə, Almaniyaya getməkdən ötrü sənədlərin hazırlanması üçün R.Hacılıya 4500 manat verib. Sənədlər arasında AXCP üzvü olmasına dair arayış olsa da, gerçəkdə heç bir partiyanın üzvü deyil.

Övladının xəstə olduğunu, nə yolla olursa, Almaniyaya getmək məcburiyyətində qaldığını deyən E.Qəmbərov sonradan vətənə qayıdıb.

Onun qayınatası Nazim Osmanov da məhkəmədə dindirilib. O, digər kürəkəni Anar Abdullayevin də R.Hacılı vasitəsilə xarici ölkəyə getdiyini deyib: "Onun üçün hazırlanan sənədlərin də içində AXCP arayışı vardı. Əslində, kürəkənim heç bir partiyanın üzvü deyil. O, sənədlərinin hazırlanması üçün, hər şey daxil, 6 min manat vermişdi".

"Bəlkə də, ofisindən kimsə vermişdi"

Bir başqa ölkəyə - ABŞ-a getməkdən ötrü R.Hacılıya üz tutanlardan biri də Rövşən Muradovdur. Söylədiyinə görə, nə özünün bank hesabında pulu, nə də rəsmi iş yeri olub. Ancaq R.Hacılıya verdiyi 1000 manat müqabilində o və işçiləri bu məsələləri yoluna qoyub: "Amerikada qalası olsaydım, mənim üçün də AXCP-dən dəstək məktubu vardı. Amma qalmadım, qayıdıb gəldim deyə, lazım olmadı. Mənə o sənədi Ramin özü verməmişdi. Bəlkə də, ofisdən kimsə vermişdi...".

Dələduzluq, saxta sənəd hazırlama və başqa əməllərdə suçlanan R.Hacılı AXCP adından saxta sənəd hazırlanıb, müxtəlif şəxslərə verilməsinə dair ittihamla razılaşmır və bu işin ondan xəbərsiz görüldüyünü iddia edir: "O arayışları mən verməmişəm, ofisdən alınıbsa da, mənim xəbərim yoxdur. Bizə verilən pulun qarşılığında səfirliyə təqdim edilən sənədlər hazırlanırdı. Viza üçün səfirliyə təqdim edilən sənədlərdə partiya məktubu olmur. Hər şey ortaya çıxacaq, mən həbsdə olanda işçilərimin nələr elədiyi bilinəcək".

"İki ay içində 30 kiloqram çəki itirib"

R.Hacılının vəkili Rəşad Əliyev onun tibbi ekspertizadan keçirilməsini istəyir. Məhkəmədə bu barədə vəsatət qaldıran vəkil deyir ki, R.Hacılının onkoloji xəstəliyə tutulmasından şübhələnirlər: "Bu adam iki ay içində 30 kiloqram çəki itirib". Hakimlər bu vəsatəti rədd ediblər.

Araşdırmalar iyulun 13-də davam edəcək.

R.Hacılı mütəşəkkil dəstə tərkibində dələduzluq, qanunsuz miqrasiyanın təşkili, saxta sənəd hazırlama və ondan istifadə kimi əməllərdə ittiham olunur. Ancaq o özünü təqsirli bilmir, yalnız saxta sənədlərlə bağlı ittihamı qəbul edir. R.Hacılı dolanışığını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərdiyini söyləyir və bildirir ki, xaricə səyahət etmək üçün şirkətə üz tutanların bir çoxunun rəsmi iş yeri olmayıb, o da tanışlarından xahiş edib ki, həmin şəxsləri rəhbərlik etdikləri qurumlarda qeydiyyata alıb, arayış versinlər.

Əvvəllər "Dalğa" Gənclər Hərəkatının sədri olan R.Hacılı sonradan bir müddət Demokratik İslahatlar və Ümid partiyalarında təmsil edilib.

O, 2017-ci ildə ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə suçlanaraq cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə hökmüylə ona şərti cəza verilib. 2018-ci ildə sərhədi qanunsuz yolla keçməyə cəhddə suçlanaraq yenidən saxlanılıb. R.Hacılı borcları olduğundan xaricdə işləmək və borclarını qaytarmaq üçün sərhədi qanunsuz keçməyə çalışdığını söyləmiş, üzərində şərti cəza olduğundan qanuni yolla ölkədən çıxa bilmədiyini vurğulamışdı.

XS
SM
MD
LG