Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:31

Raşid Beqlaryana 15 il həbs cəzası kəsilib


Raşid Beqlaryan
Raşid Beqlaryan

Xocalıda azərbaycanlıların kütləvi qətlində, Xankəndidə uşaq xəstəxanasında saxlanılan əsirlərə işgəncə verməkdə suçlanan Raşid Beqlaryanın 3 ay sürən məhkəməsi iyulun 12-də yekunlaşıb. Soyqırımı, müharibə qanunlarını pozma, Azərbaycan sərhədini qanunsuz keçmə və s. ittihamlarla ona 15 il həbs cəzası kəsilib. Hökmə əsasən, bu cəzanın ilk 5 ili qapalı həbsxana rejimində, qalanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir.

Hökmü Füzuli Hərbi Məhkəməsinin hakimləri çıxarsa da, məhkəmə Bakıda - Sabunçu rayon Məhkəməsinin binasında aparılıb.

Hökmdən öncə prokuror R.Beqlaryana 17 il cəza verilməsini təklif edib. Zərərçəkmiş qismində dindirilən üç nəfər - Pənah İsgəndərov, Zahid Həsənov və Əkbər Hüseynov prokurorun təklifi ilə razılaşmayaraq müttəhimə ömürlük cəza verilməsini tələb ediblər.

Daha sonra məhkəmədə son sözünü deyən 62 yaşlı R.Beqlaryan qətliama qatılmadığını, orduda yalnız sürücü kimi xidmət etdiyini söyləyib. O vurğulayıb ki, 90-cı illərin əvvəllərindəki müharibə zamanı, başqaları kimi, onu da orduya apardıqlarından əmrə tabe olub. Son sözündə məhkəmədən ona yüngül cəza verilməsini istəyib.

Raşid Beqlaryan
Raşid Beqlaryan

"Olanların hamısını mənə dostum danışıb"

İstintaqdakı ifadələrində Xocalı faciəsinin törədilməsində, azərbaycanlıların kütləvi qətlində iştirakını boynuna alsa da, ötən məhkəmə iclasında ifadə verərkən o bunu təkzib edib. Xocalıda baş verənləri Əsgəran bölüyünün döyüşçüsü, dostu Seqo Doluxanyandan eşitdiyini deyib: "Olanların hamısını mənə dostum danışıb. Mən həmin vaxt sürücü işləyirdim, ərzaq daşıyırdım".

Cinayət işinin materiallarında sübutlardan biri "Beqlaryanın döyüş yolu" adlı qeydlərdir. Amma o, məhkəməyə ifadəsində orada yazılanları da təkzib edərək pensiya almaqdan ötrü müharibədəki xidmətləri barədə şişirilmiş bilgilər yaydığını söyləyib.

R.Beqlaryan ötən il avqustun 1-də Azərbaycan-Ermənistan sərhədində - Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində saxlanılıb. Onun dövlət sərhədini pozduğu iddia edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 112-ci (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.1-ci (qanunsuz miqrasiyanın təşkili) maddələri ilə ittiham irəli sürülüb.

Ermənistan mediası R.Beqlaryanın sərxoş halda yaşadığı kəndi tərk etdiyini, azaraq Azərbaycan ərazisinə keçdiyini və həbs olunduğunu yazıb.

XS
SM
MD
LG