Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:46

Robot sizi işdən çıxara bilərmi


ABŞ-da işçilərin 1/3-ə qədəri işini dəyişməli olacaq.
ABŞ-da işçilərin 1/3-ə qədəri işini dəyişməli olacaq.

Sürətli texnoloji inkişaf nəticəsində maşınlar günü-gündən daha çox işin öhdəsindən gəlməyə başlayır. ABŞ-ın «The Week» jurnalı yazır ki, bu gün hətta hüquq şirkətləri belə müqavilələrin təhlilini aparmaq, məhkəmə strategiyası qurmaq üçün süni zəkadan istifadə edir. McDonald's sürücülərdən sifariş qəbul edən işçiləri süni zəka, kassirləri isə xüsusi aparatlarla əvəz edir. Walmart yük maşınlarının boşaldılmasını avtomatlaşdırır. Kaliforniyadakı fermalar isə kahını robotlara yığdırır.

«1990 – 2007-ci illər arasında robotlar ABŞ-da 670 minədək iş yerində, xüsusən də istehsalat sahələrində insanı əvəz edib. Yerli iqtisadiyyata daxil olan hər bir robot orta hesabla 6.2 iş yerini əvəz edib», – jurnal yazır. Mobil texnologiyalar, süni zəka, məlumatın ötürülməsi, kompüterlərin sürəti kimi sahələrdəki inkişaf yaxın 10 ildə bu trendin daha da artacağını gözləməyə əsas verir.

Yaradıcı düşüncə, sosial münasibətlər tələb edən peşələr

Oksford Universitetinin 2013-cü ildə apardığı araşdırma göstərib ki, avtomatlaşma yaxın 20 il ərzində ABŞ-da iş yerlərinin 47%-ni yüksək risk qarşısında qoyacaq. «McKinsey Global Institute» da 2017-ci ildə oxşar nəticəyə gəlib: 2030-cu ilədək robotlar 16 – 54 milyon arasında amerikalını işsiz qoyacaq. ABŞ-da işçilərin 1/3-ə qədəri işini dəyişməli olacaq.

Mütəxəssislər deyirlər ki, təkrarlanan hərəkətlər tələb edən fiziki işlər ən böyük risk altındadır. Çində artıq bəzi restoranlar yeməkpaylayanları robotlarla əvəzləyib. Floridanın Palm-Biç məhkəməsi isə məhkəmə şikayətlərini robotlara oxutmağa başlayıb. Məhkəmənin işlətdiyi dörd robot bundan başqa formaları doldurur və məlumatları ümumi sistemə daxil edir. Hətta aşpazların belə işinin 91%-nin mövcud texnologiyalarla əvəzlənməsinin mümkün olduğu bildirilir. Tikinti və əyləncə sahələrində bəzi peşələrin 100% robotlara təhvil veriləcəyi deyilir.

İnsanların idarə olunması, yaradıcı düşüncə və sosial münasibətlər tələb edən peşələrsə daha az risk qarşısındadır. Buna baxmayaraq, müəyyən qədər risk var. «The Guardian Australia» qəzeti bu il başdan-ayağa kompüter tərəfindən yazılmış məqalə dərc edib. Hindistanın «Myntra» elektron ticarət saytının ən çox satılan maykalarını əvvəlki dizaynları təhlil edən iki alqoritm dizayn edib.

«Robot apokalipsisi»

Futuroloq Martin Ford-un sözlərinə görə, avtomatlaşma artan sürətlə inkişaf edir. O deyir ki, bu sürətin qarşısında iqtisadiyyat yeni işçilər formalaşdırmağa vaxt tapmayacaq və on milyonlarla işsiz qalmış insanın hamısı özünə yeni iş tapa bilməyəcək. Bəzi hesablamalara görə, ABŞ-da avtonom nəqliyyat vasitələrinin geniş istifadəsinə 10 ildən də az vaxt qalıb. Bu gün 3.5 milyon amerikalı hələ də yük maşını sürür. Ford qeyd edir ki, hətta 2000-ci ildən bəri maliyyə mərkəzi sayılan Uoll- Stritdə maliyyəçilərin sayı 50 mindən 2 minə enib. Bu, bugünkü kompüterlərin saniyənin 1/10-i qədər vaxt ərzində 100 min tranzaksiya həyata keçirə bilməsi ilə bağlıdır.

Jurnal yazır ki, radioloqlar da işlərini itirə bilərlər. Çünki maşınlar artıq tibbi təsvirləri də təhlil edə biləcək.

«Robot apokalipsisi» ilə bağlı çoxlu qara proqnoz var. Gələcəyi «Aclıq oyunları» filmindəki kimi qara, miskin, intiharlar, depressiya və narkotik asılılığı və yoxsulluq içində görənlər də var. Elon Musk və Mark Zuckerberg hesab edir ki, hökumətlər hər bir vətəndaşa standart baza maaşı təyin etməyə məcbur olacaq.

Ancaq «Forrester Research» bazar araşdırmaları şirkətinin proqnozuna görə, 2019-cu ildə amerikalıların 10%-i avtomatlaşmaya görə işini itirsə də, süni zəkanın bütün bəşəriyyəti daimi məzuniyyətə göndərməsinə azı 100 il vaxt var.

XS
SM
MD
LG