Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 02:34

Rasim Quliyevə 6 il həbs istənildi


Rasim Quliyev
Rasim Quliyev

2001-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, o cümlədən 8 il Aparat rəhbəri olmuş Rasim Quliyevin 6 il azadlıqdan məhrum edilməsi istənilib. Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Quliyevin işi üzrə çıxış edən prokuror onun belə cəzalandırılmasını təklif edib.

Prokuror bildirib ki, Quliyevə verilən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və tikintiyə qanunsuz icazə vermə ittihamları məhkəmədə sübuta yetirilib. Dövlət ittihamçısının sözlərinə görə, paytaxtda tarixi-memarlıq abidəsi sayılan binanın sökülməsi və yerində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə sərəncamı imzalamaqla sabiq Aparat rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Dövlət ittihamçısı Quliyevə 6 il həbs cəzası verilməklə yanaşı, onun 3 il də vəzifə tutmaq hüququndan məhrum edilməsini istəyib.

Quliyev səlahiyyətinin olmadığını deyir

Dekabrın 16-da Quliyevin vəkilləri çıxış edəcək, daha sonra özü son sözünü deyəcək və məhkəmənin hökmü elan olunacaq.

Quliyev 2018-ci ilin mayında – Aparat rəhbəri olduğu dövrdə həm də icra başçısının müavini səlahiyyətini icra edən şəxs statusunda imzaladığı sərəncama görə mühakimə olunur. Söhbət Bakının mərkəzində - Dilarə Əliyeva-141 ünvanında tarixi-memarlıq abidəsi sayılan yaşayış binasının sökülməsi və yerində çoxmərtəbəli binanın tikilməsi üçün "FF-2011" şirkətinə icazə verilməsindən gedir.

Quliyev isə deyir ki, əslində, həmin vaxt faktiki onun rəsmən müavin səlahiyyətləri olmayıb. Çünki Hacıbala Abutalıbov 2017-ci ilin sentyabrında Prezident Administrasiyasının razılığı olmadan onu müavin təyin edib. Bir müddət sonra Prezident Administrasiyasının ovaxtkı rəhbəri Ramiz Mehdiyev Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərib ki, Quliyev müavin səlahiyyətlərini icra edə bilməz.

O həmçinin bildirir ki, "FF-2011" şirkətinə sözügedən söküntü və tikinti işlərinin icrası üçün şəxsən Hacıbala Abutalıbovun özünün bir neçə icazə sərəncamı olub.

Xatırlatma

50-yaşlı Rasim Quliyev 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətində çalışıb. Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib. O, icra hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri təyin edilib. 2018-ci ilin noyabrında Eldar Əzizov icra başçısı vəzifəsinə təsdiqlənəndən az sonra Quliyev, ümumiyyətlə, bu qurumdan işdən çıxarılıb.

Bakı Şəhər İcra Hakimiyyətindəki fəaliyyətindən öncə - 2000-ci ildə parlament seçkiləri zamanı Quliyev 29 saylı Səbail Dairə Seçki Komissiyasının sədri olub.

2019-cu ildə icra hakimiyyətindən uzaqlaşdırılandan sonra həmin ilin aprelindən YAP Mərkəzi Aparatında işə təyin olunub.

XS
SM
MD
LG