Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:41

Rəsmlər 'Tarqovı'ya qayıtdı... Amma xərci var


►"Üç-beş rəsm əvvəlkinin yerini vermir. Onda adamlara ləzzət eləyirdi."

2010-cu ildə rəssamlar Bakının el arasında "Tarqovı" adlandırılan Nizami küçəsindəki “passaj” deyilən ərazidən uzaqlaşdırılandan buranın qələbəliyi, özünəməxsusluğu da yoxa çıxdı.

Bu küçədə satılan rəsm əsərləri, suvenirlər mağazalara çəkildi. O zaman Bakı şəhər icra hakimiyyəti passajı qanunsuz küçə ticarəti saydığından yığışdırmışdı.

Düz altı il sonra Mədəniyyət və Turizm Nazirliyi rəsm əsərlərini yenidən Nizami küçəsinə qaytarıb.

Rəsm əsərləri səliqə ilə bir neçə yerə qoyulub. Şəkillərə baxanlar var, ancaq əvvəlki qələbəlik yoxdur. Həm də satılan təkcə rəsmlərdir. Suvenirlər, kitablar, başqa hədiyyəlik əşyalar satılmır.

Buna da bax: Azərbaycanlı rəssamın əsəri Yaponiyada 50 min dollara satılıb

“Nostalji hissləri oyadan heç nə qalmayıb”

Rəsmlərə baxanlardan biri, Bakı sakini Mirvari Kərimovanın da diqqətini əvvəlki hay-küyün, tamaşaçı bolluğunun olmaması çəkib:

“Boşluqdur. Əvvəllər rəsmlərdən başqa da nələrsə satılırdı, baxmağa çox şey vardı. İndi elə deyil. Onda daha yaxşıydı”.

Elə yoldan keçənlər də deyir ki, burası daha onları ayaq saxlamağa məcbur eləmir:

Bakı sakinləri rəsm əsərlərinin Nizami küçəsinə qaytarılması haqqında
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00
Direct-ə keçid

– Düzdür, rəsmlərin olması yaxşıdır. Ancaq şəxsən mən burda bir boşluq gördüm, adam ayaq saxlaya bilmir.

– Üç-beş rəsm əvvəlkinin yerini vermir. Onda adamlara ləzzət eləyirdi.

– Təəssüf ki, artıq Bakıda nostalji hissləri oyadan heç nə qalmayıb. Başqa nə deyim?

– Bu cür yerlər tək satış üçün deyil ki, həm də estetika yaymalıdır.

Nazirlik: “Rəssamlara bütün şərait yaradılıb”

Mədəniyyət və Turizm Nazirliynin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxməmmədov AzadlıqRadiosuna bildirir ki, rəsm əsərlərinin Nizami küçəsinə qaytarılması ölkədə turizmin inkişafı ilə bağlıdır:

Vüqar Şıxməmmədov bildirir ki, rəsm əsərlərinin Nizami küçəsinə qaytarılması ölkədə turizmin inkişafı ilə bağlıdır
Gözlə

No media source currently available

0:00 0:00:09 0:00

“Orda rəssamlara tam şərait yaradılıb. Rəsmlərini bu küçədə sərgiləmək arzusunda olan başqa rəssamlar da nazirliyə müraciət edə bilərlər”.

V.Şıxməmmədov deyir, hələ layihə təzədir. Gələcəkdə öncəki kimi, başqa əşyaların da satışı bərpa oluna bilər.

Satışın 80 faiz rəssamlara ödənir, 20 faizi isə...

Meydançada tək-tük rəssam gözə dəyir. Ən bahalı rəsm əsəri 500 manatdır. Əsərlərin satışı ilə rəssamlar özü məşğul olmur. Özünü Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı kimi təqdim edən Əli Nuruzadə bildirir ki, satışı o həyata keçirir:

“Burda 80-dən çox rəssamın 250-dən artıq işi sərgilənir. Əsasən, sulu boya, portret, akvarel, rəngkarlıq işləridir. Düzü, satış zəifdir. Qiymətlər 15 manatdan 300-500 manata qədərdir. Rəssamlar əsərlərini bizə verir, bizdə burda satışa qoyuruq. Hər şəklə rəssam özü qiymət qoyur. Satışın 80 faizi rəssamlara ödənir. Bu da görülən işlərə görədir. İşçilərin maaşı var, bu əsərlər hər gün açılır, yığılır, nəzarət edilir, sudan, yağışdan, oğurluq hallarından qorunur”.

“Müştəri olmayanda, neynəyəsən?”

– Portreti neçəyə çəkirsiniz?

– 30 manata. 25, 20 manata da çəkirəm. Əslində, çəkdiyim qiymətli şeydir, özüm ucuz çəkirəm. Kağızı tona salıram. Qədim rəssamların üsuludur.

Bu dialoq sadə kağız üzərində portretini çəkdirmək istəyən müştəriylə rəssam arasında gedir. Rəssam Rakif İsmayılov ayaq saxlayanlardan portret sifarişi götürür. Elə orda da çəkir:

Rakif İsmayılov: Özümüz ucuz satırıq
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

“Burda işləməyə sərbəstlik var. Naturadan portretlər çəkirəm. Əsas xaricilər çəkdirir. Onlarda rəsm mədəniyyəti inkişaf edib. Bizimkilərdən sifariş az olur. Biz də öyrəşmişik ki, pulu aparıb kababa, arağa verək. Müştəri olanda olur, olmayanda olmur, neynəyəsən? Məsələn, dünən heç olmadı. Rəssamların dolanışığı yaxşı deyil. Gecə-gündüz işləyirəm, nə uğurum varsa, işləməyin hesabınadır”.

Müştəri bir az fikirləşəndən sonra şəkil çəkdirmək fikrindən daşınır.

Buna da bax: Azərbaycan rəssamı Vatikandan qraf titulu aldı

Rəsmin göstərilməsi yaxşıdır, pul alınması...

Vaxtilə köhnə passajda rəsmlərini satmış Elxan Əvəzov deyir, o da yeni qurulan passajla maraqlanıb. Biləndə ki, rəssamlardan satılan hər işə görə pul alınır, fikrindən daşınıb:

“O vaxtı orda nə qədər adam ailəsini saxlayırdı. Təzədən qayıtmağı lazım bilmirəm”.

Rəssam deyir, passaj rəssamlara əsərlərini göstərməyə, satmağa yaxşı imkandır. Ancaq buna görə onlardan pul alınmasını düzgün saymır.

Xərci var...

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov AzadlıqRadiosuna bildirdi ki, həmin rüsum müəyyən xərclərə görə tutulur:

“Ora tamamilə rəssamlara verilib. Ancaq müəyyən xərclər var. Bu xərclərə ərazinin saxlanması, təmizlənməsi də daxildir. Külək var, yağış var, əsərlərin çərçivələri xarab olur. Bəzən xaricilər əsərləri alanda onların ölkədən çıxarılması üçün təcili sertifikatlar tələb olunur. Əgər həftəyə, məsələn, 100 manatlıq əsər satılırsa, qalereyaya 20 manat çatır. Əslində, bu vəsait oranın təmizliyinə, sertifikatların alınmasına yetmir. Bu məkan təzə işə düşüb deyə, həmin qaydalar qoyulub. Məkan tam fəaliyyətə başlayandan sonra, ola bilsin, o xərclər başqa mənbələrdən ödənilsin”.

“Endirimlər edə bilərlər”

Sənətşünas Ziyadxan Əliyev də rəsm əsərlərinin Nizami küçəsinə qayıtmasını yaxşı xəbər sayır. Rəssamlardan alınan məbləğə gəldikdə, sənətşünas gələcəkdə bu məsələnin rəssamların xeyrinə nəzərə alınmalı olduğunu söyləyir:

Ziyadxan Əliyev: Bu başlanğıcdır
Gözlə

No media source currently available

0:00 0:00:13 0:00

“Hələlik başlanğıcdı, bu məsələyə baxıla bilər. Yəqin ki, gələcəkdə rəssamlara müəyyən endirimlər edə bilərlər”.

Rəssam Elxan Əvəzov da 20 faizlik məbləğ ləğv olunarsa, yenidən əsərlərini passaja çıxarmaq haqda düşünə biləcəyini vurğulayır.

Yaxın vaxtlarda passajda bölgələrdən olan sənətkarların da əl işlərinin sərgilənməsi planlaşdırılır.

XS
SM
MD
LG